İş vaxtının uçotu cədvəli nə üçün lazımdır? Tabel üçün standart forma varmı? Cədvəlin nümunəvi formasını haradan yükləmək olar? Məqalədə bu sualların cavabı, habelə tabellə bağlı digər məlumatlar əks olunub.

İş vaxtının uçotu məcburidirmi?

Hər bir işçi üçün iş vaxtının uçotunun aparılması Əmək Məcəlləsində 102-ci maddəsinin tələbidir. İşəgötürən uçot məqsədi ilə işçinin işlədiyi və işləmədiyi vaxtların qeydiyyatı aparılır. Bu zaman iş vaxtından artıq iş, gecə işi, istirahət və bayram günləri, ezamiyyət günləri ayrıca nəzərə alınır.

İş vaxtının uçotu üzrə məlumatlar müxtəlif məqsədlər üçün, məsələn əməkhaqqının hesablanmasında, istifadə olunur.

İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəssisədaxili normativ – hüquqi aktları əsasında müəyyən edilir (ƏM, maddə 102.2)

Müəssisədaxili normativ – hüquqi aktlara işəgötürən tərəfindən verilən əmrlər, göstərişlər, təlimatlar, qaydalar, əsasnamələr, növbə cədvəlləri, məzuniyyət cədvəlləri aiddir. Bu sənədlər iş vaxtının uçotunun formasını və qaydasını müəyyən edir.

Uçot üçün işəgötürən tərəfindən hazırlanmış hər hansı bir sənəd, o cümlədən iş vaxtının uçotu cədvəli – tabel istifadə edilə bilər.

İş vaxtının uçotu cədvəli nədir?

Bu, bir işçinin ayda neçə saat işlədiyin göstərən sənəddir. Tabel hər bir işçinin işə davamiyyəti, işlədiyi saatların miqdarı, istirahət günləri haqqında məlumatları əks etdirən siyahıdır. iş vaxtının uçotu cədvəli aylıq yaxud yarımaylıq tərtib edilir. Cədvəldə iş vaxtının müddəti və müəyyən edilmiş iş rejiminə əməl edilməsi üzrə məlumatlar toplanır. Onun əsasında işçilərlə hesablaşmalar (əməkhaqqı, müavinətlər, təzminatlar) aparılır.

Tabeldən nəzarət məqsədləri üçün də istifadə edilir. Yəni, hər bir işçinin işə olmaması tabeldə qeyd olunur, bu da işçilərin iş saatlarına riayət etmələrinə nəzarət etməyə imkan verir.  Həmin məlumatlar fərdi əmək mübahisələri zamanı da lazım ola bilər.

Bunlardan başqa iş vaxtının uçotu cədvəlində əks olunan məlumatlardan əmək üzrə statistik hesabatın tərtibində istifadə olunur.

Tabeli kim tərtib edir?

İş vaxtının uçotu cədvəlinin tərtibi prosesi biznesin həcmindən asılıdır. Əgər müəssisədə (yaxud fərdi sahibkarda)  bir neçə struktur bölmə varsa, tabel hər bir rəhbər öz şöbəsi üçün tabeli tərtib edir və onu insan resursları üzrə struktur vahidinə ötürür. Bu bölmənin mütəxəssisləri (kadr üzrə mütəxəssis)  onu təsdiqləyir və mühasibatlığa təqdim edir.

Əgər müəssisənin (yaxud fərdi sahibkarın) işçiləri azdırsa və şöbələri yoxdursa, İş vaxtının uçotu cədvəli bir nəfər tərəfindən doldurulur. İşəgötürənin kadr məsələləri ilə məşğul olan işçisi varsa, əksər hallarda tabeli o, aparır. Belə bir mütəxəssis yoxdursa, hər şeyi müəssisə rəhbəri (yaxud fərdi sahibkar) özü edir.

Tabel üçün standart forma varmı?

İşəgötürən iş vaxtının uçotu cədvəlini özü hazırlaya bilər. Forma əmrlə təsdiq edilməklə müəssisənin uçot siyasətinə əlavə edilməlidir.

Formaya ilkin sənədlərdə mütləq göstərilməli rekvizitlər əlavə edilməlidir:

  • sənədin adı və hazırlanma tarixi;
  • müəssisənin (fərdi sahibkarın)
  • iş vaxtı və iş rejimi ilə bağlı hadisələrin təsviri;
  • məsul şəxslərin vəzifələri və imzaları.

İş vaxtı və iş rejimi ilə bağlı hadisələr dedikdə işçinin işdə olub-olmamasının qeydiyyatı, işlənmiş saatların miqdarı, istirahət və bayram günləri və sair bu kimi hadisələr başa düşülür.

İş vaxtının uçotu cədvəli necə doldurulur?

Tabelə işçinin faktiki işlədiyi saatlar daxil edilir, işlənməmiş saatların sayı isə ayrıca qeyd edilir. Həmçinin iş vaxtından artıq iş, həftəsonu istirahət günləri, bayram günləri, ezamiyyətlər, məzuniyyətlər, müvəqqəti xəstəlik dövrləri və s. nəzərə alınır. Bu məqsədlə cədvəldə şərti qısaltmalardan istifadə olunur, məsələn:

  • istirahət günü – “İ”;
  • bayram günü – “B”;
  • xidməti ezamiyyə – “E”;
  • məzuniyyət – “M”;
  • xəstəlik – “X”

İşçinin gün ərzində işlədiyi saatların miqdarı ədədlə göstərilir, məsələn “8”.

Şərti qısaltmaları hər bir şirkət özü sərbəst müəyyən edir. İş vaxtının uçotu cədvəlində belə kodlaşmanı yerləşdirmək, tabelin nəzarətedici orqanlar tərəfindən yoxlanmasını, habelə yeni işə qəbul edilmiş işçilərin iş vaxtının uçotunun aparılmasın asanlaşdırır.

Cədvəlin doldurulması ardıcıllığı

İş vaxtının uçotu cədvəlinin tərtibi zamanı aşağıdakı ardıcıllığa əməl etmə tövsiyə olunur:

  1. Tabeli cədvəlini hər yarım aydan bir yaxud ayın sonuna hazırlayın.
  2. Əsas rekvizitləri- təşkilatın adı, sənədin nömrəsi və tarixi, hesabat dövrü, vəzifələr, tabel üzrə işçinin kodunu, işçilərin tam adlarını göstərin.
  3. İşə gəlmələrin və işdə olmamaların sayını, işlənmiş saatları, istirahət günlərini qeyd edin. Cədvələ əmək müqaviləsi olan tam ştatlı işçiləri daxil edin.
  4. Əgər İş vaxtının uçotu cədvəlində səhvlərə yol verilibsə:
  5. Səhv məlumatların üstündən xətt çəkin və yuxarıdan yenilərini daxil edin, yaxud;
  6. Korrektəedici tabel hazırlayın.
  7. Tabeli məsul şəxs, kadrlar üzrə məsul şəxs və struktur bölmənin rəhbəri tərəfindən imzalanır. Sonra, sənəd əməkhaqqının hesablanması üçün mühasibatlığa təqdim olunur.

İş vaxtının uçotu cədvəli 5 il müddətində (sənədli təftişin tam başa çatması şərtilə) saxlanılır. Bundan sonra qanunvericiliyə uyğun formada ləğv edilə bilər.

İş vaxtının uçotu cədvəlinin – tabelin nümunə formasını yüklə 

Müddətli əmək müqavilələri ilə bağlı əsas dəyişikliklər və nümunələr