Sosial müavinət nədir?

posted in: Xəbər | 0
birbank biznes

Sosial müavinətlər dövlətdən birdəfəlik və ya ehtiyac olduğu müddətdə vaxtaşırı ödənilən pullardır. Məsələn, işiniz yoxdursa, ödəniş alırsınız, iş tapsanız, ödəniş başa çatır. Müavinət təkcə işsizlərə deyil, həm də səhhətində problem olanlara, ailəsində yeni övlad dünyaya gələnlərə ödənilə bilər.

Sosial müavinət nədir?

Vətəndaşların sosial təminat hüququ AR Konstitusiyasının 38-ci maddəsində təsbit olunub. Hər bir vətəndaşın qanunla müəyyən edilmiş qaydada, əmək pensiyası və müavinət formasında sosial təminat hüququ var. Bu hüquq sosial təminat, habelə əmək qanunvericiliyi çərçivəsində təmin olunur.

Əmək pensiyası – qanunvericilikdə nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

Əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” AR  qanunu ilə müəyyən edilir.

Sosial müavinətlər – qanunvericlikdə nəzərdə tutulmuş şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

Sosial sığorta sahəsində münasibətlərin tənzimlənməsi, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsasları “Sosial sığorta haqqında” AR qanunu ilə müəyyən edilir.

İşçilərə sosial müavinətlər (müalicə, istirahət, məzuniyyət, məşğulluq üçün) kimi ayrılan vəsait stimullaşdırıcı və ya kompensasiya xarakteri daşımır, işçilərin ixtisasından, işin mürəkkəbliyindən, keyfiyyətindən, kəmiyyətindən, işin özünün yerinə yetirilməsi şərtlərindən asılı deyil. Sosial ödənişlər hüquqi normativ aktlar, kollektiv müqavilə, əmək müqaviləsi və digər yerli normativ aktla nəzərdə tutulur.

Müavinətlərin əksər hissəsi dövlətin təsis etdiyi sosial sığorta fondları tərəfindən, bir qismi isə işçinin iş yerində ödənilir. Ödəniş dövlətin məsul etdiyi qurumlar, o cümlədən işçinin əmək müqaviləsi bağlayaraq işlədiyi müəssisə və təşkilatlar tərəfindən, aylıq yaxud birdəfəlik qaydada həyata keçirilir.

Sosial müavinətlərdən kimlər faydalana bilər?

Qanunvericilikdə müəyyən edilmiş sosial sığorta hadisəsi (“Sosial sığorta haqqında” AR qanunu, maddə 4) baş verdiyi halların əhatə etdiyi şəxslər əmək pensiyası yaxud sosial müavinət almaq hüququndan yararlana bilər. Bu hüququn şamil edildiyi şəxslər aşağıdakılardır:

  • pensiya yaşına çatanlar;
  • səlahiyyətli orqan tərəfindən əlilliyi müəyyən edilmiş şəxslər;
  • ailə başçısını itirmiş ailənin üzvü (üzvləri);
  • qanunvericiliklə müəyyən olunmuş dövrdə əmək qabiliyyətini müvəqqəti itirənlər;
  • hamiləlik və doğum üçün qadınlar;
  • uşağın anadan olması və uşağa qulluq üçün ailə üzvü;
  • vəfat etmiş şəxsin dəfnini həyata keçirən şəxs;
  • sanatoriya-kurort müalicəsinə ehtiyacı olanlar;
  • qanunvericiliklə müəyyən olunmuş dövrdə işsiz olanlar.

Ayrı-ayrı kateqoriyalar üzrə sosial ödənişlərin növləri, təyin olunması qaydası DOST agentliyinə məxsus elektron resursun əmək pensiyası və sosial müavinətlər səhifəsində verilib. Ödənişlər aylıq yaxud birdəfəlik həyata keçirilir.

Aylıq müavinətlər

Dövlət qulluqçularına, yaşa görə, ailə başçısını itirilmiş şəxslərə, əlilliyə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına, bəzi kateqoriya şəxslərin kommunal, nəqliyyat və digər xidmətlərə görə xərclərini qarşılamaq məqsədi ilə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə), 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, 5-dən çox uşağı olan qadınlara və övladlığa götürülən uşağa görə sosial təminat məqsədi ilə dövlət tərəfindən pul formasında aylıq müavinətlə ödənir.

Birdəfəlik müavinətlər

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə müalicə məqsədi ilə hər il, uşağın anadan olmasına görə, dəfn üçün, tibbi və sosial yardıma ehtiyacı olan cəza çəkməkdən azad edilmiş şəxslərə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman, habelə işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik sosial müavinət verilir.

Yuxarıda qeyd edilən aylıq və  birdəfəlik müavinətlər dövlət büdcəsi və məcburi dövlət sosial sığortası hesabına həyata keçirilir.

Müəssisələrin iştirakı tələb olunan hallar

Qanunla müəyyən edilmiş hallarda vətəndaşlara müavinətlərin təyin edilməsi əmək münasibətində olduğu müəssisələrin iştirakı ilə həyata keçirilir. Bu halda sosial ödənişlər müəssisənin iştirakı ilə yaxud iştirakı olmadan səlahiyyətli orqanlar tərəfindən aparılır. Qanunvericilikdə ödənişində müəssisələrin iştirakı tələb olunan sosial müavinətlər əsasən birdəfəlik xarakter daşıyır və aşağıdakı növləri vardır:

  • əmək qabiliyyətinin itirilməsinə görə müavinət;
  • işdənçıxarma müavinəti;
  • hamiləlik və doğuma görə müavinət;
  • uşağın anadan olmasına görə müavinət;
  • dəfn üçün müavinət.

İşçilərin əmək pensiyası üzrə hesablamalar sosial müdafiə fondu tərəfindən həyata keçirilir.

Yuxarıda qeyd edilən sosial ödənişlərin təyinatı, hesablanması və ödənilməsi haqqında buradan ətraflı məlumat almaq olar. “Uşağa qulluğa görə müavinət” aylıq ödənilən sosial müavinətlərə nümunədir.

Müəssisədə sosial ödənişlərin təyinatı müdiriyyətin müavinət təyin edən komissiyasının qərarı ilə təyin edilir. “Müavinət təyin edən komissiya necə yaradılır” adlı məqalədə komissiyanın təşkili, hüquq və vəzifələri haqqında ətraflı məlumat verilib.

Məcburi sosial sığorta nədir?

Print Friendly, PDF & Email