Uşağa qulluğa görə qismən ödənişli məzuniyyət

posted in: Xəbər | 0

Yeni uşaq doğulmuş və ya övladlığa götürülmüş ailələrə dəstək olmaq üçün müəyyən sosial layihə həyata keçirilir ki, uşağa qulluğa görə müavinət onlardan biridir. O, qismən ödənişli sosial məzuniyyət zamanı anaya yaxud qanunvericiliyə uyğun ailənin digər üzvündən birinə verilir.

Sosial məzuniyyətlər

Məzuniyyət işçinin istirahət vaxtının bir növü, digərləri ilə müqayisədə ən uzun müddətlisidir. İşçilərin istirahət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsi ilə təmin olunur. Onun həyata keçirilməsi üzrə hüquqi normalar Əmək Məcəlləsinin XIV fəslində əks olunub. İstirahət hüququnun təmin edilmə üsulundan biri olan sosial məzuniyyətlər ƏM-in 125-127-ci maddələrində şərh edilir. Hamiləlik və doğuş zamanı, habelə övladlığa uşaq götürən qadınlara verilən məzuniyyətlə yanaşı, işçilərin uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət hüququ da var.

Uşağa qulluğa görə məzuniyyət kimə verilir?

Azərbaycanda uşağa qulluğa görə qismən ödənişli məzuniyyət uşaq üç yaşına çatana qədər verilir. Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi əsasında işləyən, fəaliyyət göstərən valideynlərdən biri, yaxud ailənin digər üzvü həmin məzuniyyətdən istifadə hüququna malikdir. Təcrübədə ondan daha çox uşağın anası istifadə edir.

Qaydalara əsasən hamiləlik və doğuş üçün məzuniyyətin müddəti bitdikdən sonra işçi öz əmək fəaliyyətini davam etdirməlidir. Lakin o, işə qayıtmayaraq uşağa qulluğa görə məzuniyyət götürə bilər. Bu halda işəgötürənə ərizə ilə müraciət edilir. Qismən ödənişli məzuniyyət işçinin istəyi əsasında , uşağın 3 yaşınadək olan dövrdə, tam yaxud hissələrlə rəsmiləşdirilə bilər.

Müəyyən səbəblərdən (məsələn, stasionarda müalicə) ana uşağa qulluq edə bilmədikdə uşağa faktiki qulluq edən ailənin digər üzvü qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edərək, uşağa qulluğa görə müavinət ala bilər. Ailənin digər üzvləri dedikdə həmin ailədə yaşayan aşağıdakı şəxslər nəzərdə tutulur:

  • uşağın atası;
  • nənə yaxud baba;
  • xala, dayı, əmi, bibi;
  • müqavilə ilə işləyən ailənin digər üzvləri.

Bu hüquqdan onlardan yalnız biri istifadə edə bilər. Müəyyən olunmuş qaydada övladlığa götürülmüş uşağa qulluğa görə müavinət ümumi əsaslarla verilir.

Məzuniyyətin rəsmiləşdirilməsi

Qismən ödənişli məzuniyyətin rəsmiləşdirilməsi aşağıda qeyd edilən sənədlər əsasında həyata keçirilir:

  • işçinin ərizəsi;
  • doğum haqqında şəhadətnamə;
  • işəgötürənin əmri.

Qismən məzuniyyətlər qadınların hamiləlik və doğum üçün məzuniyyəti bitdikdən sonrakı ilk iş günündən etibarən müəyyən edilir. Onun müddəti uşağın 3 yaşı tamam olana qədər olan dövrdə işçinin istəyinə əsasən müəyyən edilir.

Uşağa qulluğa görə məzuniyyətdə olan işçi məzuniyyətdən imtina edib, istənilən vaxt  işə qayıdıb fəaliyyətini davam etdirə bilər. Bu zaman yenə də işəgötürənə ərizə ilə müraciət edilməli və işçinin işə başlaması əmrlə rəsmiləşdirilməlidir. Məzuniyyətdə olan işçinin iş yeri, vəzifəsi saxlanılır. Onun əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilməz. İşçinin məzuniyyətdən tam şəkildə, yaxud da hissə-hissə istifadəsi mümkündür (ƏM maddə 127.2).

Nümunə 1: “Merkur” MMC-də fəaliyyət göstərən işçi hamiləlik və doğuş üçün götürdüyü məzuniyyəti başa vurduqdan sonra altı aylıq qismən məzuniyyətə çıxmaq istəyir. Həmin müddət başa çatdıqdan sonra işə qayıdan işçi yenidən ərizə yazaraq üç aylıq məzuniyyət götürmək istədiyini bildirir. Bu hal tamamilə qanunauyğundur.

İşçiyə verilən sosial məzuniyyətlərin müddətləri barədə bizim digər resursumuzdan da məlumat ala bilərsiniz.

Uşağa qulluğa görə müavinətin hesablanması

Qismən ödənişli məzuniyyətlərdə işçilərə verilən müavinətlər DSMF hesabına ödənilir. Müavinətlər aşağıdakı qaydada təyin olunur:

  • 1 yaş yarımadək uşağa qulluq üçün – 44 manat;
  • 1 yaş yarımdan 3 yaşınadək qulluq üçün – 28 manat.

Məzuniyyətdə olan qadınlar həm natamam iş vaxtı ilə işlədikdə, həm də təhsillərini davam etdirdikləri hallarda da müavinət almaq hüququna malikdirlər.

Çernobıl qəzasında əlil olmuş şəxslərə qismən ödənişli məzuniyyətlər təyin edildikdə, onların müavinəti qanunvericilikdə müəyyən edilmiş məbləğdən 2 dəfə artıq olaraq ödənilir.

Əgər uşaq hər hansı bir məktəbəqədər müəssisəyə yerləşdirilibsə, həmin hallarda anaya, yaxud digər ailə üzvlərinə məzuniyyət verilmir və müavinət ödənilmir.

Nümunə 1: “Merkur” MMC-də fəaliyyət göstərən Qasımova Nuranə uşağa qulluq məqsədilə qismən ödənişli sosial məzuniyyət götürüb. Lakin uşağın bir yaşı bitdikdə onu məktəbəqədər müəssisəyə yerləşdirir. Bu zaman müavinətin verilməsi dayandırılır və işçi fəaliyyətinə davam edir.

Uşağa qulluğa görə müavinət haqqında daha çox buradan oxumaq olar.


Print Friendly, PDF & Email