Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri dövlət sektorunda əməkhaqqıdan tutulmalar

posted in: Xəbər | 0
birbank biznes

Əməkhaqqının hesablanması ardıcıllığı

Bəzən “maaş” adlandırılan əməkhaqqı əksər vətəndaşlar üçün əsas gəlir növüdür və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.34 maddəsi onu “fiziki şəxsin muzdlu işlə bağlı aldığı haqq” kimi müəyyən edir. Fiziki şəxsin belə gəlirləri onun xeyrinə olan bütün ödənişlərdən ibarətdir. Əməkhaqqı hesablanması zamanı işçinin tarif (vəzifə) maaşı, mükafatlar, əlavə ödənişlər və digər ödənişlər nəzərə alınır, həmin məbləğlərdən dövlət büdcənə tutulmalar edilir. Əməkhaqqıdan tutulmalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsi ilə müəyyən edilib.

Müəssisə və təşkilatlarda əməkhaqqı hesablanması aşağıdakı ardıcıllıqla aparılır:

  • işçinin hər hansı vergi yaxud ayırmalardan əvvəl qazandığı ümumi əməkhaqqı (“GROSS”) müəyyən olunur;
  • bütün vergi, habelə sığorta ödənişləri ümumi əməkhaqqından tutulduqdan sonra işçiyə verilən faktiki əməkhaqqı məbləği (“NETT”) hesablanır.
Yeri gəlmişkən: “GROS”, “NETT” ingilis terminləridir. GROS (gross – toplam, ümumi ) vergilər və digər icbari tutulmalardan əvvəl, NETT (net-təmiz, xalis) tutulmalardan sonra əməkhaqqıdır. Mühasibat uçotunda uyğun olaraq hesablanmış əməkhaqqını və ödənilən əməkhaqqını (ələ çatan məbləğ) ifadə edir.

Əməkhaqqıdan tutulmalar

İşəgötürən əməkhaqqı hesablanması zamanı işçinin muzdlu işlə bağlı gəlirlərindən müəyyən məbləğlər tuta bilər. Əməkhaqqıdan tutulmalar:

  • dövlət büdcəsinə, sosial sığorta fondlarına tutulmalar (məsələn, vergilər, MDSS haqqı)
  • işçinin ərizəsi əsasında (məsələn, kommunal ödənişlər, xeyriyyə fondlarına);
  • məhkəmənin qərarı ilə (məsələn, aliment ödənişi);
  • AR ƏM-in 175.2-ci maddəsində müəyyən edilən digər hallarda (məsələn, təhtəlhesaba verilən məbləğlər) həyata keçirilə bilər.

İşçinin muzdlu işlə bağlı aldığı haqdan dövlət büdcəsinə, fondlara aşağıdakı ödənişlər tutulur:

  • gəlir vergisi üzrə tutulma;
  • məcburi dövlət sosial sığorta haqqı;
  • işsizlikdən sığorta haqqı;
  • icbari tibbi sığorta haqqı.

Əməkhaqqıdan tutulmalar işçinin muzdlu işlə bağlı aylıq gəlirlərinə faiz dərəcələri tətbiq edilməklə aparılır.

Əməkhaqqı hesablanması zamanı şəxsin işlədiyi vergi ödəyicisinin “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında AR NK-ın qərarı  ilə müəyyən edilən kateqoriyası nəzərə alınmalıdır. Bunlar aşağıdakılardır:

  1. Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyiciləri;
  2. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri.

Birinci kateqoriyaya aid olan vergi ödəyicilərində çalışan işçilərin muzdlu işdən aylıq gəlirlərindən tutulmalar haqqında “Neft-qaz sahəsi və dövlət sektorunda əməkhaqqıdan tutulmalar” adlı məqalədən oxumaq olar.

Verginin hesablanması

Fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinə tətbiq edilən vergi dərəcəsi AR Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin gəlirlərinə vergi dərəcəsi tətbiq edilərkən 2019-cu il yanvarın 1-dən 7 il müddətinə tətbiq edilən güzəşt nəzərə alınmalıdır (VM, maddə 101.1-1). Belə ki, vergiyə cəlb edilən muzdlu işdən gəliri 8000 manata qədər olan işçilərin maaşından gəlir vergisi tutulmur, bu məbləğdən çox olduqda 8000 manatdan yuxarı hissəsinə 14% tətbiq edilməklə vergi tutulur.

Məcburi dövlət sosial sığorta haqqının hesablanması

Neft-qaz sahəsində fəaliyyəti olmayan, habelə qeyri-dövlət sektoruna aid edilən sığortaedənlər əməkhaqqı hesablanması zamanı 2019-cu il yanvarın 1-dən 7 il müddətində “Sosial sığorta haqqında” AR qanunun 14.4-cü maddəsinə istinad etməlidilər. Məcburi dövlət sosial sığorta haqqının hesablanması zamanı həmin maddəyə əsasən aylıq vəzifə maaşı  200 manata qədər olduqda tutulmalar:

  • sığortaedən üçün – 22 faiz;
  • sığortaolunanın gəlirindən – 3 faiz həddində müəyyən olunub.

Əməkhaqqı 200 manatdan yuxarı olduqda:

  • sığortaedən – 44 manat + 200 manatdan yuxarı məbləğin 15 faizi;
  • sığortaolunan – 6 manat + 200 manatdan yuxarı məbləğin 10 faizi məbləğində məcburi dövlət sığorta haqqı tutulur. 

Sosial fondlara əməkhaqqıdan digər tutulmalar

Əməkhaqqıdan tutulmalar hesablanan zaman “İşsizlikdən sığorta haqqında” AR Qanununun 9-cu maddəsinə, habelə “Tibbi sığorta haqqında” AR Qanununun 15-10.1-ci maddəsinə uyğun faiz dərəcələrini nəzərə almalıdrılar. Qeyd edək ki, hər iki halda işçinin hansı vergi ödəyicisində əmək müqaviləsi ilə çalışması fərqləndirilmir.

Əməkhaqqı hesablanması zamanı işsizlikdən sığorta haqqı işçinin əməkhaqqı gəlirlərinə 0.5 faiz tətbiq edilməklə tutulur.

İcbari tibbi sığorta üzrə tutulma – əməkhaqqı 8000 manatadək olduqda 2 faiz, 8000 manatdan yuxarı olan hissədən 0,5 faiz olmaqla hesablanaraq tutulur.

Əməkhaqqıdan tutulmaların hesablanması nümunələri

Nümunə 1. Aylıq əməkhaqqısı 1000 manat olan işçi qeyri-dövlət müəssisəsində işləyir. Əlavə heç bir güzəşti, azadolması yoxdur. İşçiyə ödəniləcək əməkhaqqı hesablanması aşağıdakı kimidir.
Gəlir vergisi: 0.00 manat (gəlir vergisi tutulmur);
DSMF ayırmaları: 86 manat (200*3% +(1000-200)*10%);
İşsizlikdən sığorta haqqı: 5 manat (1000*0,5%)
İcbari tibbi sığorta haqqı: 20 manat ( 1000*2%)
İşçiyə ödəniləcək maaş: 889 manat ( 1000-0-86- 5-20).

 

Nümunə 2: Aylıq əməkhaqqısı 10000 manat olan işçi qeyri-dövlət müəssisəsində işləyir. Əlavə güzəşti, azadolması yoxdur. Əməkhaqqıdan tutulmalar, NETT əməkhaqqı necə olacaq?
Gəlir vergisi: 280 manat, (10 000-8000)*14%
DSMF ayırmaları: 986 manat, (200*3% +(10 000-200)*10%)
İşsizlikdən sığorta haqqı: 50 manat, 10 000*0,5% ;
İcbari tibbi sığorta haqqı: 170 manat 160+(10 000-8000)*0,5%;
Əməkhaqqı hesablanması: 10 000-280-986-50-170=8514 MANAT

 

Print Friendly, PDF & Email