Əmək müqaviləsi sınaq müddəti olmadan bağlanırmı?

posted in: Xəbər | 0
birbank biznes

Sınaq müddəti nədir?

Bildiyimiz kimi, əmək müqaviləsi işəgötürənlə işçinin münasibətlərini rəsmiləşdirən yeganə sənəddir. Qanunvericiliyə müvafiq olaraq, müqavilədə ilkin sınaq şərtlərinin göstərilməsi işəgötürənin əsas hüquqlarındandır. Sınaq müddəti işçinin peşəkarlığının, onun öz vəzifələrini yerinə yetirmək bacarıqlarının yoxlanması üçün verilən vaxt intervalıdır. Əmək müqaviləsi belə müddət müəyyən edilməklə yaxud edilmədən bağlana bilər. Bu,  Əmək Məcəlləsinin 51,52,53-cü maddələri ilə tənzimlənir.

Sınaq müddəti üzrə əmək müqaviləsində qeydlər  

Əmək müqaviləsində sınaq müddəti 3 aydan çox olmayaraq müəyyən edilir. Bu müddətə həm iş, həm də qeyri iş günləri daxildir, tərəflərin razılığına əsasən sınağı daha az müddətə də müəyyənləşdirmək  olar. Müddətə faktiki olaraq işdə olunan dövr daxildir. Əmək qabiliyyəti müvəqqəti itirildikdə, bu səbəbdən işdə olunmayan dövr, sınaq müddətinə müddətinə daxil deyil. İşdə olmadığınız dövr dedikdə, ƏM-nin 179-cü maddəsində qeyd olunduğu şəkildə orta aylıq əməkhaqqı məbləğinin, həmçinin iş yerinin saxlanıldığı hallarda işdə olmadığınız dövr nəzərdə tutulur. Sınaq müddəti:

  • həm fəaliyyətə təzə başlayanlar;
  • həm də iş stajı çox olan istənilən şəxs təyin oluna bilər.

Yəni, bir müəssisədə uzun müddət çalışmış işçi, başqa bir müəssisəyə işə qəbul olunarsa, ona da sınaq müddətinin tətbiq edilə bilər.

Əmək müqaviləsində sınaq müddəti haqqında heç bir qeyd yoxdursa, belə işçi müdətsiz əmək müqaviləsi üzrə işə qəbul edilmiş sayılır. Sınaq müddətinin davam etdiyi müddətdə, işəgötürəni işçinin peşəkarlıq səviyyəsi yaxud əmək funkiusiyasını icrası qane etməzsə, o, üç gün əvvəldən xəbərdarlıq etməklə əmək müqaviləsini ləğv edə bilər. Qeyd edilən 3 təqvim günü qeyri-iş günlərinə düşərsə, qanunvericilikdə olduğu kimi ən azı üç gün qabaqcadan  yazılı şəkildə xəbərdarlıq edilməlidir. Müqavilənin ləğvi işəgötürən tərəfindən əsaslandırılmış əmrə əsasən həyata keçirilə bilər. Bu qayda işçiyə də aid edilir. Əgər o, sınağın tamamlanmasını istəyərsə, eynilə üç gün öncədən yazılı xəbərdarlıq verməlidir.

Sınaq müddətinin təyin olunduğu müqavilədə, işçinin  həmin dövr boyu özünü doğrultmadığı təqdirdə, işəgötürənin müqaviləyə xitam verə bilmə hüququ qeyd edilməlidir.

Burada bir məqamı da qeyd etmək lazımdır.  Müqavilə vasitəsilə sınağa cəlb olunmuş  şəxsin hüquqları digər işçilərin hüquqlarına eyni olmalıdır.

Əgər tərəflərdən heç biri  sınaq müddəti qurtaranadək bağlanmış əmək müqavilənin xitamını tələb etməzsə, işçi sınaqdan keçmiş hesab olunur. Bu halda yeni müqavilənin bağlanmasına ehtiyac yoxdur.

Hansı hallarda sınaq müddəti təyin olunmur?

Müəyyən kateqoriya işçilərlə əmək müqaviləsi bağlanan zaman sınağın tətbiqi tələb olunmur. Məsələn, işçi ilə aşağıdakı şərtlərlə bağlanan əmək müqaviləsində sınaq müddəti təyin edilmir:

  • şəxs təhsil müəssisəsinin məzunu olduğu ildə ixtisasına (peşəsinə) uyğun ilk dəfə işə götürülürsə;
  • işə qəbul edilən qadının üç yaşına çatmamış uşağı varsa;
  • əmək müqaviləsi bağlanan kişi təkbaşına üç yaşınadək uşağını böyüdərsə.

Sınaq müddəti təyin edilməyən hallar Əmək Məcəlləsinin 52-ci maddəsində verilib. Həmin hallar haqqında burada ətraflı məlumat verilib.

Ümumiyyətlə, sınağın tətbiqinin mütləq şərti yoxdur. Onun təyini işəgötürənin işçi ilə qarşılıqlı razılaşmasına əsasən müəyyənləşir. Lakin bir istisna mövcuddur. Dövlət qulluqçuları müqavilə bağlayarkən işəgötürən müqavilədə sınaq müddətini mütləq qeyd etməlidir.

Təcrübədə yaşanan hallar

  • İşçi sınaq müddətində əməkhaqqı almalıdır?

Sınaq dövründə olan işçiyə o müddətə uyğun olaraq əməkhaqqı təyin olunmalıdır. Həmin müddət ərzində işçi qanunvericiliklə müəyyən olunan bütün hüquqlara malikdir.

  • Vəzifə dəyişikliyi olduqda işçiyə sınaq müddəti təyin edilməlidir?

İşçi təyin olunmuş peşə üzrə sınaq müddəti qeyd olunmaq şərtilə müqavilə bağlayıb. Bir müddətdən sonra işində yüksək peşəkarlıq göstərdiyinə görə iki tərəfin də razılığı nəticəsində daha yüksək vəzifəyə təyin edilir. Belə olan halda işçiyə yenidən sınağın tətbiqi mümkün deyildir.

  • Xitam üçün 3 günlük xəbərdarlıq vaxtı

Biz yuxarıda qeyd etdik ki, sınaq dövründə iki tərəfdən biri müqaviləni ləğv etmək istəsə, 3 gün öncədən bildirməlidir. Əgər işəgötürən buna təşəbbüs göstərsə, onda ƏM-də 70-ci maddədə d) bəndini əsas götürərək sınaq müddətini sonlandıra bilər. Təşəbbüs işçi tərəfdən olarsa, 68-ci maddənin 2-ci hissəsinin a) bəndinə müvafiq şəkildə xitam verilə bilər.Ï

Əmək müqaviləsi bağlanarkən yaşanan problemlərin həllində çətinliyiniz olduqda, kadr uçotu üzrə ixtisaslaşmış konsaltinq şirkətlərinə müraciət edin. Kadr uçotunun qurulması və aparılmasında olan nöqsanlar, sonda maliyyə itkiləri ilə nəticələnə bilər.

Print Friendly, PDF & Email