Sadələşdirilmiş verginin dərəcələri
Müəyyən kateqoriyaya aid edilən vergi ödəyiciləri vergilərin hesablanması və ödənilməsi zamanı sadələşdirilmiş vergi metodundan istifadə edir. Sadələşmiş verginin hesablanması zamanı aşağıdakı üsullarla müəyyən edilən vergi dərəcələri tətbiq edilir:
- faiz dərəcəsi tətbiq edilməklə;
- sabit vergi dərəcəsi tətbiq edilməklə;
- müəyyən düstur əsasında hesablama aparmaqla.
Faiz dərəcəsi hasilata görə (2 yaxud 8%), idman mərc oyunlarında (4 və 6%), nağd pulun bankdan çıxarılması zamanı (1%) sadələşdirilmiş vergi hesablamalarında tətbiq edilir.
Sabit vergi dərəcəsindən əsasən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) sahibkarlıqla məşğul olan fiziki şəxslər, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin, habelə yük daşımaları həyata keçirən vergi ödəyiciləri istifadə edir.
Torpaq, yaşayış, həmçinin qeyri yaşayış sahələrinin alqı satqısı prosesində sadələşmiş verginin hesablanması müxtəlif amilləri nəzərə alan düsturlarla aparılır.
Hasilata görə sadələşdirilmiş verginin hesablanması
Sadələşdirilmiş vergi dərəcəsi fəaliyyət sahəsindən, həyata keçirilən əməliyyatdan, mülkiyyətin yerləşdiyi yerdən və sair şərtlərdən asılıdır, ən çox rast gəlinən 2%-lik dərəcədir. O, aşağıdakı hallarda tətbiq olunur:
- təqdim edilmiş mal, iş, xidmətlərə görə;
- bu kateqoriyaya aid ödəyicilərin satışdankənar gəlirlərinə.
Qeyd edək ki, 01.01.2019-cu ilədək Bakıda bu dərəcə 4% idi.
Əgər ictimai iaşə müəssisələrinin dövriyyəsi 200000 AZN-dən çoxdursa, onlar sadələşdirilmiş vergiyə 8%-lə cəlb olunur.
Vergi hesablanarkən gəlirin əldə edilməsinə çəkilmiş .xərclər çıxılmır. Gəlir (mənfəət) vergisi ödəyicilərindən fərqli olaraq sadələşdirilmiş vergi ödəyicilərinə vergitutma məqsədləri baxımından kassa, hesablama metodu tətbiq edilmir.
Vergi müvafiq dərəcənin hasilata vurulması yoluyla tapılır.
Nümunə 1: Sadələşdirilmiş vergi ödəyici “Gözəl Şəhər” MMC rüb ərzində 6000 manatlıq mal satmışdır. Həmin malların satışından 3400 man pul daxil olmuş, 2600 man debitor borc yaranmışdır. Sadələşmiş vergini hesablayaq : 3400*2%=68 man.
Nümunə 2: İctimai iaşə fəaliyyətli sadələşmiş vergi ödəyicisi rüb ərzində əhaliyə 12000 manatlıq qida məhsulları təqdim etmişdir. Bu vergi ödəyicisinin ötən rüb ardıcıl 12 aylıq dövründə satışları 200.000 manatdan artıq olduğuna görə vergiyə 8% ilə cəlb edilmək üçün ərizə ilə müraciət etmiş, ərizəsi təmin edilmişdir. Rüblük sadələşdirilmiş verginin məbləğini hesablayaq: 12000*8% =960 man.
Sərnişin və yükdaşımada sadələşdirilmiş verginin hesablanması
Avtomobillə sərnişin, yük daşımalar zamanı vergi məbləği faizlə deyil, sabit məbləğlə ifadə olunan vergi dərəcəsinə uyğun hesablanır.
Məsələn, taksi fəaliyyəti zamanı (sərnişin daşıma) sabit vergi dərəcəsi nəqliyyat vasitələrinin hər birinə 9 AZN-dir (VM, maddə 220.5).
Lakin hesablamaya təsir edən amillər bununla bitmir. Daşınmanın həyata keçirilmə yerinə görə əlavə əmsallaşma aparılır.
Qeyd edək ki, sərnişinlər yaxud yüklər müxtəlif şəhər (rayon, kənd) arasında daşınarsa, yuxarıdakı sıralama üzrə birdən artıq sətrə uyğun olarsa, yuxarı dərəcə götürülür. Hesablama zamanı nəqliyyat vasitəsinin, onun sahibinin harada qeydiyyatda olması əhəmiyyət kəsb etmir. Əsas olan onun sürüldüyü yerdir.
Əgər nəqliyyat vasitəsi etibarnaməli (vəkalətnamə və s.) idarəetmədədirsə, vergini sürücü ödəməlidir, digər hallarda verginin ödənilməsi məsuliyyəti sahibin üzərində qalır.
Təcrübədə olur ki, şirkət öz balansındakı avtomobili sürmək məqsədi ilə işçiyə verir. Belə olduqda sadələşdirilmiş vergini firma özü ödəməlidir.
Nümunə 3: Yükgötürmə qabiliyyəti 6 ton olan yük avtomobili Bakı şəhərindən Sumqayıt şəhərinə, habelə əksinə tikinti materialları daşıyır. Verginin məbləğini hesablayaq: (6*1)*2=12 azn
Nümunə 4: Gəncə şəhərində fəaliyyət göstərən avtobusun oturacaqlarının sayı 32-dir. İndi isə aylıq sadələşmiş verginin məbləğini hesablayaq: (32*1.8)*1.5=86.4 azn
Avtomobilin qeydiyyat şəhadətnaməsində ona məxsus özəlliklər (oturacaq yerləri, yükgötürmə qabiliyyəti) əks olunur. Əgər bu məlumatlar şəhadətnaməyə daxil edilməyibsə, onların müəyyən edilməsi vergi orqanına DİN-nin təqdim etdiyi arayış əsasında həyata keçirilir. Arayış almaq da mümkün olmadıqda sadələşdirilmiş vergi faktiki oturacaq yerinə uyğun hesablanır. Yerlərin faktiki sayını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən edir.