Sadələşdirilmiş verginin bəyannaməsi: hazırlanması və təqdim edilməsi

posted in: Xəbər | 0
birbank biznes

Sadələşdirilmiş vergi nədir?

Sadələşdirilmiş vergi Azərbaycan Respublikası ərazisində qanunvericiliklə müəyyən edilmiş 9 vergi növündən biridir. Onun tətbiqi üzrə əsas müddəalar AR Vergi Məcəlləsinin VII fəslində müəyyən olunub. Gəlir üzərinə qoyulan vergi (qazancımızdan ödənilən) kimi xarakterizə edilən sadələşdirilmiş verginin tətbiqində əsas məqsəd fərdi sahibkarlara, kiçik müəssisələrə kömək etməkdir. Belə ki, o:

  • vergi yükünü azaldır;
  • uçotu sadələşdirir;
  • hesabatların rahat tərtibatına kömək edir;
  • vergi nəzarətini asanlaşdırır.

Hasilatdan ödənilən bu vergi hesablanarkən vergi ödəyiciləri gəlirin əldə edilməsi ilə bağlı xərcləri çıxa bilməz. Tətbiq edilən faiz dərəcələri müxtəlifdir, vergi ödəyicisinin:

  • fəaliyyətindən;
  • dövriyyəsindən;
  • fərdi qaydada yaxud işçi cəlb edərək işləməsindən aşlıdır.

2, 4, 6, 8 faiz, həmçinin daha fərqli dərəcələr tətbiq olunur. Sadələşdirilmiş verginin dərəcələri həm faizlə, həm də sabit məbləğlərdə (sabit vergi) tətbiq edilə bilər (VM, maddə 220.10)

Sadələşdirilmiş vergi, onun tətbiqi və hesablanması haqqında buradan daha geniş məlumat almaq olar.

Sadələşdirilmiş vergi bəyannaməsi

Verginin hesablanması və ödənilməsi üzrə hesabat (vergi bəyannaməsi) AR VM-də müəyyən edilmiş müddətdə və qaydada müvafiq dövlət qurumlarına təqdim olunmalıdır.

Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli vergi məbləği barədə vergi ödəyiciləri vergi orqanlarına bəyannamə verməli, habelə həmin müddətdə vergini təyinatı üzrə ödəməldirlər.

Bəyannamənin təqdim edilmə müddəti bəzi hallarda fərqlənə bilər.

Notariuslar tərəfindən ödəmə mənbəyində tutulmuş sadələşdirilmiş vergi məbləği haqqında “Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi” hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən sadələşdirilmiş vergi ödəmə mənbəyində hesablanmalı, vəsaiti alan şəxsin bank hesabından tutmalı, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməli və həmin müddətədək bəyannaməni vergi orqanına təqdim edilməlidir.

Vergi ödəyicisi aşağıdakı hallarda VM-də müəyyən olunmuş müddətdən gec olmamaqla vergi orqanına bəyannamə təqdim etməlidir:

  • vergi ödəyicisi fəaliyyətini dayandırdıqda,
  • habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə
  • fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin yaxud yük daşımalarla məşğul olan vergi ödəyiciləri, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər, bir şərtlə ki, Məcəllədə başqa hal nəzərdə tutulmasın. Bu vergi ödəyiciləri qanunvericiliyin tələblərinə uyğun “Fərqlənmə nişanı” almalıdır. Avtomobillə sərnişin və yükdaşımalarda tətbiq edilən nişanlar müvafiq qurumlara yazılı formada müraciətinə əsasən iki iş günündən gec olmayaraq verilir.

Vergi Məcəlləsinin 218.4.4-cü maddəsi ilə müəyyən edilmiş şəxslər vergi orqanlarına bəyannamə vermir. Bu şəxslər sabit sadələşdirilmiş vergi ödəyiciləri olan fərdi sahibkarlardır.

Bəyannamənin təqdim edilməsi üsulları

Sadələşdirilmiş verginin bəyannaməsi vergi orqanına kağız (poçt xidməti vasitəsilə və ya xidmət yerinə getməklə) yaxud elektron daşıyıcıda təqdim edilə bilər. Kağız daşıyıcıda sadələşdirilmiş vergi bəyannaməsini hazırlamaq üçün formanı və onun doldurulma  qaydasını buradan yükləmək olar.

Xidmət yerində sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilərkən müvafiq vergi orqanının əməkdaşı bəyannaməni qeydiyyatdan keçirilir və qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilir.

Bəyannamə poçtla göndərildikdə, bəyannamənin vergi orqanına təqdim edildiyi vaxt onun poçta (rabitə təşkilatına) təqdim edildiyi gün hesab edilir. Poçtla daxil olan bütün bəyannamələr həmin gün qeydiyyata alınmalıdır.

Elektron daşıyıcıda vergi hesabatı Bəyannamə Tərtibat Proqramı (BTP) yaxud real vaxt rejimində (onlayn) hazırlanaraq təqdim edilə bilər.

BTP-də bəyannamənin hazırlanması qaydaları ilə Azərbaycan Mühasiblər Məktəbinin hazırladığı “Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması” vebinardan tanış olmaq olar.

Bəyannamənin elektron daşıyıcıda real vaxt rejimində (onlayn) təqdim edilməsi İnternet Vergi İdarəsinə (e-taxes.gov.az) daxil olunmaqla həyata keçirilir. Xidmətdən istifadə üçün vergi ödəyicisi Dövlət Vergi Xidməti tərəfindən verilmiş kod, şifrə, parol, yaxud gücləndirilmiş elektron imzaya malik olmalıdır:

Gücləndirilmiş elektron imza kimi aşağıdakıların birindən istifadə edilir:

  • Asan İmza;
  • E-İmza.

Bəyannaməni tərtib etmək üçün “Giriş” üzərində vurmaqla “Sistemə giriş səhifəsi”-ni  açmaq lazımdır. Sistemə daxil olmaq növü seçilir (istifadəçi kodu, parol və ya gücləndirilmiş elektron imza ilə). Bölmə adlı siyahıdan “e-Bəyannamə, ƏDV-DH,ŞHV” təyin edilir və “Daxil ol” düyməsi sıxılır. Açılan pəncərədə e-Bəyannamə → On-line sadələşdirilmiş bəyannamə alt menyusu seçərək On-line sadələşdirilmiş bəyannamə ekranını açıb bəyannamə tərtibinə başlamaq olar.

Sadələşdirilmiş vergi bəyannaməsinin real vaxt rejimində (onlayn) hazırlanması

On-line sadələşdirilmiş bəyannamənin bölmələrinin menyularını 3 qrupa aid etmək olar:

  • ümumi məlumat;
  • vergi hesablamaları;
  • əlavələr.

Ardıcıl olaraq həmin bölmələrə aid sahələri doldurmaqla bəyannaməni hazırlamaq və təqdim etmək mümkündür. Accounting.Az konsaltinq şirkətinin təklif etdiyi “Bəyannamələrin hazırlanması” kursuna yazılmaqla sadələşdirilmiş verginin bəyannaməsinin hazırlanması qaydalarını daha dərindən öyrənmək olar.


Print Friendly, PDF & Email