Sadələşdirilmiş vergi ödəyiciləri mallarının maya dəyərini necə hesablamalıdır?

posted in: Xəbər | 0
birbank biznes

Maya dəyərinə təsir edən amillər

Sadələşdirilmiş vergi ödəyiciləri üçün malların uçotu digər vergi növlərində aparılan uçotla oxşar olsa da, müəyyən fərqlər var. Maya dəyərinin formalaşmasına təsir edən bu fərqlər əsas etibarilə sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV ödəyicilərindən mal alan zaman yaranır. Belə ki, sadələşdirilmiş vergi ödəyiciləri ƏDV ödəyicisi deyil (Vergi Məcəlləsi, maddə 219.5), odur ki, malları alarkən ödədikləri ƏDV-ni əvəzləşdirə bilmirlər. Nəticədə ödənilmiş ƏDV satılmış malların maya dəyərinə daxil edilir. Nəticədə sadələşdirilmiş vergi ödəyicilərində ƏDV ödəyicilərindən fərqli olaraq, eyni müəssisədən alınmış malların maya dəyəri yüksək olacaq. Sadələşdirilmiş vergi ödəyiciləri nəzərə almalıdırlar ki, vergitutma məqsədi üçün aktivlərin dəyərinə  aşağıdakıları aid edir:

  • onların gətirilməsinə, alınmasına, tikilməsinə, istehsalına, quraşdırılmasına, qurulmasına çəkilən xərcləri;
  • vergi ödəyicisinin gəlirlərdən çıxılmağa hüququ olduğu xərcləri;
  • aktivlərin dəyərininin artmasında iştirak edən digər xərclər.

Sonuncu xərclərin tərkibində əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsi nəticəsində əmələ gələn fərq (yenidən qiymətləndirilmədən sonra əmələ gələn müsbət fərq) istisnadır.

Həmçinin, sadələşdirilmiş vergi ödəyicisi:

  • özünün satmaq
  • istehsalda istifadə etmək
  • bu qəbil işlərdə istifadə üçün saxladığı malları əmtəə-material ehtiyatı kimi uçotda göstərməlidir.

Uçot üçün dəyər olaraq isə malın, materialın ilkin dəyəri, məsələn alınmışdırsa alış dəyəri, istehsal edilmişdirsə hazır məhsula çevrilərkən formalaşan dəyər götürülür. Sadələşdirilmiş vergi ödəyicisi həmin malların saxlanması, daşınmasına çəkilən xərcləri onların dəyərinə əlavə etməlidir. Uçot zamanı ola bilər ki, hər hansı mallar köhnəlsin, dəbdən düşsün yaxud müəyyən səbəblərdən öz ilkin dəyərindən aşağı qiymətə satıla biləcək hala gəlsin. Həmin mallar real satıla biləcəkləri qiymətlə uçotda göstərilə bilər.


Mühasibatın olmaması maliyyə itkiləridir. Biz sizin vəsaitləri qoruyarıq!


Uçot zamanı tətbiq edilən qiymətləndirmə metodları

Sadələşdirilmiş vergi ödəyicisi malların uçotunu hər bir mal üzrə ayrı ayrılıqda aparmasa, orta maya dəyəri ilə qiymətləndirmədən, yəni orta xərc metodundan (AVCO – Average Cost Method-un qısaldılmış forması) istifadə edərək əmtəə-material ehtiyatlarının uçotunu apara bilər.

AVCO – orta dəyər metodu hazır məhsulların maya dəyərini müəyyən etməyin ən geniş yayılmış üsullarından biridir. Bu metodun əsas üstünlüyü, hətta, qeyri-sabit iqtisadiyyatda belə ehtiyatları adekvat qiymətləndirməyə imkan verməsidir. Metodun mahiyyəti məhsulun orta dəyər vahidində ifadəsidir.

Xatırladaq ki, orta maya dəyəri metodu mühasibat uçotu dövrü aparıldığı hallarda dəyərin hesablanması üsuludur. Mühasibat uçotu davamlı aparılırsa, hər mədaxil və ya məsrəfdən sonra yenidən hesablama aparılır.

Bir sıra sadələşdirilmiş vergi ödəyiciləri malların idxalı zamanı maya dəyərinin hesablanmasında gömrük orqanı tərəfindən müəyyən edilmiş statistik dəyərdən istifadə edir. Lakin, bu tamamilə yanlışdır, malların maya dəyərinin əksər hallarda şişirdilməsi, nəticədə isə maya dəyəri xərcinin çox, mənfəətin isə az göstərilməsi ilə nəticələnir.

Düzdür, sadələşdirilmiş vergi ödəyiciləri vergi hesablayan zaman gəlirdən xərcləri çıxmırlar, onlarda vergitutma üçün mənfəət anlayışı yoxdur. Amma,  istənilən halda bu doğru deyil, çünki,  gələcəkdə həmin sadələşdirilmiş vergi ödəyicisi keçmiş tarixə ƏDV qeydiyyatına durarsa, bu onda ciddi çətinliklər yarada bilər.

Sadələşdirilmiş vergi ödəyicilərinin mühasibatlığını aparan gənc mühasiblər bilməlidirlər ki, vergi uçotu baxımından mühasibatlığın mövcud LİFO, FİFO, AVCO metodlarından yalnız son ikisindən istifadə edilə bilər.


Print Friendly, PDF & Email