“İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması”nın təsdiq edilməsi haqqında
“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“İş yerində təcrübə müqaviləsinin Nümunəvi Formasi” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının
Baş Naziri Novruz Məmmədov
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 16 sentyabr
tarixli 413 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
İş yerində təcrübə müqaviləsinin
Nümunəvi Forması
№
(müqavilənin bağlanıldığı yer) “ ” 20 il
Bundan sonra “İşəgötürən” adlandırılacaq _________________________________________________________
(soyadı, adı, atasının adı və şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi)
şəxsində təmsil olunan ,
(idarənin, müəssisənin, təşkilatın adı və VÖEN-i)
“Təhsilalan” adlandırılacaq ,
(soyadı, adı, atasının adı və şəxsiyyət
____________________________
vəsiqəsinin seriyası və nömrəsi)
bundan sonra Təhsilalanın peşə təhsili aldığı “Peşə təhsili müəssisəsi”
(idarənin, müəssisənin, təşkilatın adı və VÖEN-i)
adlandırılacaq müəssisənin rəhbəri _______________________________
(soyadı, adı, atasının adı və şəxsiyyət
______________________________________________________________________________________
vəsiqəsinin seriyası və nömrəsi)
arasında (bundan sonra – “Tərəf” və ya “Tərəflər” adlandırılacaq) İşəgötürənin iş yerlərində Təhsilalanın istehsalat təlimi və təcrübəsi (bundan sonra – təcrübə) keçməsi məqsədilə “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə uyğun olaraq aşağıdakı şərtlərə əsasən bu Müqaviləni bağladılar.
1. Müqavilənin predmeti və ümumi şərtləri
1.1. Müqavilənin məqsədi Peşə təhsili müəssisəsində ixtisası üzrə təhsil alan Təhsilalanın peşə
(peşə ixtisasının şifri və adı)
təhsili və təlimi proqramının praktiki hissəsini mənimsəməsi məqsədilə təcrübənin həyata keçirilməsidir.
1.2. Təhsilalanın bilik, bacarıq və səriştəsinin qiymətləndiril- məsi təcrübənin sonunda İşəgötürənin nümayəndələri və Peşə təhsili müəssisəsinin nümayəndələri tərəfindən birgə həyata keçirilir.
1.3. Təcrübənin sonunda Təhsilalana müəssisədə təcrübə keçməsinə dair İşəgötürən və Peşə təhsili müəssisəsi tərəfindən imzalanmış xasiyyətnamə verilir.
1.4. İşəgötürən təcrübə başa çatdıqdan sonra Təhsilalanı işlə təmin etmək öhdəliyi daşımır.
1.5. Təcrübə dövründə Təhsilalanın İşəgötürənlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən tənzimlənir. Təhsilalan ilə İşəgötürən arasında təcrübə dövrü üçün sınaq müddəti müəyyən edilmədən müddətli əmək müqaviləsi bağlanılır və Təhsilalana onun ixtisasına uyğun yerinə yetirdiyi iş və xidmətlərə görə aylıq iş vaxtı norması tam işlənildikdə, İşəgötürən tərəfindən minimum aylıq əməkhaqqından az olmamaq şərtilə əməkhaqqı ödənilir.
2. Müqavilənin müddəti
2.1. Müqavilə _________________________ təcrübə müddətinə bağlanılmışdır.
(aylıq, həftəlik, günlük)
2.2. Təhsilalan “ ” 20 il tarixindən iş yerində təcrübəyə başlayır.
3. Tərəflərin hüquq və vəzifələri
3.1. İşəgötürənin təcrübə ilə bağlı hüquqları aşağıdakılardır:
3.1.1. müəssisədaxili intizam, sanitariya və təhlükəsizlik qaydalarına əməl edilməsini Təhsilalandan tələb etmək;
3.1.2. Təhsilalandan kommersiya sirrinin qorunmasını tələb etmək;
3.1.3. iş yerində təcrübə müddətində əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzinin ödənilməsini Təhsilalandan tələb etmək;
3.1.4. iş yerində təcrübənin təşkilini və idarə edilməsini təmin etmək məqsədilə zəruri sənədləri Peşə təhsili müəssisəsindən (tədris vəsaitləri və proqramları, cədvəl və s.) tələb etmək;
3.1.5. təcrübəyə rəhbər təyin etdiyi mütəxəssisə müəssisədə aldığı əməkhaqqından əlavə, müvafiq qanunvericiliyə əsasən təcrübə saatları üçün nəzərdə tutulmuş məbləğdə əlavə əməkhaqqı ödənilməsini Peşə təhsili müəssisəsindən tələb etmək;
3.1.6. Tərəflərin qanunvericiliklə və Müqavilə ilə müəyyən edilən vəzifələrinin icra edilməsini tələb etmək.
3.2. İşəgötürənin təcrübə ilə bağlı vəzifələri aşağıdakılardır:
3.2.1. təcrübəyə rəhbərlik etmək üçün mütəxəssis təyin etmək;
3.2.2. Təhsilalanı əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya-gigiyena norma və qaydaları, avadanlıqların istismar qaydaları, müəssisədaxili intizam qaydaları ilə təlimatlandırmaq;
3.2.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Təhsilalanın sağlamlığının və əməyinin mühafizəsinin təmin olunması üçün onu əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya-gigiyena norma və qaydalarına cavab verən iş yeri və əmək şəraiti ilə təmin etmək;
3.2.4. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən təcrübə keçən Təhsilalanı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etmək;
3.2.5. Təhsilalanı müvafiq olaraq istehsalat tapşırıqları, sənədlər, texniki və xidmət vasitələri ilə təmin etmək;
3.2.6. təcrübəyə cəlb olunmuş Təhsilalan tərəfindən yerinə yetirilən işlərin, xidmətlərin, eləcə də iş vaxtının uçotunu aparmaq;
3.2.7. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinin tələblərinə uyğun olaraq iş yerində təcrübə müqaviləsi əsasında təcrübəyə cəlb olunan Təhsilalana ixtisasına uyğun olaraq yerinə yetirdiyi iş və xidmətlərə görə hər ay əmək müqaviləsində nəzərdə tutulan məbləğdə əməkhaqqı ödəmək;
3.2.8. Təhsilalana təcrübəni yerinə yetirməsi üçün lazımi şərait yaratmaq və Təhsilalanın peşə təhsili və təlimi proqramında nəzərdə tutulmayan və ixtisasına aidiyyəti olmayan peşə və ya vəzifələrdə işlədilməsinə yol verməmək;
3.2.9. Təhsilalana istehsalatda baş verən bədbəxt hadisə və ya peşə xəstəliyi halları barədə qanunvericiliklə müəyyən olunmuş qaydada vaxtında məlumat vermək;
3.2.10. Təhsilalanın işə davamiyyətini nəzarətdə saxlamaq, Təhsilalan tərəfindən əmək intizamının və müəssisədaxili intizam qaydalarının pozulması hallarına yol verildikdə, Peşə təhsili müəssisəsinə bu barədə yazılı məlumat vermək;
3.2.11. təcrübənin sonunda Təhsilalanın müəssisədə təcrübə keçməsinə dair xasiyyətnaməni tərtib etmək;
3.2.12. müvafiq ixtisas üzrə Təhsilalanın yekun qiymətləndirilməsi prosesində iştirak etmək;
3.2.13. Təhsilalanı müvafiq peşə üzrə xüsusi geyim və ayaqqabı, fərdi mühafizə vasitələri ilə təmin etmək.
3.3. Təhsilalanın hüquqları aşağıdakılardır:
3.3.1. həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını İşəgötürəndən tələb etmək;
3.3.2. iş vaxtından artıq vaxtda işə cəlb olunduqda, əlavə əməkhaqqı almaq və ya onun verilməsini tələb etmək;
3.3.3. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri (xidmətləri) yerinə yetirməkdən imtina etmək, belə işləri (xidmətləri) icra etdikdə isə müvafiq əlavə əməkhaqqının verilməsini tələb etmək;
3.3.4. qanunvericiliklə müəyyən olunmuş bayram və həftələrarası istirahət günlərindən, həmçinin iş günü ərzində istirahət vaxtından istifadə etmək;
3.3.5. əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək;
3.3.6. ixtisasına uyğun olaraq yerinə yetirdiyi iş və xidmətlərə görə hər ay əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdə əməkhaqqı almaq;
3.3.7. işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq;
3.3.8. sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən istifadə etmək;
3.3.9. təcrübənin sonunda təcrübə keçməsinə dair xasiyyətnamə almaq;
3.3.10. elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək;
3.3.11. Tərəflərin qanunvericiliklə və Müqavilə ilə müəyyən edilən vəzifələrinin icra edilməsini tələb etmək.
3.4. Təhsilalanın vəzifələri aşağıdakılardır:
3.4.1. Müqavilə əsasında iş yerlərində keçirilən təcrübədə iştirak etmək, bilik, bacarıq və səriştələrə yiyələnmək;
3.4.2. ixtisas üzrə verilən təlimatlara əməl etmək, tapşırılan işi diqqətlə və vaxtında yerinə yetirmək;
3.4.3. müəssisədaxili intizam qaydalarına əməl etmək, işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
3.4.4. əmək alətləri, avadanlıqlar və digər ləvazimatlarla ehtiyatla davranmaq, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
3.4.5. İşəgötürənin kommersiya sirrini qorumaq; 3.4.6. əmək müqaviləsinin şərtlərinə və iş rejiminə riayət etmək;
3.4.7. təcrübədə iştirak edə bilmədikdə həm İşəgötürən və həm də Peşə təhsili müəssisəsi tərəfindən təyin edilmiş təcrübə rəhbərlərini yazılı şəkildə əvvəlcədən məlumatlandırmaq, qanunvericiliklə müəyyən olunmuş qaydada verilmiş xəstəlik vərəqəsinin (əmək qabiliyyətini itirmək vərəqəsinin) əslini əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması üçün mühasibatlığa, surətlərini İşəgötürənin müəyyən etdiyi təcrübə rəhbərinə və Peşə təhsili müəssisəsinə təqdim etmək;
3.4.8. qanunvericiliklə tələb olunduğu halda, təcrübə proqramının başlanğıcında sağlamlığı haqqında tibbi arayışı İşəgötürənə təqdim etmək.
3.5. Peşə təhsili müəssisəsinin hüquqları aşağıdakılardır:
3.5.1. iş yerində təcrübənin təşkili və idarə olunmasında iştirak etmək, bununla bağlı səmərəli təkliflər irəli sürmək;
3.5.2.iş yerində təcrübənin təşkili və idarə olunmasına dair zəruri məlumatları, sənədləri İşəgötürəndən tələb etmək;
3.5.3.iş yerində təcrübə müddətində müəssisədaxili intizam və əməyin mühafizəsi qaydalarına əməl etməyən, tapşırıqları yerinə yetirməyən Təhsilalanı intizam məsuliyyətinə cəlb etmək;
3.5.4.Tərəflərin qanunvericiliklə və Müqavilə ilə müəyyən edilən vəzifələrinin icra edilməsini onlardan tələb etmək.
3.6. Peşə təhsili müəssisəsinin vəzifələri aşağıdakılardır:
3.6.1. Təhsilalanın Müqavilə ilə razılaşdırılmış müddətdə və şərtlər çərçivəsində peşə təhsili və təlimi proqramının praktiki hissəsini mənimsəməsi üçün İşəgötürənin iş yerlərinə davamiyyətini təmin etmək;
3.6.2. Təhsilalanın təcrübəsinə rəhbərlik edəcək istehsalat təlimi ustasını təyin etmək;
3.6.3. müəssisəyə təcrübəyə göndərilən Təhsilalanın ilk peşə hazırlığını, onlara istehsalat avadanlığının istifadə qaydalarını, iş yerlərində davranış və təhlükəsizlik qaydalarını öyrətmək;
3.6.4. İşəgötürənin təcrübəyə rəhbər təyin etdiyi mütəxəssisə həmin mütəxəssisin müəssisədə aldığı əməkhaqqından əlavə təcrübə saatları üçün “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli Qərarı ilə müəyyən olunmuş məbləğdən az olmayaraq əməkhaqqı ödəmək;
3.6.5. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinin icrasını İşəgötürəndən tələb etmək;
3.6.6. təcrübənin gedişinə nəzarət etmək məqsədilə İşəgötürənin təcrübəyə rəhbər təyin etdiyi mütəxəssislə vaxtaşırı görüşlər keçirmək.
4. Mübahisələrin həlli və müqaviləyə vaxtından əvvəl xitam verilməsi
4.1. Müqavilə qüvvədə olduğu müddətdə Tərəflər yaranan mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərlərinin hüquqlarını pozmadan nail olur. Tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edirlər.
4.2. Tərəflərdən hər hansı biri Müqavilənin şərtlərini pozduqda, digər Tərəflər Müqaviləyə vaxtından əvvəl xitam verə bilərlər. Bu halda müvafiq Tərəf digər Tərəflərə ən azı 3 (üç) iş günü əvvəlcədən xəbər verməlidir.
4.3. İşəgötürən Təhsilalanı peşə təhsili və təlimi proqramının tələblərinə cavab verən iş yeri ilə təmin etmədikdə, boşdayanmalara yol verdikdə və lazımi əmək şəraiti yaratmadıqda, habelə Təhsilalanın əməyindən Müqavilədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə etdikdə, Peşə təhsili müəssisəsi Təhsilalanı təcrübə keçirilən müəssisə, idarə və təşkilatdan geri çağırır.
5. Tərəflərin rekvizitləri və imzaları
5.1. Müqavilə hər Tərəf üçün bir nüsxə olmaqla üç nüsxədə hazırlanır və Tərəflərdə saxlanılır. Müqavilə təcrübənin başlanğıcında İşəgötürən, Təhsilalan və Peşə təhsili müəssisəsi tərəfindən imzalanır və təcrübə müddətində etibarlı sayılır.
5.2. Tərəflər Müqaviləni imzalamaqla, onun şərtlərini qəbul edir. Müqavilə imzalandığı gündən qüvvəyə minir.
İşəgötürən Təhsilalan Peşə təhsili müəssisəsi
_________________ _______________ __________________
_________________ _______________ __________________
(idarənin, müəssisənin, (Təhsilalanın (Peşə təhsili müəssisəsinin adı və VÖEN-i)
təşkilatın adı və VÖEN-i) (valideynin/qanuni
nümayəndənin (qəyyumun) adı, soyadı, atasının adı, vəzifəsi və imzası)
____________________ ____________________
(adı, soyadı, atasının adı, (adı, soyadı, atasının adı,
vəzifəsi və imzası) vəzifəsi və imzası)
“ ” 20 il “ ” 20 il “ ” 20 il
M.Y. M.Y.
Mənbə: cabmin.gov.az