Sadələşdirilmiş vergi ödəyiciləri kimlərdir

posted in: Vergi, Xəbər | 0

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik şəxslər

“Sadələşdirilmiş vergi nədir və ödəyiciləri kimlərdir?” sualının birinci hissəsinə burada cavab vermişik. Qısaca desək, bu vergi növü sərt tələbləri olan, onun ödəyicisi olmaq hüququnun məhdudlaşdırıldığı yaxud qadağa qoyulduğu tədiyyədir. Ümumən, sadələşmiş vergi ödəyiciləri siyahısına keçmək hüququ olan vergi subyektlərinin əhatəsi kifayət qədər böyükdür.

“Kimlər sadələşdirilmiş vergi ödəyicisi ola bilər?” yaxud “Kimlər sadələşdirilmiş vergi ödəyicisi ola bilməz?” suallarına cavab tapmaq üçün AR Vergi Məcəlləsinin XVII fəslinə müraciət etmək lazımdır.

Məcəllənin 218.1-ci maddəsi sadələşmiş vergi ödəyicisi olmaq hüququna malik şəxsləri müəyyən edir. Həmin maddəyə görə, siz hansısa konkret fəaliyyət növünə görə ƏDV ödəyicisi deyilsinizsə, əvvəlki 12 aylıq dövriyyəniz 200 min manatı aşmırsa yaxud belə limiti aşırsınız, lakin fəaliyyətiniz ictimai iaşədirsə sadələşmiş verginin ödəyicisi ola bilərsiniz.

Biznes hesabi

Vergitutma məqsədləri üçün satış dövriyyəsi hesablanan zaman, vergidən azad edilmiş dövriyyə nəzərə alınmamalıdır.

Hüququnuzdan istifadə barədə aprelin 20-sinə kimi vergi orqanına bildirməlisiniz, əks halda əvvəlki ildə hansı verginin ödəyicisi idinizsə, o da il boyu tətbiq ediləcək. Məlumat üçün sadə məktub yazmanız kifayətdir. Həmin vaxta qədər bəyannamə təqdim etməklə də məlumat vermək mümkündür.

Sual oluna bilər, bəs vergi ödəyicisi təqvim ili ərzində yeni qeydiyyata alınmışdırsa, necə edilir? Bildirək ki, belə şəxslər vergi uçotuna durduqları zaman təqdim etdikləri ərizədə qeyd etdikləri metodu tətbiq edirlər.

Qeyd edək ki, Vergi Məcəlləsinə 2024-cü ilin yanvardan birindən qüvvəyə minən düzəlişlər əlavə dəyər vergisi (ƏDV) ödəyici olan vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi zamanı, onun vergi mükəlləfiyini seçmək (sadələşdirilmiş və ya gəlir (mənfəət) vergisi) hüququnu tanyır. Sadələşdirilimş vergininin seçilməsi 218.1-ci maddənin tələblərinə uyğun, yuxarıda qeyd edilən qaydada həyata keçirilir.

2024-cü il tarixdən yeni məzmunda Məcəlləyə əlavə edilən 218.2-1 maddyə görə vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə və vergi ödəyicisi bu rejimdə azı 1 il ərzində fəaliyyət göstərmişdirsə, o, istənilən vaxt fəaliyyətini sadələşdirilmiş vergi ödəyicisi  kimi (218.1.1-ci maddəyə uyğun) davam etdirmək barədə müraciət edə bilər.

Sadələşdirilmiş vergi ödəyiciləri

Qeyd etmək lazımdır ki, yuxarıdakı müddəalar “Sadələşdirilmiş vergi nədir və ödəyiciləri kimlərdir?” sualını tam cavablandırmır. Unutmaq olmaz ki, bu müddəalar XVII fəslin ümumi normalarıdır. Bu normalar “Kimlər sadələşdirilmiş vergi ödəyicisi ola bilər?” sualını müəyyən mənada aydınlıq gətirir. Amma Məcəllənin həmin fəslində bəzi xüsusi normalar da müəyyən edilib. Bu normalar çərçivəsində:

  1. bir qrup şəxslərə münasibətdə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquq deyil, tələbdir (maddə 218.4);
  2. bir qrup vergi ödəyiciləri üçün isə sözügedən hüquq tanınmamışdır (maddə 218.5).

Daha dəqiq desək, bu fəslin xüsusi normaları mütləq sadələşmiş vergi ödəyicisi olmalı şəxslərin əhatəsini müəyyən edir, həmçinin “Kimlər sadələşdirilmiş vergi ödəyicisi ola bilməz?” sualına aydınlıq gətirir.

Yuxarıda qeyd etdiyimiz qruplardan birincisinə aid olan sahibkarlıq subyektləri qeyd-şərtsiz sadələşdirilmiş verginin ödəyiciləri sayılır, bu şəxslərə AR VM-in 218.1 maddəsinin tələbləri şamil edilmir. Onlar aşağıdakılardır:

  • VM-in 281.4.1 maddəsinin müddəaları nəzərə alınmaqla AR ərazisində sərnişin daşımaları ilə (o cümlədən taksi ilə) məşğul olan şəxslər;
  • idman mərc oyunları operatoru və satıcısı, lotereya təşkilatçısı, lotereya biletlərinin satıcıları;
  • mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən fiziki şəxslər;
  • məcəllənin 220.10-cu maddəsində sadalanan fəaliyyətlə muzdlu işçi cəlb etmədən fərdi məşğul olan fiziki şəxslər.

Beləliklə, Məcəllənin 218.1, 218.2, 218.4 maddələri  “Sadələşdirilmiş vergi nədir və ödəyiciləri kimlərdir?” sualına tam aydınlıq gətirir, yalnız sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərini müəyyən edir. Eyni zamanda bu maddələrdəki məhdudlaşdırmalar, “Kimlər sadələşdirilmiş vergi ödəyicisi ola bilməz?” sualını da aktual edir.

Sadələşdirilmiş rejimin əhatəsinə düşməyən şəxslər

Əgər “Kimlər sadələşdirilmiş vergi ödəyicisi ola bilər?” qadağası varsa, təbii ki, belə ödəyici ola  bilməyən şəxslərin də əhatəsi dəqiqi müəyyən edilməlidir. Daha əvvəl qeyd etdiyimiz kimi, Məcəllənin 218.5 maddəsi bir sıra sahibkarlıq subyektinə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ tanımır. Həmin maddədə belə şəxslərin tam siyahısı sadalanıb. Aşağıda bu siyahıdan bəzi nümunələr göstərilib:

VM, 17-ci fəsli, 218.5-ci maddə. Kimlər sadələşmiş vergi ödəyicisi ola bilməz? Aksizli mallar istehsal edən şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, lombardlar və sair.


Vergi bəyannamələri və hesabatlarını keyfiyyətli və operativ hazırla!


Gəlin bu şəxslərin bəzisi haqqında daha ətraflı məlumat verək. İlk olaraq gördüyümüz kimi, aksizli, məcburi nişanlanma ilə nişanlanmalı mallara münasibətdə yalnız onların istehsalçılarının sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur. Bu cür malları istər topdansatış, istərsə də pərakəndə satış qaydası ilə satanlar üçün isə belə qadağa yoxdur.

Həmçinin banklar, bank olmayan kredit təşkilatları (BOKT) və lombardlar bu verginin ödəyicisi ola bilməzlər.

Fiziki yaxud hüquqi şəxs olaraq siz əmlakın icarəyə verilməsi xidmətini həyata keçirə bilərsiniz. Belə fəaliyyətlə məşğula olan şəxslərdən kimlər sadələşdirilmiş vergi ödəyicisi ola bilər? Fiziki şəxs olduqda icarədən gəlir 14% dərəcə ilə vergilənir, hüquqi şəxs olduqda isə 20 % dərəcəylə mənfəət vergisinə cəlb edilir. Yəni belə bir əməliyyatlardan gəlirlərinizi sadələşdirilmiş vergiyə cəlb etməyiniz mümkün deyildir. Lakin, bunlarla yanaşı başqa fəaliyyətiniz olarsa, onlara görə ümumi qaydada sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün müraciət edə bilərsiniz. Əsas odur ki, uçotu ayrıqlıqda aparmaqla düzgün təşkil edin.

Daha kimlər sadələşdirilmiş vergi ödəyicisi ola bilməz? Məsələn, qeyri-dövlət pensiya fondları, təbii inhisarçılar (təbii monopoliya) sadələşmiş vergi ödəyicisi ola bilməzlər. Belə inhisar subyektlərinə Azərişıq, Azərsu, Azərqaz və s kimi müəssisələri göstərmək olar. Təbii inhisar subyektlərinin siyahısı ilə buradan tanış ola bilərsiniz. Beləliklə, “Sadələşdirilmiş vergi nədir və ödəyiciləri kimlərdir?” sualını cavablandırmağa çalışdıq. Amma, nəzərə alın ki, onun əhatəsi genişdir, tətbiq mexanizmi də müxtəlifdir. Daha ətraflı məlumatları bu keçiddən ala bilərsiniz.

Boş­da­yan­ma vax­tı əmə­yin ödə­nil­mə­si