Qiymətli kağızlar haqqında
Qiymətli kağızlar pul vəsaitlərinin ekvivalentlərindən bididir. Aşağıdakılar da pul vəsaitlərinin ekvivalenti hesab olunur:
- qısamüddətli bank depozitləri və depozit sertifikatları;
- digər müəssisələrə təqdim edilən qısamüddətli borclar (qaytarılması 3 aydan çox olmayanlar).
Qiymətli kağız dedikdə müəyyən bir hüququ təsdiq edən sənəd nəzərdə tutulur. Bu elə bir hüquqdur ki, həmin sənəd olmasa həyata keçirilə bilməz və başqasına da həmin hüquq ötürülə bilməz. Pul vəsaitlərinin ekvivalentlərinin bu növləri sərbəst formada deyil, qanunla müəyyən edilmiş rekvizitlərə malik olaraq hazırlanır.
Qiymətli kağızlar bazarı və fond birjaları mühüm maliyyələşmə mənbələri hesab edilirlər. Vəsaitin qiymətli kağızlara qoyulması, kapitalın artırılması üçün əlverişli şərait yaratmaqla etibarlı dividend gətirir və müştərini inflyasiya riskindən qoruyur.
Pul vəsaitlərinin ekvivalentlərinin bu növləri bir sıra əlamətlərə malikdirlər:
- kapitala mülkiyyət hüququnu təsdiq edə bilər;
- borc münasibətlərini əks etdirə bilər;
- dividend almaq hüququ verə bilər;
- səhmdar cəmiyyətinin idarə edilməsində iştirak hüququ verə bilər;
- aid olduğu müəssisə ləğv edilərkən sahibinə onun əmlakına yiyələnmək hüququ verə bilər;
- kreditin təminatı kimi girov qoyula bilər.
Qiymətli kağızların ümumi xüsusiyyətləri
Qiymətli kağızlar müxtəlif növdə olsa da, onların bir sıra ümumi xüsusiyyətləri olur. Belə xüsusiyyətlərə aşağıdakıları qeyd etmək olar :
- seriyası, nömrəsi;
- mülki dövriyyəsinin mümkünlüyü, o cümlədən alınıb-satılması;
- eyni məğzə malik qiymətli kağızların standart məzmunda olması;
- girov qoyula bilinməsi, miras kimi keçməsi;
- ödəniş vasitəsi kimi çıxış edə bilməsi.
Qiymətli kağızların təsdiq etdiyi (verdiyi) hüquqlar, qiymətli kağızların məcburi rekvizitləri, qiymətli kağızların formasına olan tələblər, emissiya qaydaları, onların dövriyyəsinin digər parametrləri Azərbaycan Respublikası Mərkəzi Bankının “Qiymətli kağızların dövlət qeydiyyatı ilə bağlı təlimat” əsasında tənzimlənir. Qiymətli kağızların buraxılışının və emissiya prospektlərinin dövlət reyestrini AR MB aparır.
Dövlət tənzimlənməsində əsas məqsəd potensial investorların maraqları qanunla müdafiə etmək, onlar arasında haqsız rəqabəti aradan qaldırmaqdır.
Qiymətli kağızların dəyəri
Qiymətli kağızların 2 dəyərini fərqləndirə bilərik: qeydiyyata alınmış nominal qiyməti və bazar qiyməti.
Adətən qiymətli kağızların bazar dəyəri nominal dəyərindən kəskin fərqlənir. Çünki ortada brend, habelə şirkətlər bağlı gələcək risklər məsələsi var. Birinci bazar qiymətini qaldırsa da, ikinci amil dəyəri nominal dəyərdən aşağı sala bilər. Qiymətli kağızlar bazarının gəlirliliyin müxtəlif olma səbəblərindən biri də budur. Qiymətli kağızların gəlirliliyi dividend, faiz və digər formada ola bilər.
Pul vəsaitlərinin ekvivalentləri mühasibat üçün ona görə qısamüddətli və likvid aktiv hesab edilirlər ki, qısa vaxt ərzində alqı–satqı vasitəsilə pul vəsaitlərinə çevrilə bilirlər.
Qiymətli kağızların etibarlılığı – onun gətirdiyi gəlirin sabit olması ilə əlaqədardır və bir çox amillərdən asılıdır.
Qiymətli kağızların növləri
“Qiymətli kağızlar və fond birjaları haqqında” Azərbaycan Respublikasının Qanunu istiqrazlarla yanaşı aşağıdakı pul vəsaitlərinin ekvivalentlərinin aşağıdakı növləri üzrə də tənzimləmələri həyata keçirir:
- səhmlər;
- əmanət sertifikatları.
Səhmlər üzrə əsas anlayışlar Qanunun II fəslində şərh olunub.
”Səhm səhmdar cəmiyyətlərinin nizamnamə fondlarına pay verildiyini təsdiqləyən və öz sahibinə səhmdar cəmiyyətlərinin mənfəətinin bir hissəsini dividend şəklində almaq və onların idarə olunmasında iştirak etmək (imtiyazlı səhm sahiblərindən başqa) hüququ verən qiymətli kağızdır.” (Maddə 4.1) |
Əmanət sertifikatları ilə əməliyyatlar Qanunun V fəsli əsasında tənzimlənir.
”Əmanət sertifikatları adlı olaraq və ya təqdim edən üçün verilir. Adlı sertifikatlar tədavüldə olmamalıdır, onların satılması (başqa üsulla özgəninkiləşdirilməsi) isə etibarsızdır. Təqdim edən üçün olan əmanət sertifikatları sərbəst satıla bilər və istənilən bank idarəsi (müəssisə və təşkilat tərəfindən) ödənişə qəbul edilə bilər. Adlı sertifikat öz sahibinin arzusu ilə təqdim edən üçün olan sertifikata dəyişdirilə bilər.” (Maddə 13.1) |
Veksellər üzrə əməliyyatların tənzimlənməsi “Azərbaycan Respublikasında veksellərin dövriyyəsi haqqında Əsasnamə” əsasında aparılır.
”Veksel -Qanunvericiliyə görə təsdiq olunmuş formada dəqiq tərtib olunmuş, öhdəliyin vaxtı bitdikdən sonra sahibinə (vekselsaxlayana) vekseldə göstərilmiş məbləğin vekselverəndən, borcludan və ya veksel məbləğini ödəməyi üzərinə götürən şəxsdən həmin məbləği şərtsiz tələb etmək hüququ verən, yazılı borc öhdəliyini əks etdirən qiymətli kağızdır.” (Əsasnamə, maddə 1.3) |
Qiymətli kağızların opsion, forvard, pul çeki (bank çeki) kimi digər növləri vardır.
225 saylı “Pul vəsaitlərinin ekvivalentləri” hesabı belə aktivlərin uçotu üçün nəzərdə tutulub. Onların alınması 225 saylı hesabın debeti və 223 “Bank hesablaşma hesabları” hesabının (habelə digər maddi və sair qiymətlilər hesabları) kredetində əks etdirilir.
Satış isə 611 “Sair əməliyyat gəlirləri” hesabın debetində və 225 saylı hesabın kredeti üzrə əks olunur.