Mədəniyyət, idman, təhsil, elm və səhiyyə sahəsində fəaliyyət göstərən təşkilatların vergi öhdəlikləri

posted in: Xəbər | 0

vergi , mühasib peşəsi, mühasib bossRespublikamızda mədəniyyətin, tibbin və idmanın inkişaf etdirilməsi üçün bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir, o cümlədən bu sahələri dəstəkləyən şirkətlərə vergi güzəştləri tətbiq olunur. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi vergi ödəyicisinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş tələblərə cavab verən elm, təhsil, tibb, idman və mədəniyyət təşkilatlarına köçürdüyü ümumi mənfəətin 10 faizindən çox olmayan hissəsini vergidən azad edir.

Fərz edək ki, “Dəniz” MMC şirkəti 2021-ci il ərzində 150 min manat mənfəət əldə edib. Şirkət bu mənfəətdən 20% məbləğində vergi ödəməyə borcludur: 150.000 x 20% = 30.000 manat. Lakin “Dəniz” MMC-nin mühasibi vaxtında xatırlayır ki, şirkət il ərzində yerli təhsilə maddi dəstək kimi Bakı Dövlət Universitetinə 15 min manat köçürüb. Bu faktı mənfəət və zərər bəyannaməsinə daxil etməklə (Əlavə 5, 2-ci hissə, sətir 29) mühasib şirkət tərəfindən ödəniləcək mənfəət vergisi məbləğini 30.000 manatdan 27.000 manata endirəcək:

(150.000 – 15.000) x 20% = 27.000

Başa düşmək çətin deyil ki, mahiyyət etibarilə vergi ödəyicisinə təqdim olunan bu güzəşt qeyd olunan xərcin gəlirdən çıxılan xərc kimi nəzərə alınması ilə eyni effekti verir. Beləliklə, faktiki olaraq Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi 109.2-ci maddənin qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan xərclərin əldə edilmiş gəlirdən çıxılmasını qadağan edən tələbini müəyyən mənada yumşaltmış olur.

Maddədə qeyd edilən meyarlara gəldikdə isə həmin meyarlar Nazirlər Kabinetinin 12.03.2020-ci il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilib.

• Elmi təşkilatlar üçün – “Elm haqqında” Qanunun 1.0.9-cu bəndinə uyğun olaraq elmi fəaliyyətin həyata keçirilməsinin təsis sənədlərində əks etdirilməsi, bu Qanunun 24-cü bəndinə uyğun olaraq akkreditasiyanın olması və prioritet istiqamətlər üzrə elmi tədqiqatların aparılması, dövlət siyasəti (“Elm haqqında” Qanunun 3.3-cü bəndi);

• Təhsil müəssisələri üçün – dövlət orqanları və ya səhmlərinin 51 faizinə dövlət mülkiyyətində olan və ya dövlət tərəfindən yaradılmış publik hüquqi şəxslər tərəfindən nəzarət, habelə təhsil fəaliyyətini həyata keçirmək üçün lisenziyanın olması;

• Səhiyyə təşkilatları üçün – təşkilat dövlət mülkiyyətində olmalı və köçürülən vəsait əhalinin sağlamlığının qorunmasına xərclənməlidir.

• İdman təşkilatları üçün – “Bədən tərbiyəsi və idman haqqında” Qanuna uyğun olaraq idman federasiyaları (birlikləri) və ya klubları yaradılmalıdır;

• Mədəniyyət təşkilatları üçün – təşkilat tədbirlərin, müsabiqələrin, sərgilərin, yaradıcılıq gecələrinin, təqdimatların, festivalların, konfransların və simpoziumların hazırlanması və keçirilməsi, çap məhsullarının istehsalı və onların yayılması, o cümlədən filmlərin istehsalı ilə məşğul olmalıdır.

Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi yerli idmanı, mədəniyyəti, elmi, səhiyyə və təhsili dəstəkləyən şirkətlərə bunun üçün müəyyən vergi güzəştləri almağa imkan yaradır. İdeal olaraq, bu maliyyələşdirmə modeli mədəniyyət, idman, təhsil, elm və səhiyyə sahəsində fəaliyyət göstərən təşkilatlara büdcə asılılığından azad olub özünümaliyyələşdirmə modellərinə keçməyinə kömək etməlidir.

Mənbə: vergiler.az


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *