Qeyri-maddi aktivlərin uçotu

posted in: Ümumi, Xəbər | 0
birbank biznes

Qeyri-maddi aktiv nədir?

Qeyri-maddi aktivlər 1 ildən artıq istifadə olunan və gəlir gətirən əqli mülkiyyət obyektləridir. Onların maddi forması yoxdur və digər aktivlərdən ayrıla biləndir.

Qeyri-maddi aktivlərin uçotu zamanı nəzərə almaq lazımdır ki, aktivlərin bu qrupa aid edilməsi üçün onlar aşağıdakı xüsusiyyətlərə eyni vaxtda malik olmalıdır:

  • digər aktivlərdən ayrıla bilməsi;
  • maddi formaya malik olmaması;
  • istifadə müddətinin 12 aydan daha çox olması;
  • istifadəsindən faydalanmaq imkanı.

Yuxarıda sadalanan əlamətlərdən ən azı biri olmadıqda, obyekt qeyri-maddi aktiv kimi tanınmır və onlara qeyri-maddi aktivlərin uçotu qaydaları tətbiq olunmur.

Tanınması zamanı aşağıdakı əlavə şərtlər də nəzərə alınır:

  • obyektin ilkin dəyəri müəyyən edilə bilən olmalıdır;
  • 12 aylıq dövr ərzində satışı nəzərdə tutulmamalıdır;
  • mühasibat uçotu subyektinin obyektə və ondan gələn gəlirlərə mülkiyyət hüququ vardır.

Qeyri maddi aktivlərin növləri, onların xarakterik xüsusiyyətləri haqqında oxumaq, ümumiyyətlə, “Qeyri-maddi aktiv nədir?” sualına cavab tapmaq üçün bizim eyni adlı məqaləmizə keçid ala bilərsiniz. Bu məqalədə isə həmin sualı cavablandırmaq üçün aşağıdakı nümunə ilə kifayətlənək.

Nümunə: Beton məmulatları zavodu svay (binanın təməlinə qoyulan beton dirəklər) istehsalında yeni texnologiyasını mənimsəyib. İstehsal prosesində istifadə edilən avadanlıqlar əsas vəsaitlərə, beton və armaturlar materiallara, svaylar hazır məhsullara aid ediləcək. Svay istehsalı üçün patent alınmış texnologiyalara qeyri-maddi aktivlərin uçotu qaydaları tətbiq olunacaq və müvafiq yazılışlar aparılacaq.

Mühasibat uçotu məqsədləri üçün qeyri-maddi aktivlərin təsnifatı

Mühasibat uçotu baxımından qeyri-maddi aktivləri aşağıdakı kimi təsnif etmək olar:

  • Daxilolma mənbəyinə görə: haqqı ödənilməklə əldə edilənlər, əvəzsiz (ödəniş edilmədən) mühasibat uçotu subyekti tərəfindən (müəssisə daxilində) yaradılanlar, təsisçisi tərəfindən nizamnamə kapitalına qoyuluşlar.
Yeri gəlmişkən: Daxilolma mənbəyinə görə qeyri-maddi aktivlərin uçotu, müxabirləşmə nümunələri ilə tanış olmaq üçün buraya keçid edə bilərsiniz.
  • Tətbiq sahəsinə görə: istehsal prosesində istifadə edilənlər (məsələn, ixtiralar, proqram təminatı, seleksiya nümunələri, inteqral sxemlərin topologiyası və sair) və istehsal prosesində istifadə edilməyənlər (məsələn, şirkətin işgüzar nüfuzu – qudvil).
  • Amortizasiya normalarına görə: istifadə müddəti məlum olmayanlar, istifadə müddəti məlum olanlar.
Yeri gəlmişkən: İstifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə amortizasiya norması tətbiq olunur (AR Vergi Məcəlləsi, maddə 114.3.6).

Mühasibat uçotunun düzgün aparılması məqsədi ilə hər bir qeyri-maddi aktiv üçün uçot kartı açmaq lazımdır. Bunun üçün “Əmlakın (qiymətlilərin) uçot kartı“ – Forma №1Q-dən istifadə oluna bilər (AR Maliyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları-na 2 saylı əlavə). Mühasibat kartında obyektin əsas xüsusiyyətləri, ondan istifadə və sərəncam verilməsi mərhələləri əks etdirilir.

Daxilolma zamanı qeyri-maddi aktivlərin uçotu

Qeyri-maddi aktivlər – bunlar müəllif hüquqları, patentlər, intellektual mülkiyyətdən istifadə ilə bağlı lisenziya, müəyyən fəaliyyət növü ilə məşğul olmaq üçün lisenziya, müştərilərin siyahısı, franşizlər, elmi biliklər, texnologiyalar, yeni istehsal prosesləri, bazarlar, əmtəə nişanları, habelə müəyyən sahələr üzrə biliklərdir.

Qeyri-maddi aktivlərin uçotu, yəni onların tanınması, daxil olunması, amortizasiyası, xaric edilməsi və sair bu kimi əməliyyatlar 38 saylı “Qeyri-maddi aktivlər” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartı ilə (IAS38) tənzimlənir.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na əsasən qeyri-maddi aktivlərin uçotu hesablar planının 1-ci bölməsinin (“Uzunmüddətli aktivlər”) 10-cu maddəsinə aid olan hesablar üzrə aparılır.

Qeyri-maddi aktivlərin uçotu zamanı daxil olan aktivin ilkin dəyəri 101 saylı “Qeyri-maddi aktivlərin dəyəri” adlı hesabın uyğun subhesabı üzrə qeydə alınır.

Qeyri-maddi aktiv müəssisənin özü tərəfindən yaradıldıqda, ona çəkilmiş bütün xərclər ilkin dəyərin üzərinə gəlinir. Bu xərclər, həmçinin aktivin istismara yararlı hala gətirilməsi ilə çəkilmiş məsrəflər kapitallaşdırılır. 103 saylı hesabda aparılan kapitallaşdırma üzrə mühasibat yazılışlarına nümunələrlə buradan tanış olmaq olar. Sonradan həmin xərclər əsas vəsaitlərdə olduğu kimi illər üzrə amortizasiya ayırması şəklində silinməlidir.

Payçılar (səhmdarlar) tərəfindən daxilolma zamanı qiymətləndirmədə təşkilatın müəyyən etdiyi qiymət əsas götürülür. Bu zaman rəsmiləşdirilmə təhvil-qəbul aktı, səhmdarların yığıncağının protokolu, həmçinin elektron qaimə faktura (başqa firmalardan alış zamanı) həyata keçirilməlidir.

Daxilolmanın müxtəlif halları üçün müxabirləşmə nümunələri burada verilib.

Silinmə və xaric olunma

Qeyri-maddi aktivin (QMA) istifadəsindən iqtisadi fayda əldə edilməsi ehtimalı onun tanınması üçün zəruri şərtdir – bu, beynəlxalq mühasibat standartları ilə müəyyən edilib. Odur ki, funksionallığını itirmiş, qeyri-maddi aktivlərin tanınması meyarlarına cavab verməyən, tam amortizasiya olunmuş aktiv ləğv edilməli, müəssisənin qeyri-maddi aktivlərinin tərkibindən çıxarılmalıdır.

İllər üzrə amortizasiya ayırması şəklində ilkin dəyərə çəkilmiş xərclər çıxılarkən qeyri-maddi aktivin istifadə müddətinə diqqət etmək lazımdır. Əgər istifadə müddəti bəlli deyilsə aktiv 10 ilə tam amortizasiya edilməlidir.

Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri hesablar planının 102-ci maddəsi üzrə aparılır. Hesab üzrə əməliyyatların müxabirləşmə nümunələrinə buradan keçid almaq olar.

İstər müəssisənizə qəbul etdiyiniz zaman, istərsə başqa bir müəssisəyə təhvil verdiyiniz zaman konkret aktiv barəsində onun ilkin dəyərindən, faydalı istifadə müddətindən tutmuş, digər texniki göstəricilərə dair ətraflı məlumatları ilkin sənədlərdə əks etdirmək lazımdır.

 101-ci hesabda qeyri-maddi aktivlər üzrə xaricolmanın uçotu adlı məqalədə uyğun müxabirləşmə nümunələri verilib.

Tədqiqat, təcrübə konstruktor işləri zamanı uçot

Tədqiqat, təcrübə konstruktor işləri kommersiya məqsədləri üçün eyni adlı fəaliyyətlə məşğul olmanı nəzərdə tutur. Bu işlər, əsas etibarı ilə xüsusi təsərrüfat subyektlərində aparılır. Belə işlər iri müəssisələrə xasdır.

Daha əvvəllər bu cür işlərə çəkilən xərclər birbaşa gəlirdən çıxılırdı. Lakin sonradan beynəlxalq mühasibat standartları (38 nömrəli MHBS ) tələb etdi ki, müəyyən hallarda onlar qeyri-maddi aktiv kimi tanınsın. Həmin standartlara görə bu cür işlər uğurla başa çatarsa, onlara qeyri-maddi aktivlərin uçotu qaydaları tətbiq edilir (QMA kimi tanınır, amortizasiya edilərək silinir). Tədqiqat, təcrübə konstruktor işləri uğursuz olarsa elə birbaşa xərcə silinir.

Standartlara görə tədqiqat, təcrübə-konstruktor işləriylə bağlı xərclərin siyahısına aşağıdakı məsrəflər aid ola bilər:

  • tədqiqat, təcrübə-konstruktor işlərinə cəlb edilmiş işçilərin əməkhaqları;
  • tədqiqat, təcrübə-konstruktor işində istifadə olunan material, xidmətlərlə bağlı xərclər;
  • tədqiqat, təcrübə-konstruktor işlərində istifadə edilmiş tikili, avadanlıqların amortizasiyası;
  • tədqiqat, təcrübə-konstruktor işinə aid inzibati xərclərdən başqa digər qaimə xərcləri.

Göründüyü kimi qeyri-maddi aktivlərin mühasibat uçotu, onların spesifikliyi ilə bağlı özünəməxsus xüsusiyyətləri var.

Qeyd etmək lazımdır ki, qeyri-maddi aktivlərin uçotunun xüsusiyyətləri hələ tam şəkildə işlənməmişdir. Bu məsələlər olduqca dar çərçivədə mütəxəssislər tərəfindən tədqiq olunur. Müzakirə və həll olunan problemlərin əsas çatışmazlıqlarından biri, qeyri-maddi aktivlərin uçotunun tam inkişafına, təkmilləşdirilməsinə mane olan tədqiqatların yerli təbiətidir.

Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)

Print Friendly, PDF & Email