Təsərrüfat fəaliyyəti, onun növləri, müəssisə anlayışı

posted in: Xəbər | 0
birbank biznes

Təsərrüfat fəaliyyəti nədir?

Mühasibat uçotunun müxtəlif aspektlərini şərh edərkən tez-tez rastlaşdığımız “təsərrüfat fəaliyyəti” anlayışı nəyi ifadə edir? Uçotun inkişaf mərhələlərinə  qısaca nəzər salaq. İbtidai insan demək olar heç nə istehsal etmirdi, hər hansı bir müəssisə mövcud deyildi, özünə lazım olanı təbiətdən “qoparırdı”. Yeri gəlmişkən, istehsal olmasa da, primitiv formada mühasibat mövcud idi – ov ovlayan, meyvə yığan, balıq tutan əcdadlarımız “anbar uçotu” aparırdı.

“Yaşa dolduqca” insanın məşğuliyyəti dəyişdi, zaman keçdikcə həyat keyfiyyətini kökündən yaxşılaşdıran fəaliyyət növlərini mənimsədi. Müasir dövrdə onu çoxsaylı faydalı cihazlar, qurğular əhatə edib. Bütün maddi, mənəvi nemətlər insanın təsərrüfat fəaliyyəti nəticəsində formalaşır.

Təsərrüfat fəaliyyəti insanın tələbatlarının tam ödənməsinə yönəlmiş bütün növ əmək fəaliyyətinin məcmusudur. Buraya biz:

  • sənaye
  • kənd təsərrüfatı
  • xidmət sektorunu aid edə bilərik.

Xidmət sektoru dedikdə təhsil, elm, mədəniyyət, idman, səhiyyə, ticarət  və s. başa düşülür.

Başlanğıcda ailə (fərdi) təsərrüfatda həyata keçirilən təsərrüfat fəaliyyəti, hazırda fərqli təşkilati – iqtisadi formaya malik müəssisələrdə həyata keçirilir.

Müəssisə anlayışı

Uçot işçiləri mühasibat uçotundan danışdıqda, bəzən onun əvvəlinə “firma”, “şirkət”, “təşkilat”, “müəssisə” sözlərini əlavə edirlər, məsələn “müəssisənin mühasibat uçotu”. Bu anlayışlar eynidir yoxsa fərqli?

2002-cil ilədək Azərbaycan Respublikasında müəssisələr fəaliyyətini “Müəssisələr haqqında” qanunla tənzimləyirdi. Mülki Məcəlləyə edilmiş dəyişiklikdən sonra qanun ləğv edildi. Qanunvericilik aktları müəssisəni:

  • mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi istiqamətində fəaliyyət göstərən;
  • mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş, xidmətlər yerinə yetirən;
  • hüquqi şəxs olan müstəqil təsərrüfat subyekti olaraq təyin edir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəssisəyə tərif verərkən sahibkarlıq fəaliyyəti mütləq şərt olaraq qəbul olunur. Məcəllədə müəssisə nisbətən dar çərçivədə – sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs kimi xarakterizə olunur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəssisəyə tərif verərkən sahibkarlıq fəaliyyəti mütləq şərt olaraq qəbul olunur.

“AzleksAz” onlayn lüğətlər toplusunda  müəssisələr 2 fərqli anlamda şərh edilir:

  • istehsalat yaxud ticarət-təsərrüfat vahidi, bir-neçə belə vahidin birləşməsi (sənaye, ticarət müəssisəsi);
  • hər hansı fəaliyyət sahəsinə baxan təşkilat, idarə (dövlət müəssisəsi, elmi müəssissə).

Qeyd edilən lüğət şirkəti şəriklik əsasında ticarət yaxud sənaye birliyi kimi təyin edir. “Firma” sözünün dilimizdə işlənmə tarixi elə çox deyil, xarici ədəbiyyatda idarəçiliyində bir yaxud bir neçə istehsalat (satış) müəssisəsi olan qurum anlamında işlədilir.

Beləliklə, “Firma”, “şirkət”, “təşkilat”, “müəssisə”, “idarə” anlayışları idarəetmə, təşkilati qurulusuna görə fərqli qurumları anlada bilər, amma həmin qurumların təsərrüfat fəaliyyəti eyni məqsədə yönəlib. Həmin qurumlarda mühasibat uçotu oxşar prinsiplər əsasında qurulur. Mühasibin baxış bucağından anlayışların hər biri tətbiq edilə bilər, amma biz daha çox “müəssisələrin mühasibat uçotu” ifadəsindən istifadə edəcəyik.

Müəssisələrin təsnifatı

Ənənəvi olaraq iqtisadi ədəbiyyatda müəssisələr mülkiyyətindən asılı olaraq iki qrupa ayrılır:

  • dövlət müəssisələri;
  • özəl müəssisələri.

Dövlət müəssisələrində istehsalın təşkilatçısı və təsisçisi dövlət yaxud bələdiyyədir. Özəl  müəssisə fərdlər, ortaqlar tərəfindən qurulur.

Beynəlxalq mühasibatlıqda bizim fərdi sahibkar kimi fəaliyyət göstərən şəxslərin fəaliyyət göstərdikləri binalara, təsərrüfat obyektlərinə də (onların restoranları, tədris mərkəzləri, emalatxanaları) özəl fərdi müəssisə olaraq baxılır. Yəni şəxsin hansı formada dövlət qeydiyyatına alınması, dövlətə, hüquqa nəzərən mülki hüquqların sərhədi mühasibat prinsipləri ilə ziddiyyət yaratmır, bunlar uçot baxımdan maraqlı deyil.

Müəssisəyə verdiyimiz tərif iki yanaşmanı birləşdirir. Birinci yanaşma müəssisənin fəaliyyəti ictimai tələbatı ödəməsini əsas sayır, ikinciyə görə qazanc əldə etməyə istiqamətlənir.  İctimai tələbatın ödənməsinə yönələn təsərrüfat fəaliyyət mütləq maddi qazanc gətirməli deyil – məsələn, mədəniyyət, təhsil müəssisləri. Bunlar qeyri kommersiya təşkilatlarıdır.

Kommersiya müəssisələrinin təsərrüfat fəaliyyəti gəlirə yönəlib. Onların əsas məqsədi mal istehsalı, malların alınıb satılması yaxud  xidmət (iş) göstərməklə mənfəət əldə etmək, mühasibat uçotunun vəzifəsi bu mənfəətin qeydiyyatını aparmaqdır.

Beynəlxalq təcrübədə kommersiya müəssisələrinin 3 təşkilati formasına rast gəlinir:

  • Fərdi müəssisələr (Sole Proprietorship)
  • Şərikli müəssisələr – ortaqlıqlar (Partnerships)
  • Korporasiyalar (Corporations)

Həmin müəssisələr barədə, onların hər birinin üstün, həmçinin mənfi cəhətləri haqqında burada ətraflı verilib.

171 saylı “Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları” hesabı üzrə müxabirləşmə nümunələri

Print Friendly, PDF & Email