Təsərrüfat – maliyyə fəaliyyəti prosesində müəssisələrdə öz ezamiyyə, habelə digər əməliyyat və təsərrüfat xərcləri üçün nağd pul vermək zərurəti meydana çıxır.
Belə xərclərə işçi ezamiyyəyə göndərilərkən mal-material qiymətlilərinin alınması ilə əlaqədar, müəyyən cari təsərrüfat xərclərini ödəmək üçün və s. üzrə ona nağd ödənilən pul vəsaiti aiddir.
Müəssisənin işçilərinə təhtəlhesab məbləğlərin verilməsi qaydası kassa əməliyyatalrının aparılması qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Prezidentinin «Vətəndaşların xidməti ezamiyyə xərcləri normativlərinin təkmilləşdirilməsi haqqında» 1996-cı il 20 dekabr tarixli sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti 27 yanvar 1997-ci il tarixli, 9 nömrəli qərarla «Vətəndaşların xidməti ezamiyyə xərclərinin normativləri haqqında» qərar qəbul etmişdir. Həmin qərarda Azərbaycan Respublikası ərazisi daxilində ezamiyyə xərcləri məbləğləri və xarici ölkələrə xidməti ezamiyyə xərclərinin normativləri təsdiq olunmuşdur.
İşçiyə ezamiyyə vaxtı üçün verilən nağd pul məbləği müəssisə rəhbəri tərəfindən müəyyən edilir. Hər bir işçi aldığı nağd pul vəsaitinin xərclənməsi haqqında, ezamiyyədən qayıtdıqdan sonra üç gün müddətində mövcud olan ezamiyyə sənədləri əsasında avans hesabatı tərtib etməli və müəssisə mühasibatlığına təqdim etməlidir. Mühasibatlıqda təqdim olunmuş avans hesabatı ona əlavə olunan ezamiyyə vəsiqəsi və digər sənədlər əsasında (çek, qaimə, qəbz, nəqliyyatla əlaqədar biletlər və s.) ətraflı yoxlanılır və hesabat müəssisə rəhbəri tərəfindən təsdiq edilir.
Təhtəlhesab şəxsə pul vəsaiti təkrarən ancaq keçmiş aldığı avans pul məbləği üzrə hesablaşma aparıldıqdan sonra verilə bilər. Təhtəlhesab şəxslərlə hesablaşmalarda xidməti ezamiyyə xərcləri xüsusi yer tutur. Xidməti ezamiyyə-işçini müəssisə rəhbərinin yazılı əmri əsasında xidməti vəzifəni yerinə yetirmək üçün, müəyyən vaxtda, onun daimi işinin yerləşdiyi yerdən başqa şəhər, rayon və s. yerlərə göndərilməsi deməkdir.
İşçinin ezamiyyəyə göndərilməsi ilə əlaqədar ona standart formada təsdiq olunmuş ezamiyyə vəsiqəsi verilir. Həmin vəsiqədə ezam olunan şəxsin adı, soyada, atasının adı, vəzifəsi daimi iş yerindən çıxdığı gün göstərilir. Göstərilən rekvizitlər ezamiyyə vəsiqəsində əks olunduqdan sonra müəssisə rəhbərinin imzası və möhürlə təsdiq olunmalıdır.
Ezam olunan işçiyə, bütün ezamiyyə vaxtı ilə əlaqədar olan nəqliyyat, kommunal və gündəlik yeməklə əlaqədar xərclər müəssisə tərəfindən ödənilir.
Büdcədən maliyyələşdirilən müəssisə,idarə və təşkilatlar istisna olunmaqla digər hüquqi şəxslər, işçilərinin Azərbaycan Respublikası ərazisi daxilində ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan vəsait hesabına normativ sənəddə müəyyən olunmuş normalardan əlavə vəsait ayıra bilərlər.
Xarici ölkələrə qısa müddətli ezamiyyənin sənədləşdirilməsi, onun məqsədi, vəzifəsi və ezamiyyə vaxtı göstərilməklə müəssisə rəhbərinin sərəncamı əsasında sənədləşdirilir. Xarici ölkələrə ezamiyyə ilə əlaqədar olaraq xərclər yüksək normalar üzrə təqdim olunmuş sənədlər əsasında ödənilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 1997-ci il tarixli 9 qərarı ilə «Vətəndaşların xarici ölkələrdə xidməti ezamiyyə xərclərinin normativləri» müəyyən olunmuşdur. Həmin qərarla müəyyən olunmuşdur ki, dövlət idarəetmə orqanları mülkiyyət və təşkilat formasından asılı olmayaraq bütün təsərrüfat subyektləri və təşkilatlar öz hesablarında olan valyuta vəsaitlərindən ezamiyyə xərcləri üçün bu qərarla təsdiq olunmuş normativlərin həddini aşmamaq şərtilə istifadə edə bilərlər. Ezamiyyə xərclərindən başqa hər bir nəfərə ezamiyyə müddəti üçün təsdiqedici sənəd tələb olunmamaq şərtilə 20 ABŞ dolları məbləğində birdəfəlik ölkədaxili nəqliyyat xərcləri verilir.
Hesablarında valyuta vəsaiti olmayan büdcə təşkilatları xarici ezamiyyə xərclərini bu məqsəd üçün öz büdcəsində nəzərdə tutulmuş vəsaiti «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, lazımi valyutaya çevirməklə ödəyə bilərlər.
Müəssisə işçilərinə inzibati-təsərrüfat və əməliyyat, habelə ezamiyyə xərcləri üçün təhtəlhesab şəxslərə verilmiş məbləğlər üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün 71 saylı «Təhtəlhesab şəxslərlə hesablaşmalar» hesabı müəyyən olunmuşdur. Həmin hesabın debitində təhtəlhesab şəxslərə inzibati – təsərrüfat, əməliyyat xərcləri və xidməti ezamiyyətlə əlaqədar verilən nağd pul məbləğləri əks olunur. Bununla əlaqədar olaraq mühasibit uçotunda aşağıdakı yazılış aparılır:
Debet 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar».
Kredit 50 «Kassa» hesabı.
Kredit 51 «Hesablaşma hesabı».
Kredit 52 «Valyuta hesabı».
Təhtəlhesab şəxslər tərəfindən xərclənmiş məbləğlər isə 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar» hesabının kreditinə, sərf olunmuş məsrəfləri və əldə olunmuş qiymətliləri uçota alan, habelə xərclərin xarakterindən asılı olaraq digər hesabların debitinə yazılır. Bu yazılış aşağıdakı qaydad uçotda əks olunur:
Debet 10 «Materiallar» hesabı
Debet 12 «Azqiymətli və tezköhnələn əşyalar» hesabı
Debet 25 «Ümumistehsalat xərcləri» hesabı
Debet 26 «Ümumitəsərrüfat xərcləri» hesabı
Debet 44 «Tədavül xərcləri» hesabı
Debet 60 «Malsatan və podratçılarla hesablaşmalar» hesabı
Debet 50, 51, 52 «Kassa», «Hesablaşma hesabı», «Valyuta hesab»ları hesabı
Debet 84 «Sərvətlərin əskik gəlməsi və xarab olmasından itkilər» hesabı
Debet 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar» hesabı
Təhtəlhesab şəxslər tərəfindən vaxtında qaytarılmayan təhtəlhesab pul məbləğləri 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar» hesabının kreditində və 84 «Sərvətlərin əskikgəlməsi və xarabolmasından itkilər» hesabının debetində əks olunur. Daha sonra bu məbləğlər 84 «Sərvətlərin əskik gəlməsi və xarab olmasından itgilər» hesabından, 70 «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesabının və ya 73 «Sair əməliyyatlar üzrə işçi heyyəti ilə hesablaşmalar» hesabının debetinə silinir.
71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar» hesabının debetində əks olunmuş qalıq məbləği təhtəlhesab şəxslərin aldıqları pul məbləği üzrə onların müəssisəyə olan borclarını kredit qalığı isə müəssisənin təhtəlhesab şəxsə onun artıq sərf etmiş olduğu pula görə olan borcunu göstərir.
Təhtəlhesab şəxslər üzrə hesablaşmaların analitik uçotu hər bir şəxsə verilən avans üzrə aparılır.
gullu
bəs təhtəl hesab şəxsə ezamiyyətdən gəldikdən sonda məbləğ verilirmi?