Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.
Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. Məsələn:
Siz pərakəndə ticarətlə məşğul olursunuz və rüblük dövriyyəniz
12.000 manat olmuşdur:
Bakı şəhərində fəaliyyət göstərirsinizsə ödəyəcəyiniz verginin məbləği
12.000×4%=480 manat,
digər şəhər və rayonlarda, Naxçıvan MR-da fəaliyyət göstərirsinizsə
12.000×2%=240 manat olacaqdır.
Sadələşdirilmiş verginin ödəyiciləri, o cümlədən idman mərc oyunlarının operatoru və satıcıları hesabat dövründən sonrakı ayın 20- dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə hesablanmış vergini dövlət büdcəsinə ödəyirlər.
Məsələn: İdman mərc oyunlarını həyata keçirən Operator kimi oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitinizin (gəlirinizin) məbləği 130.000 manat olmuşdur. Bu zaman ödəyəcəyiniz verginin məbləği
130.000×6%=7800 manat,
Məsələn: İdman mərc oyunları satıcısı kimi həmin oyunların operatorları tərəfindən Sizə verilən komisyon haqqının məbləği 10.000 min manat olmuşdur. Bu zaman ödəyəcəyiniz verginin məbləği
10.000x4%=400 manat olacaqdır.
Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxs- lər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə də məşğul olduqda, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olduqda, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.
Məsələn: Gəlir və xərclərin uçotu ayrıca aparılmaqla vergi ödəyicisi olan hüquqi və ya fiziki şəxs ticarət obyektinin bir hissəsini icarəyə verir, digərində isə ticarət fəaliyyəti ilə özü məşğul olur. Fiziki şəxsin əldə etdiyi icarə haqqı icarə götürən tərəfindən ödəmə mənbəyində vergiyə və ya bilavasitə icarəyə verən özü tərəfindən 14 faizlə gəlir vergisinə, hüquqi şəxsin belə gəliri isə mənfəət vergisinə cəlb olunur. Eyni zamanda, hər 2 şəxs ticarət fəaliyyətindən əldə olunan hasilata sadələşdirilmiş vergi tətbiq edə bilər.
Sadələşdirilmiş vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına faktiki fəaliyyət göstərilən dövrü əhatə edən bəyannamə təqdim edilməlidir.