Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti

posted in: Vergi, Xəbər | 0

Sadələşdirilmiş verginin dərəcəsi və vergitutma bazası

Sadələşdirilmiş vergi necə hesablanır? İstənilən vergi növündə olduğu kimi, yəni sadələşdirilmiş verginin hesablanması zamanı ödəniləcək məbləği hesablamaq üçün vergitutma bazası və tətbiq edilən vergi dərəcələri müəyyən edilməlidir, belə ki, sadələşmiş vergi məbləği onların hasilinə bərabərdir. AR Vergi Məcəlləsinin 12-ci maddəsində vergitutmanın əsas elementləri kimi xarakterizə edilir. Sadələşdirilmiş verginin vergitutma bazası “vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir” (maddə 12.4). Bunu nümunələrlə izah edək:

Nümunə 1: Məcəllənin 218-ci maddəsinə uyğun hasilatdan sadələşmiş vergi ödəyicisi olmaq hüququna malik şəxslər üçün vergitutma obyekti ümumi hasilatın, habelə ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna olmaqla satışdankənar gəlirlərin həcmidir. Bəs öz məhsullarını satan kənd təsərrüfatı məhsullarının istehsalçılarında sadələşdirilmiş vergi necə hesablanır? Belə ödəyicilər qeyd edilən maddəni tətbiq edərkən VM-in 218-1.1.1. maddəsini nəzərə alınmalıdırlar: bu fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin həmin məhsulların satışından əldə etdiyi hasilatın həcmi 2014-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azaddır, yəni bu şərtlər daxilində onların sadələşdirilmiş verginin hesablanması üçün vergitutma bazası “0”-dır.

Nümunə 2: Xüsusi mülkiyyətindəki yaşayış sahələrini təqdim edən fiziki şəxslər üçün həmin yaşayış sahəsi sadələşmiş verginin vergitutma obyektidir (VM, maddə 219.3-1). Vergitutma bazası müəyyən edilərkən isə həmin sahə 30 kvadratmetr azaldılır (VM, maddə 218-1.1.5.3).

Sadələşdirilmiş verginin dərəcəsi məhz VM-in tələbləri nəzərə alınmaqla müəyyən edilən sadələşmiş vergi üzrə vergitutma bazasına tətbiq edilir. O, aşağıdakı üç üsuldan biri tətbiq edilməklə müəyyən edilir:

  • faiz dərəcələri vasitəsi ilə;
  • sabit vergi məbləğləri vasitəsi ilə;
  • düstur tətbiq etməklə.

Sadələşdirilmiş vergi dərəcəsi, onun tətbiq istiqamətləri haqqında buradan ətraflı oxuya bilərsiniz.

Sadələşdirilmiş verginin hesablanması qaydası

Hesablamalar aparılması, hesablanmış sadələşdirilmiş vergi məbləğinin ödəmə müddətləri, habelə vergi bəyannaməsinin verilməsi qaydaları AR VM-in 221-ci maddəsi ilə tənzimlənir. Bu zaman aşağıdakılar nəzərə alınmalıdır:

  1. hər hesabat dövrü üçün (hesabat dövrü rübdür) həmin dövrün ümumi hasilatına Məcəllənin 220-ci maddəsinə uyğun vergi dərəcəsi tətbiq etməklə sadələşdirilmiş vergi hesablanır;
  2. yuxarıdakı qayda 218.4-cü maddəsi ilə müəyyən edilən məcburi bu vergi ödəyicisi olan şəxslərə aid deyil;
  3. hüquqi şəxslərin və fərdi sahibkarların bank hesabından nağdılaşma zamanı, hər dəfə çıxarılan məbləğə 1 faiz dərəcə tətbiq edilməklə, banklar tərəfindən sadələşmiş vergi hesablanması həyata keçirilir.

“İkinci sətirdə qeyd edilmiş vergi ödəyicilərində sadələşdirilmiş vergi necə hesablanır?” sualına növbəti bölümdə ətraflı cavab verilib. Hələ ki, nümunələr əsaslında  digər hallar üçün sadələşdirilmiş vergi hesablaması qaydasına baxaq.

Nümunə 3: Pərakəndə satışla məşğul olan fərdi sahibkarın rüblük dövriyyəsi 14000 manat olub. Sadələşdirilmiş verginin hesablanması belə olacaq:

14000 * 2% = 280 manat.

Nümunə 4: “ABC” MMC topdansatış ticarəti ilə məşğul olur. Rüblük dövriyyəsi 30000 manatdır. Nə qədər sadələşmiş vergi ödəməlidir?

Topdansatış qaydasında malları təqdim edən şəxslər bu verginin ödəyicisi deyil.

Nümunə 5: Kənd təsərrüfatı məhsulları istehsalçısı olan şəxsin rüb ərzində satışdan daxilolmaları 45000 manatdır. Bundan 30000 manatı öz istehsalı, qalanı isə qonşu təsərrüfatlardan alaraq satdığı kənd təsərrüfatı məhsullarıdır. Sadələşdirilmiş vergi dərəcəsi hansı məbləğə tətbiq ediləcək?

Nəzərə alsaq ki, k/t məhsullarının istehsal edən şəxsin özünün istehsal etdiyi təsərrüfatı məhsullarının satışından hasilat 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşmiş vergidən azaddır, sadələşdirilmiş verginin vergitutma bazası belə olacaq: 45000-30000 =15000 manat

Məcburi sadələşdirilmiş vergi ödəyicilərində hesablamalar

VM-nin 218.4 maddəsi satış dövriyyəsindən asılı olmayaraq məcburi sadələşmiş vergi ödəyici olan şəxsləri əhatə edir. Həmin ödəyicilərdə sadələşdirilmiş verginin hesablanması  vergitutma bazasına:

  • faiz dərəcəsi;
  • sabit vergi məbləği;
  • düstur tətbiq etməklə aparıla bilər.

İdman-mərc oyunları, habelə lotereya satışı zamanı, operator, təşkilatçı və satıcılara faiz dərəcəsi tətbiq olunur. Bəs sadələşdirilmiş vergi necə hesablanır? Həmin hesablamalar haqqında buradan məlumat verilib.

Avtonəqliyyatı vasitələri ilə sərnişin daşıma xidməti göstərən şəxslərə daşınma növündən asılı olaraq VM-in 220.5 maddəsi ilə müəyyən edilmiş ölçü vahidinə aylıq sabit dərəcə tətbiq olunur. Bu zaman belə xidmətin göstərildiyi əraziyə uyğun əmsallardan istifadə edilir.

Sabit dərəcə ilə hesablama muzdlu işçi cəlb etmədən Məcəllənin 220.10 maddəsində qeyd edilən fəaliyyətlə fərdi qaydada məşğul olan fiziki şəxslərə də tətbiq edilir. Hesablamalarda ərazilər üzrə əmsallardan istifadə edilir. Buraya keçid etməklə hesablama nümunələri ilə tanış olmaq olar.

Düstur tətbiq etməklə sadələşdirilmiş verginin hesablanması fiziki şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış, habelə torpaq sahələrinin alqı-satqısı zamanı ödəmə mənbəyində notariuslar tərəfindən istifadə edilir.

Ödəmə müddəti, hesabatlılıq

Biz yuxarıda “Sadələşdirilmiş vergi necə hesablanır?” sualına cavab verməyə çalışdıq. Bəs vergi nə vaxt ödənir, hesabatlar necə təqdim olunur?
Sadələşmiş verginin ödəyiciləri ödənilməli vergi məbləği haqqında hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq:

  • bəyannamə təqdim edir;
  • hesablanmış vergini dövlət büdcəsinə ödəyir.

Aşağıdakı hallarda da hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq faktiki fəaliyyət dövrü üçün bəyannamə təqdim edilir:

  • sadələşdirilmiş vergi ödəyicisi fəaliyyətini dayandırarsa;
  • hüquqi şəxsin ləğvi yaxud fərdi sahibkarın fəaliyyətinə xitam verilərsə.

İdman mərc oyunlarının operatoru və satıcıları, habelə lotereya təşkilatçıları və lotereya satıcıları da sadələşdirilmiş verginin hesablanmasını Məcəlləyə uyğun hesabat rübü üzrə aparır, müvafiq forma üzrə  bəyannamə təqdim edir, uyğun məbləği dövlət büdcəsinə ödəyirlər.

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri: MHBS-a uyğun təsnifat və tanınma

Print Friendly, PDF & Email