Qədim Yunanıstanda vergi siyasəti (VI hissə)

posted in: Xəbər | 0
birbank biznes

Qədim Yunanıstanda vergi siyasəti (VI hissə)

V hissəyə nəzər yetirin

yunanıstanda vergi sistemi

Utopik sosial yenidənqurma layihələri ilə yanaşı, Yunanıstanın yaşadığı çətinliklərin, xüsusən də Şərq regionlarını zəbt etməklə aradan qaldırılması üçün konkret əməli tədbirlər də təklif olunurdu.

Bu ideyaların carçısı İsokrat idi ki, o, İrana qarşı ümumellin (ümumyunan) kampaniyası təşkil etmək üçün hansısa güclü dövlət və ya dövlət xadiminin himayəsi altında yunan polislərini (şəhər-dövlətlərini) birləşdirməyə çağırırdı.

Adi dövrdə xalq yığıncağının, məsləhətçilərin və dikastların əksəriyyətini hoplit təbəqəsindən çıxanlar təşkil edirdi, çünki rəsmi vəzifələrin icrasına görə alınan maaş fet sinfinin çoxlu nümayəndələrini cəlb etməyə kifayət etmirdi və xalq yığıncağında asudə vaxtları və nəticə etibarilə sərvətləri olanlar, əsasən həmin şəxslər iştirak edirdilər. Yalnız maliyyə böhranları dövründə dikastların əksəriyyəti yoxsullaşırdı, kritik məqamlarda isə xalq məclisində çoxluğu ən yoxsul təbəqə təşkil edirdi və onun qərarlarının qəbuluna nəzarət edirdi.

Bu ilk növbədə yoxsulların dolanışıqları üçün vəsaitlərinin olmaması ilə bağlı idi, xalq yığıncaqlarında iştirak üçün isə e.ə. IV əsrdə pul mükafatı ödəməyə başlamışdılar. Mükafatın məbləği belə idi: yüzilliyin əvvəlində adı yığıncaqlar üçün bir obol (Obol – təxminən 0,73 qrama bərabər olan çəki vahididir; gümüş) və e.ə. IV əsrin ikinci yarısında altı obol və mühüm yığıncaqlar üçün doqquz obol təşkil edirdi.

Varlı və kasıb vətəndaşların maraqları arasındakı parçalanma Afina dövlətinin ruhuna və səmərəliliyinə təsir etmişdi. Xalqın öz iradəsini, hökmünü qanunla deyil, fərmanla təlqin etmək əzmi ilə qanuna, xüsusən də “yazılmamış qanunlara” hörmət zəifləmişdi.

Əvvəlcə mövcud qanunları qorumağa xidmət edən qanunsuzluq ittihamından həddindən artıq istifadə olunması nəticəsində, o, dəyərdən düşmüşdü; deyilənə görə, həmin qanun Aristofona qarşı ən azından 75 dəfə uğursuz şəkildə irəli sürülmüşdü.

İcra hakimiyyəti tədricən səlahiyyətlərini itirmişdi. Şura edam hüququnu, xəyanətlə bağlı işlərə baxmaq hüququnu və vəzifəyə namizədləri yoxlamadan sonra imtina etmək hüququnu itirmişdi. Bu məsələlərdə son söz Heliya (xalq yığıncağına) məxsus idi. Şuranın diplomatik danışıqlar aparmaq və maliyyəni idarə etmək səlahiyyətləri xalq yığıncağının xeyrinə məhdudlaşdırılmışdı.


Amerikanın mühasibat uçotu sistemi


Xalq yüksək vəzifəli məmurlara şübhə ilə baxırdı və onların bir çoxu Heliya tərəfindən edam edilmiş, sürgünə göndərilmiş və ya cərimə olunmuşdu. Xalqda onlara qarşı mərhəmət hissi yox idi. “Xalqa yaxşı məsləhət vermədiyinə görə” xəyanətdə ittiham olunan Kallistrat 361-ci ildə ölümdən qurtulmaq üçün qaçmağa məcbur olmuşdu. Təxminən 355-ci ildə o, geri qayıtmış və on iki Tanrının səcdəgahına bağışlanmasından ötrü müraciət etmişdi, amma, buna baxmayaraq, Kallistrat edam edilmişdi.

İstənilən yüksək vəzifəli məmur, hətta məsləhətçi üçün belə, siyasətlə məşğul olmaq son dərəcə təhlükəli bir iş olmuşdu. “Xalq heç vaxt yanılmaz” prinsipi onun siyasətinin səhv ola bilməyəcəyini və hər hansı uğursuzluğa görə icra hakimiyyətinin məsuliyyət daşıması demək idi.

Həmin dövrün Afina demokratiyası daha mötədil və hətta qeyri-demokratik idarəetmə tipinə üstünlük verənlər tərəfindən “ifrat demokratiya” nümunəsi kimi ciddi şəkildə tənqid olunurdu. Fukididin və Aristofanın varisləri – Platon, İsokrat, Ksenofont, Teopomp və Aristotel xalq məclisinin və Heliya məhkəməsinin ritorika və ya imperiya ambisiyalarının təsiri altında qəbul edilən ehtiyatsız qərarlarını pisləyirdilər. Aristotel yazırdı: “Xalq öz iradəsi ilə hər şeyə sərəncam verməyə başlamışdı; dövlətin bütün idarəçiliyi xalqın tam səlahiyyətində olan xalq yığıncağının fərmanları və məhkəmələrin qərarları əsasında həyata keçirilirdi”.

Bu cür birbaşa demokratiya ilə siyasi liderin şəxsiyyəti fövqəladə əhəmiyyət kəsb edirdi. Natiqlər xalq yığıncaqlarını və ya məhkəmələri öz fikirlərini qəbul etməyə inandırmaqla məşğul idilər. Onların arasında ən həyasızları qaranın ağ olduğunu sübut edə bilən, istedadını istənilən himayəçiyə satan siyasətin sofistləri (şüurlu şəkildə zahirən məntiqli, lakin yanlış və yalan arqumentlərdən istifadə edən) idi. Hətta məsuliyyətli dövlət xadimi adına iddia edənlər də əvvəldən xalqın bütün istəklərinə uymalı idilər ki, heç olmasa hansısa təsir əldə edə bilsinlər.

Siyasətləri nə qədər cinayətkar olsa da, natiqləri rəsmi vəzfədə olmadıqları halda məhkəmə qarşısına çıxarmaq elə də asan deyildi. Bu cinayətin günahı siyasəti icra edənlərin üzərinə düşürdü. Artıq e.ə. IV əsrdə varlı təbəqələr sosial inqilab təhlükəsindən o dərəcədə qorxuya düşmüşdülər ki, dövlət quruluşunun monarxiya olduğu və  mövcud nizamın müdafiəçisi kimi qəbul etdikləri Makedoniyanın tərəfinə keçmişdilər.


VII hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email