Qədim Yunanıstanda vergi siyasəti (IV hissə)

posted in: Xəbər | 0
birbank biznes

Qədim Yunanıstanda vergi siyasəti (IV hissə)

III hissəyə nəzər yetirin

Qədim Yunanıstanda vergi siyasətiBir çox tacirlər və torpaq sahibləri tam müflis vəziyyətinə salınmışdılar. Bəziləri sərvətlərinin qalanını xilas edərək Afinadan qaçırdılar.

Eramızdan əvvəl IV əsrdə Afinanın, polisin böhranda olduğunu göstərən iqtisadi və sosial həyatının xarakterik bir xüsusiyyəti ilk növbədə dövlətin hərbi ehtiyacları üçün demək olar ki, daimi pula ehtiyac duymasıdır. Bunun təzahürü kimi eysforodan getdikcə daha çox istifadə edilməsini göstərmək olar.

Eramızdan əvvəl IV əsrin mənbələri bu fövqəladə verginin xatırlanması, ümumi ehtiyaclar üçün həvəslə pul verən vətəndaşların ünvanına deyilən təriflər, bundan çəkinənlərin qınaqlara tuş gəlməsi və ödəyicilərin onlara qoyulan vergi yükünün ağırlığına dair şikayətləri ilə doludur. Eysfora, Afina dövlətində baş verən bütün mürəkkəb proseslərlə o qədər əlaqəlidir ki, tədqiqatçılardan biri bu vergini IV əsrdə Afina tarixinin əsas məsələsi adlandırmışdı.

Həqiqətən, eysfora ilə əlaqədar olaraq, bu dövr üçün xarakterik olan dövlət və özəl maraqlar, zəngin və kasıb afinalılar, metekalar və tamhüquqlu vətəndaşlar arasındakı ziddiyyətlər meydana çıxırdı.

Xalq yığıncaqlarında eysfora məsələsi müzakirə edilərkən, verginin bölüşdürülməsi və yığılması zamanı müxtəlif sosial qrupların mülkiyyət maraqları, qarşılıqlı narazılıqları, bəzən düşmənçilikləri toqquşmalar ilə özünü büruzə verirdi.

Əmlak differensiasiyasının inkişafı praktikada sosial bərabərsizliyin dərinləşməsinə gətirib çıxarmışdı. İndi bu, gündəlik həyatda məhz o dövrdə yaranan kəskin fərqləri nəzərə alaraq xüsusilə diqqəti cəlb edirdi: bəzilərinin hədsiz dəbdəbəsi, digərlərinin dilənçiliyini və səfalətini daha aydın vurğulayırdı.

Təbii ki, bütün bunlar polisdəki daxili tarazlığa, vətəndaş kollektivinin birliyinə acınacaqlı şəkildə təsir göstərməli idi. Eyni zamanda, vəziyyətin çətinliyi işin yalnız bir, obyektiv tərəfi ilə, yəni, bir qrup vətəndaş üçün getdikcə daha çox imkansızlıq və digərinin dövlət qarşısında qarşılıqlı öhdəliklərini yerinə yetirməkdə maraqsızlığı səbəbindən vətəndaş birliyinin həqiqi dağılması ilə bitmirdi.


Mühasibat uçotu və iqtisadiyyat arasında fərq nədir?


Vətəndaş cəmiyyətinin komponentləri mücərrəd siniflər deyildi, hər biri mövcud vəziyyətdən güclü narazılıq hiss edən canlı insan qrupları idi. Kasıblar onların vətəndaşlıq ləyaqətini alçaldan yoxsulluqdan, varlılar polis quruluşu şəraitində öz sərvətlərindən tam və açıq şəkildə istifadə edə bilməməkdən narazı idilər.

Hər bir qrup, mövcud qaydada, inkişafın obyektiv gedişatını deyil, məhz, polis birliyindəki tərəfdaşını günahlandırmağa meylli idi və bu, qarşılıqlı düşmənçilik və nifrət doğururdu və onu daha da gücləndirirdi.

Bu maliyyə problemi həmin dövrün müasirlərini o dərəcədə narahat etmişdi ki, Ksenoftun e.ə. 355-ci ildə tərtib etdiyi “Gəlirlər haqqında” traktatından da bunu görmək mümkündür. Traktatda Afina hökumətinə dövlət gəlirlərinin artırılmasına, xüsusən də ölkəyə meteklərin cəlb edilməsinə, ticarətin və gəmiçiliyin inkişaf etdirilməsinə, ən əsası isə Lavrian gümüş mədənlərinin rasional istismarına yönəldilmiş tədbirlər sistemi təklif olunurdu.

Eysfora – ilk dəfə eramızdan əvvəl 428/427-ci illərdə birdəfəlik və məcburən tətbiq olunan birbaşa əmlak vergisi olsa da, e.ə. IV əsr ərzində Afina dövlətinin maliyyə praktikasında tədricən adi hala çevrilmişdi.

Eysforaya sistematik müraciət, vergi yığımının yeni formalarının (simmoriya, proeysfora) axtarışı, növbəti bir eysforanın fərmanı ilə bağlı xalq yığıncaqlarında müzakirələr, mənbələrdə verginin ağır olması ilə bağlı çoxsaylı şikayətlərlə əlaqəli müraciətlərin əks olunması, borcların yığımı ilə bağlı sərt tədbirlər – bütün bunlar, Afina dövlətində böhranının dərinləşməsinin, quldarlıq demokratiyasının iqtisadi və sosial əsaslarının dağılmasının sübutlarından biri idi.

Yunan dünyasının başına gələn fəlakətlər dövlətin siyasi forma kimi vətəndaşların mənəvi, sosial və iqtisadi ehtiyacları ilə bağlı sorğularını ödəyə bilməməsinin nəticəsi idi. Peloponnes müharibəsinin sonunda Afinada siyasi demokratiya və intellektual maarifçilik artıq qarşıdurma vəziyyətində idi.

Dövlət vətəndaşlar üçün cəlbediciliyini itirdiyindən, şəxsi maraqlara getdikcə daha çox diqqət yetirilirdi. “Siz xalq yığıncağını tərk edirsiniz, – Esxil afinalılara deyirdi, – məsələləri müzakirə etmədən, ancaq bir müəssisənin payçıları kimi gəlirləri bölüşdürsünüz”.


V hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email