İdman mərc oyunları və lotereyalarda sadələşdirilmiş vergi

posted in: Xəbər | 0

Mərc oyunlarında sadələşdirilmiş vergi dərəcələri

Vergi Məcəlləsinin tələblərinə əsasən idman mərc oyunları məcburi qaydada sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət sahəsidir. Mərc oyunları, oyun zamanı baş verəcək hadisələrin, yarışların nəticələrinin qabaqcadan, düzgün proqnozuna əsaslanaraq keçirilir, qalib gəlmiş şəxslər pul ilə mükafatlandırılır. Qanunvericiliyə əsasən bu oyunun həm satıcıları olur, həm də operatorları. Onların hər ikisinin sadələşdirilmiş vergiyə cəlb edilməsi məcburidir.

Operator mütləq akkreditasiya edilmiş hüquqi şəxs olmalıdır, satıcı isə fiziki şəxs də ola bilər. Satıcı:

  • bütün əməliyyatları mərkəzləşdirilmiş sistemə bağlı olaraq təşkil edən agentdir;
  • operatorla müqavilə əsasında fəaliyyət göstərir;
  • ondan komissiya haqqı alır.

İdman mərc oyunları operatorunun iştirakçılardan qəbul etdiyi vəsaitə 6 faiz, satıcıya operatorun verdiyi komisyon haqqına 4 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. Hesablama zamanı vergiyə cəlb olunan məbləğdən iştirakçılara ödənilmiş mükafat məbləği çıxılmır. Eyni zamanda idman mərc oyunlarının operatoru satıcıya verdiyi komisyon haqqını verginin hesablanması zamanı nəzərə almır.

Nümunə: Mərc oyunlarının satıcısı iştirakçılardan 13500 manat qəbul etmiş, operatora köçürmüşdür. Qalib şəxslərə 2200 manat uduş verilib. Operator satıcıya 4200 manat komisyon haqqı ödəyib. Hər ikisi üçün sadələşdirilmiş vergisinin məbləği aşağıdakı kimi olacaq.

Biznes hesabi

Operator : 13500*6%=810 manat

Satıcı : 4200*4%=168 man.


Bəyannamə və hesabatların hazırlanması kursu


Lotereya satışında vergilər

2021-ci ilin sonunda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən lotereya biletlərinin satışını həyata keçirən şəxslə, həmçinin lotereya təşkilatçıları da məcbur sadələşdirilmiş vergi ödəyicisidir. Təşkilatçı satışdan qazanılmış məbləğdən 6%, satıcı isə ona verilmiş haqdan (mükafatdan) 4% sadələşdirilmiş vergi hesablayır.

Sonuncu dəyişikliklərə əsasən lotereya biletlərinin satıcısı əgər lotereya biletini təşkilatçıdan deyil, özündən əvvəlki satıcıdan almışdırsa onun gəlirləri sadələşdirilmiş vergidən azaddır.

Onu da qeyd edək ki, iştirakçılara münasibətdə belə uduşlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə daxil edilir və ödəmə mənbəyində vergi tutulur. Vergi tutulan zaman oyuna qoşulmaq üçün ödənilmiş məbləğ nəzərə alınır. Verginin dərəcəsi 10%-dir. Həm lotereya, həm də mərc oyunlarında pul formasında qazanılmış uduşun 500 manatı vergidən azaddır.

Vergi hesabatlarının təqdim edilməsi

Məlumdur ki, bəzi hallar istisna olmaqla, vergi hesablandıqdan sonra onun bəyan edilməsi tələbi qanunla tələb olunur. Vergilər, onlar üçün müəyyən edilmiş müddətdə bəyan edilməli və ödənməlidir. Verginin bəyan edilməsi müddəti adətən onun üçün müəyyən edilmiş hesabat dövrü bitdikdən sonra başlayır. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Bəyannamə əvvəlki rüb üçün yeni rübün ilk ayının 20-sindək təqdim edilir.

Sadələşdirilmiş verginin ödəyicisi olmuş şəxs fəaliyyətini dayandırsa da, uçotdan çıxsa da, eyni qaydada, yəni rüb bitəndən sonra növbəti ayın 20-sinə kimi vergi hesabatı təqdim edir. Analoji olaraq operator və satıcı olan şəxslər rüblük hesablanmış sadələşdirilmiş vergi üçün rüb bitəndən sonra, yeni rübün ilk ayının 20-dən gec olmamaqla Dövlət Vergi Xidmətinin müəyyən etdiyi xüsusi formaya əsasən vergi orqanına hesabat verməli, habelə eyni müddətə qədər vergi məbləğini büdcəyə köçürməlidirlər.

Uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində vergini tutmağa, ay bitdikdən sonra növbəti ayın 20-sinədək “Uduşlardan əldə edilmiş gəlirlərdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”ni təqdim etməyə borcludur.

442 saylı “Gələcək hesabat dövrlərinin gəlirləri” hesabı üzrə uçot (2-ci hissə)