Qədim Yunanıstanda vergi siyasəti (VII hissə)

posted in: Xəbər | 0
birbank biznes

Qədim Yunanıstanda vergi siyasəti (VII hissə)

VI hissəyə nəzər yetirin

Qədim Yunanıstanda vergi siyasəti

Həmin dövrün publisistik ədəbiyyatında (Platon, Aristotel, Ksenofont və başqaları) şəhər-dövlət təsisatlarının fövqündə dayanan güclü hökmdar obrazı ön plana çıxmışdı. “Çar xalqın keşikçisi olmalıdır, imkan verməməlidir ki, varlılar haqsızlıqdan, xalq isə özbaşınalıqdan əziyyət çəksin”, – Aristotel belə yazırdı.

E.ə. IV əsrdə öz dövlətçiliyini gələcək inqilablardan və iğtişaşlardan qorumaq üçün Yunanıstan Makedoniya ilə ittifaq bağlamağa məcbur olmuşdu. Makedoniya hökmdarı İsgəndərlə Korinf ittifaqının şəhərləri arasında bağlanmış müqavilələr nəzərdə tuturdu ki, Makedoniya və sözügedən ittifaq istənilən bir şəhərdə borcların ləğvi, torpaqların bölüşdürülməsi, xüsusi mülkiyyətin müsadirəsi və ya inqilaba kömək etmək üçün qulların azad olunması kimi hər hansı bir hərəkat zor gücünə də olsa yatırılmalıdır.

Eramızdan əvvəl 303-cü ildə Demetri tərəfindən bərpa edilmiş ittifaqın konstitusiyası eyni şərtləri ehtiva edirdi.

Beləliklə, e.ə. III əsrdə zənginlərlə kasıblar arasında uçurum o qədər dərinləşmişdi ki, bəzi şəhərlər yoxsullara pulsuz çörək paylamağa məcbur olmuşdular, yəni, əhalinin yoxsullaşması başlamışdı. Odur ki, dərin ictimai-siyasi böhranın başlanmasından əsas çıxış yollarından biri kimi dövlət, şəhər-dövlətlərin simasında yalnız əhalidən alınan vergi yükünü artırmaqda görürdü.

Beləliklə, e.ə. III əsrdən Yunanıstanda həmin vaxta kimi qərarlaşmış adət-ənənələrə son qoyuldu. Məsələn, o dövrə kimi azad vətəndaşlar birbaşa vergiləri ödəmirdilər, amma, bundan sonra ödəməli olacaqdılar.

Adətən dolayısı vergilər var idi: bu, bütün ixrac və idxala 2% vergi, otlağa çıxarılan hər bir heyvan üçün otlaq vergisi və bazar yerlərindən alınan vergilər idi.

Lakin, Yunanıstan üçün bu çətin dövrdə şəhərlər birbaşa vergilər də tətbiq etdilər: Afinada – bütün şəxsi mülkiyyət üçün eysfora (bəzi şəhərlər-dövlətlərdə də onu tətbiq etmişdilər, məsələn, Milet) tətbiq olunmuşdu. Krannon və Delos kimi digər polislər məhsulun 10%-ni və ya Delos və Kos kimi polislər isə evdən gələn gəlirin 10%-ni götürürdülər.


Mühasibat balansının əhəmiyyəti və funksiyaları


Kos, şərabın ixracına xüsusi vergi tətbiq etmişdi və çörək, un, tərəvəz, duzlu balıq və bir çox başqa mallar vergiyə cəlb edilmişdi; Teos e.ə. III əsrdə əkinə yararlı torpaqlara, öküzlərə, meşə kəsimlərinə, qoyun və donuzlara, milet yunundan olan paltarlara, bənövşəyi rəngə, bağlara və arılara vergi tətbiq etmişdi.

Güman etmək olardı ki, Afina dövlətinin inkişaf perspektivlərinin olmaması, onun kifayət qədər sabit və daimi dövlət gəlir mənbələrinə malik olmamasından irəli gəlirdi. Klassik şəhər-dövlətin böhranı şəraitində dövlət maliyyəsi problemləri həllolunmaz vəziyyətə çatmışdı.

Afina dövləti nə dövlət təsərrüfatının təşkili, nə də əhalidən alınan vergilər hesabına xəzinənin doldurulması mənbələrini tapa bilirdi. Buna görə də Afina dövlətində kütləvi isterikanın qızışdırıldığı, bir-biri ilə münaqişə edən siyasi partiyaların rəhbərlərinin məharətlə idarə etdiyi ictimai-siyasi böhran dövrlərində vətəndaşların o cümlədən vergi sahəsindəki hüquqları xüsusilə qəddar şəkildə pozulmuşdu.

Vergi sferasında maraqlar balansı kəskin şəkildə dövlətin xeyrinə meyl edirdi. Belə vaxtlarda demoslar Afina vətəndaşının ən müqəddəs hüquqlarından birinə – mülkiyyət hüququna əl qaldırmağa hazır idi.

Nəticədə qədim yunan dövlətçiliyinin mövcudluğunun siyasi forması kimi polislər, yəni, şəhər-dövlətlər özlərini təmin etmək qabiliyyətini itirmişdi. O, ən maariflənmiş vətəndaşlarla mənəvi bağlılığını itirmişdi; sinifləri və təbəqələri birləşdirə bilmir, onların sosial-iqtisadi təhlükəsizliyini təmin edə bilmirdi.

Onun çatışmazlıqları daxili siyasi və iqtisadi çəkişmələrə və xarici müharibələrə səbəb olmuşdu. Eramızdan əvvəl 146-cı ildə antik dövrün böyük dövləti, artıq Roma imperiyasının bir əyalətinə çevrilmişdi.


Mühasibat uçotu elm kimi


Print Friendly, PDF & Email