Təsərrüfat uçotu sisteminin tərkib hissələri

posted in: Xəbər | 0
birbank biznes

Təsərrüfat uçotunun növləri arasında fərq 

Müəssisələr təsərrüfat fəaliyyətini fərqli formada həyata keçirir. Formasından asılı olmayaraq əməliyyatları müntəzəm uçota almadan təsərrüfat proseslərini idarə etmək çətindir. Azərbaycanda təsərrüfat uçotu haqqında mövcud elmi ədəbiyyatlarda təsərrüfat uçotunun bir-biri ilə əlaqəli 3 növündən bəhs olunur:

  1. оpеrativ uçot;
  2. statistik uçot;
  3. mühasibat uçotu.

Təsərrüfat uçotunun növləri: operativ uçot, statistik uçot, mühasibat uçotu

Operativ uçot

Operativ uçot əsasən bir müəssisəni əhatə edir, müəssisənin bölmələrində həmin bölmələrin işçiləri tərəfindən aparılır.

Statistik uçot

Statistik uçot cəmiyyətin müxtəlif fəaliyyət sahələri haqqında məlumatları toplayıb ümumiləşdirir. Məlumatların toplanması, həmçinin emalı ehtimal nəzəriyyəsinə əsaslanan xüsusi metodlarla aparılır. Prosesdə kompüterdən, rabitə vasitələrindən geniş istifadə olunur.

Əhəmiyyətinə görə ümumdövlət statistik uçotdan geri qalmayan mühasibat uçotu müəssisələr səviyyəsində aparılır.

Fikrimizcə vergi uçotunu da təsərrüfat uçotu sisteminin tərkib hissəsi kimi xarakterizə etmək olar. Dövlət vergi sistemini zəruri informasiya ilə təmin edən vergi uçotu statistik uçot kimi ümumdövlət əhəmiyyətinə malikdir. Əsasən müəssisələr səviyyəsində aparılsa da dövlət – müəssisə – vətəndaş arasında vergi münasibətlərinin nizamlanmasında mühüm funksiya daşıyır.

Təsərrüfat uçotunun bütün formaları qarşılıqlı əlaqədə olmaqla biri digərini tamamlayaraq vahid təsərrüfat uçotu sistemini formalaşdırır. Lakin onların içərisində mühasibatlıq aparıcı mövqedədir. Mühasibat uçotu məlumatları əsasında müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə nəzarət olunur, idarəetmədə istifadə olunur.

Təsərrüfat uçotunun miqdar ölçüləri 

Təsərrüfat uçotunda müşahidə olunan göstəricilər:

  • natural;
  • əmək;
  • pul ölçüsü vasitəsi ilə qeydə alınır.

Təsərrüfat uçotunda müşahidə olunan göstəricilər: natural; əmək; pul ölçüsü vasitəsi ilə qeydə alınır.

Pul ölçüsü göstəriciləri natural və əmək ölçülərinin məlumatlarından istifadə edilməklə hesablanılır. Pul ölçüsü universaldır, qeydə alınan obyektləri vahid dəyər qiymətində əks etdirir. Mühasiblər natural və əmək ölçülərini asanlıqla dəyər formasına çevirirlər, məsələn:

 Pul ölçüsü = natural ölçü x natural ölçü vahidinin qiyməti

Digər ölçü növləri ilə birlikdə istifadə edilərək pul ölçüsü mühasibat uçotu sənədlərinə görə aşağıdakı hesablamaları aparmağa imkan verir:

  • müxtəlif daşınan və daşınmaz əmlakın ümumi dəyəri (bina, tikililər, qurğular, avadanlıqlar, nəqliyyat vasitələri);
  • material-istehsalat ehtiyatlarının dəyəri (xammal, materiallar, yanacaq, hazır məhsul, satış üçün mallar);
  • pul vəsaitləri (bank hesabı, müəssisənin kassası);
  • maya dəyəri, rentabelliyin hesablanması;
  • qiymətin təyin edilməsi;
  • kredit, hesablaşma, digər təsərrüfat əməliyyatları üzrə hesablaşmalar.

Pul ölçüsü iqtisadi fəaliyyətin planlaşdırılması, idarə olunması, nəzarət edilməsi üçün mühasibat uçotu məlumatlarından istifadəni təmin edir.

Mühasiblərin fəaliyyət sahəsinə görə mühasibatın təsnifatı 

Beynəlxalq təcrübədə təsərrüfat uçotunun təsnifatına əsasən fəaliyyət sahəsinə görə bölgü tətbiq edilir. Mühasibləri də elə bu bölgü üzrə adlandırırlar: 

  1. Sertifikatlı mühasib (CPA)vahid CPA® imtahanından uğurla keçmiş mühasibdir.
  2. İdarəetmə uçotu mühasibi məlumatları təhlil edərək menecerlərə çatdırır, müəssisənin büdcəsinin tərtibində, səmərəli idarəetmədə kömək edir. Xərclər, həmçinin kadr uçotu mühasibləri buraya aiddir.
  3. Diplomlu (andlı) mühasib (CA) – ABŞ istisna olmaqla digər ölkələrdə mühasibatlıq peşələrinə verilən beynəlxalq mühasibat statusudur;
  4. Auditorlar – maliyyə hesabatlarının düzgünlüyünü yoxlayan, onların vergi qanunlarına, mühasibat standartlarına uyğunluğunu nəzərdən keçirən şəxslərdir.
  5. Məhkəmə mühasibləri – mühasib-kriminalistlər mürəkkəb maliyyə qeydlərini, onların düzgünlüyünü, əhəmiyyətini müəyyənləşdirmək məqsədi ilə təhlil edib ümumiləşdirir.
  6. Dövlət (ictimai) mühasibləri yerli, əyalət, həmçinin federal agentliklər daxil olmaqla, hökumətin bütün qollarında işləyir, dövlət fondlarını idarə edir, “ağ yaxalıqlı” cinayətlərini araşdırır, sistem üzrə auditlər aparır.
  7. İnvestisiya üzrə mühasiblər broker və aktivlərin idarə edilməsi firmalarında çalışır, müştərilərin investisiyalarını dəstəkləyir.
  8. Layihə mühasibi layihənin maliyyə nəticələrini izləmək, hesabat vermək, təhlil etmək daxil olmaqla, layihənin büdcə uçotunu aparır.
  9. Vergi uçotu mühasibləri maliyyə hesabatlarına deyil, vergilərə fokuslanır. Vergi yükünün azaldılması üçün vergi planlamasına, bəyannamələrin Vergi Məcəlləsinə uyğun hazırlanmasına diqqət ayırır.
  10. Maliyyə uçotu mühasibləri maliyyə hesabatları vasitəsilə şirkətin biznes əməliyyatlarının mühasibat hesablarında qeydiyyatını aparır, ümumiləşdirir, uyğun qaydada təqdim edir. Mənfəət və zərər haqqında hesabat, balans hesabatı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat belələrindəndir.

Hansı qrupa aid olmasından asılı olmayaraq təsərrüfat uçotunun əsas siması olan mühasib müəssisələrin maliyyə hesabatlarının təfsirinə, saxlanmasına cavabdehdir. O, müəssisədə mühasibat uçotu qura, maliyyə hesabatlarını hazırlaya, maliyyə məsləhətləri verə bilər.

Ezamiyyət

Print Friendly, PDF & Email