218 saylı “Şübhəli borclar üzrə düzəlişlər” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Şübhəli borclar anlayışı

Mühasibat uçotu subyektlərinin debitor borcları müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilmədikdə yaxud ödənilmə ehtimalı çox az olduqda, habelə müvafiq təminatlarla təmin edilmədikdə şübhəli hesab olunur.

Bir qayda olaraq, şübhəli borcların müəyyən edilməsi borclularla hesablaşmaların inventarizasiyası, üzləşdirilməsi və ya başqa üsulla (məsələn, borclunun ödəmə qabiliyyətinin səviyyəsi haqqında məlumatların toplanması) həyata keçirilir. Belə borc bir-sıra səbəblərdən yarana bilər, məsələn:

  • borcun ödənilməsi şərtlərinin pozulması;
  • borclunun maliyyə müflisləşməsi və sair.

Belə bir vəziyyəti təsəvvür edək: şirkət bir alıcı ilə müqavilə bağlayıb və malları göndərib. Lakin qarşı tərəf vaxtında ödəniş etməyib, borcun təminatı da təmin edilməyib. Bu cür debitor borc şübhəlilər kateqoriyasına aid edilir, çünki üç məcburi şərt eyni vaxtda yerinə yetirilir:

  • borc malların satışı (işlərin görülməsi və ya xidmətlərin göstərilməsi) ilə əlaqədar yaranıb;
  • qarşı tərəf müqavilə üzrə vaxtında ödəniş etməyib;
  • borcun girov, zaminlik və ya bank zəmanəti kimi təminatı yoxdur.

Mühasibat uçotu subyektləri digər müəssisələrlə məhsullara, mallara, işlərə və xidmətlərə görə hesablaşmalar üzrə şübhəli borclar üçün ehtiyat fondu yarada bilər. Yaradılmış ehtiyat məbləğləri təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilir.

Şübhəli borclar üzrə ehtiyatlar

Ehtiyat gözlənilməz xərclərdən sığorta növüdür. Təbii ki, şübhəli debitor borclar üzrə ehtiyat yaratmamaq da olar, amma qarşı tərəf müqavilə üzrə ödənişi gecikdirirsə (və ya ümumiyyətlə ödəmirsə), o zaman şirkətə öz xərclərini, əməkhaqqını və s. ödəmək üçün vəsait tapmalı olacaq (borclar, kredit vəsaitləri və ya mənfəətdən).

Şübhəli borclar üzrə ehtiyat qarşı tərəfin maliyyə öhdəliklərin yerinə yetirməməsi nəticəsində yaranan şübhəli borcların ödənilmə mənbəyidir.

Debitor borcun şübhəli kimi tanınması xüsusiyyətləri və ehtiyatın yaradılması qaydaları uçot siyasətində müəyyən edilir.

Ehtiyat fondları yalnız ümidsiz borclar üzrə zərər məbləğini ödəməyə yönəldilər bilər. Rəhbərliyin təşkilatın faktiki maliyyə vəziyyətini görməsi üçün debitor borclarının miqdarında dəyişiklikləri daim izləmək lazımdır, çünki borcun faizi dəyişə bilər.

Şübhəli borclar üçün ehtiyat elə yaradılır ki, vergi ödəyicisinin maliyyə hesabatlarında onun debitor borcları haqqında məlumatlar etibarlı olsun.

Debitorlar üzrə şübhəli borclara ehtiyatın artırılması yaxud azaldılması (bərpası) mühasibat arayışları əsasında rəsmiləşdirilir. Tənzimləmələr 218 saylı “Şübhəli borclar üzrə düzəlişlər” hesabı vasitəsi ilə aparılır.

218 saylı “Şübhəli borclar üzrə düzəlişlər” hesabı üzrə uçot

Bu hesab Hesablar Planının 2-ci bölmənin (“Qısamüddətli aktivlər”)  21-ci maddəsində (“Qısamüddətli debitor borcları”) açılan hesablardan biridir. AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaların” 23.1-ci maddəsinə görə 21 hesab üzrə  aşağıdakı hesablar açıla bilər:

212 saylı “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”;

212 saylı “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”;

213 saylı “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları”;

214 saylı “İcarə üzrə qısamüddətli debitor borcları”;

215 saylı “Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları”;

216 saylı “Faizlər üzrə qısamüddətli debitor borcları”;

217 saylı “Digər qısamüddətli debitor borcları”;

218 saylı “Şübhəli borclar üzrə düzəlişlər”

Şübhəli debitor borclar üzrə ehtiyatın məbləği borclunun maliyyə vəziyyətindən (ödəmə qabiliyyətindən) və borcun tam və ya qismən ödənilməsi ehtimalının qiymətləndirilməsindən asılı olaraq hər bir şübhəli borc üçün ayrıca müəyyən edilir.

218 saylı “Şübhəli borclar üzrə düzəlişlər” hesabda mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar şübhəli borclar üzrə düzəlişlərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

218 saylı hesab üzrə tənzimləmələr

“Şübhəli borclar üzrə düzəlişlər” hesabı üzrə tənzimləmələr yuxarıda qeyd edilən Qaydaların 23.18, 23.19.1, 23.23, 23.27 bəndləri üzrə aparılır.

Şübhəli debitor borclar üzrə ehtiyatlara düzəlişlərin aparılması üçün  731 saylı hesabın debeti və 218 saylı hesabın krediti üzrə mühasibat yazılışı verilir.

Malların (işlərin, xidmətlərin) satışı zamanı yaranan şübhəli borclar üzrə düzəlişlər Qaydaların 23.19.1 bəndi əsasında aparılır.

Ümidsiz debitor borca görə şübhəli borclar üzrə əvvəlki dövrlərdə hesablanmış düzəlişlər bu Qaydaların 23.23 və 23.27 bəndləri əsasında tənzimlənir.

Şübhəli borclar üzrə ehtiyatın yaradılması üzrə müxabirləşmə

Nümunə:  “A” MMC satış sahəsində fəaliyyət göstərir və fəaliyyət sahəsini genişləndirə bilmək üçün “B” MMC ilə müddəti 2 il olan, 90000 manat dəyərində yeni müqavilə imzalamışdır. İmzalanan müqavilənin şərtlərinə əsasən  “A” MMC -nin  müəyyən güzəştlər  etməsinə baxmayaraq qarşı tərəf yaranan debitor borcunu 2 il müddətində ödəyə bilmədiyinə görə “A” MMC məhkəməyə müraciət etmişdir. Mövcud vəziyyətlə bağlı məhkəmənin qəbul etdiyi qərara əsasən “B” MMC-nin yaranan borcu ödəyə biləcək durumda olamadığı müəyyən edilmiş, sözügedən borcun 5%-i şübhəli borclar üzrə ehtiyyata aid edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Şübhəli borclar üzrə ehtiyyatın yaradılması 731 – Sair əməliyyat xərcləri 218 – Şübhəli borclar üzrə düzəlişlər 4500.00

217 saylı “Digər qısamüddətli debitor borcları” hesabı üzrə uçot

Print Friendly, PDF & Email