Torpaq, tikili və avadanlıqların amortizasiyası zamanı diqqətə alınmalı məqamlar

posted in: Xəbər | 0
birbank biznes

Əsas vəsaitlərin faydalı istismar müddəti

Müəyyən zaman daxilində hər şey, o cümlədən torpaq, tikili və avadanlıqlar da köhnəlir, öz dəyərini itirir. Onların dəyərlərini tədricən istehsalında iştirak etdikləri məhsulun maya dəyərinə köçürürlər. Bu proses torpaq, tikili və avadanlıqların amortizasiyası, tam köçürülmə müddəti isə faydalı istifadə müddəti adlanır. Əsas vəsaitlərin köhnəlməsi (amortizasiya) üzrə hesablamalar zamanı belə aktivlərin faydalı istifadə müddətini müəyyən etmək zərurəti yaranır.

Diqqət edin, biz həm “torpaq, tikili və avadanlıqlar”, həm də “əsas vəsaitlər” anlayışından istifadə etdik. Bunlar, analoji anlayışlardır, hər ikisinin paralel işlənməsi səbəbi haqqında “Torpaq, tikili və avadanlıqlar yaxud əsas vəsaitlər” adlı məqalədən ətraflı oxumaq olar.

Aktivin faydalı istismar müddəti müəyyən edilən zaman aşağıdakı amillər nəzərə alınmalıdır:

  1. Müəssisənin aktivdən gözlənilən istifadəsi – onun ehtimal olunan imkanlarına yaxud fiziki istehsal gücünə əsasən müəyyən edilir;
  2. Ehtimal edilən fiziki köhnəlmə – istismar amillərindən asılıdır (məsələn, aktivdə istifadəsi gözlənilən növbələrin sayı, təmir, texniki xidmət, saxlanılma şəraiti, boşdayanma dövründə aktivə qulluq);
  3. İstehsal prosesinin dəyişilməsi, yaxud təkmilləşdirilməsi, habelə aktivdən istifadə etməklə istehsal olunan məhsullara bazarda tələbatın dəyişilməsi ilə əlaqədar meydana çıxan mənəvi yaxud kommersiya cəhətdən köhnəlmə;
  4. Aktivdən istifadə üzrə hüququ, həmin qəbildən olan məhdudiyyətlər (məsələn, aktivlərin icarəyə verilmə müddəti).

Torpaq, tikili və avadanlıqlar kimi tanınmış aktivin faydalı istifadə müddəti müəssisə üçün onun ehtimal edilən faydalılığı nəzərə alınmaqla müəyyən edilir.

Mühasibat uçotunda torpaq, tikili və avadanlıqların amortizasiyası

Mənəvi, yaxud kommersiya cəhətdən köhnəlmə, aktivin boşdayanması zamanı fiziki köhnəlmə aktivdən istifadədən alınan iqtisadi faydanın azalmasına gətirib çıxarır və onun faydalı istifadə müddətini azaldır. Bunu nümunədə şərh edək.

Nümunə 1. Faydalı istifadə müddəti 5 il olan torpaq, tikili və avadanlıqlar kimi uçota alınmış obyektinin maya dəyəri 12000 manat, ləğvolunma dəyəri 2000 manat təşkil edir. İki ildən sonra obyektin istifadəsi nəzərdən keçirilmiş, onun ləğvetmə dəyəri 1000 manat təşkil etmiş, yerdə qalan faydalı xidmət müddəti 4 il müddətində tanınmışdır. Ləğvetmə dəyərinin və faydalı istifadə müddətinin yenidən nəzərdən keçirilməsi ilə əlaqədar amortizasiya ayırmalarının dəyişdirilmiş məbləğinin hesablanması aşağıdakı cədvəldə təqdim olunur (cədvəl 1):

Cədvəl 1. Torpaq, tikili və avadanlıqların amortizasiyası zamanı dəyişdirilmiş məbləğin hesablanılması (manatla)

Sıra sayı Göstərici 1-ci il 2-ci il 3-cü il
1 Maya dəyəri 12000 12000
2 İlin əvvəlinə balans dəyəri 12000 10000 8000
3 Ləğvetmə dəyəri 2000 2000 1000
4 Amortizasiya olunan dəyər 10000 10000 7000
5 Faydalı istifadə müddəti il 5 5 4
6 İllik amortizasiya məbləği (sətr 4 : sətr 5) 2000 2000 1750
7 Yığılmış amortizasiya məbləği 2000 4000 5750
8 İlin axırına balans dəyəri 10000 8000 6250

Yəni, vergi uçotundan fərqli olaraq mühasibat uçotunda əsas vəsaitlər üçün konkret amortizasiya dərəcəsi mövcud deyildir. Torpaq, tikili və avadanlıqların amortizasiyası üzrə hansı dərəcənin hansı əsas vəsaitə tətbiq etməyə yuxarıda sadaladığımız meyarları nəzərə almaqla müəssisə özü qərar verir.

Nə zaman ki, aktiv istifadə üçün yararlı olur, onda amortizasiyanın hesablanılmasına başlanılır.

Amortizasiya hesablanmasının dayandırılması

Amortizasiya hesablanması aşağıdakı iki tarixdən daha əvvəlki tarixlə dayandırılır:

  1. Aktivin satış üçün nəzərdə tutulmuş formada təsnifləşdirildiyi tarixə (IFRS 5 “Satış üçün nəzərdə tutulan uzunmüddətli aktivlər və dayandırılmış fəaliyyət”);
  2. Aktivin tanınmasının dayandırıldığı tarixə torpaq, tikili və avadanlıqların obyektinin balans dəyərinin tanınması mütləq qaydada xaric olduqda, ya da onun istismarından hər hansı bir gələcək iqtisadi fayda gözlənilmədikdə.

Hesablanma aşağıdakı hallarda dayandırılmır:

  • aktivdən istifadə ümumiyyətlə dayandırıldıqda yaxud ondan fəal istifadə edilmədikdə;
  • təmir edildikdə və ona xidmət göstərildiyi vaxtda.

Əgər torpaq, tikili və avadanlıqların amortizasiyası tam şəkildə həyata keçirilibsə hesablanma sonlandırılır.

Həmçinin, qeyd edək ki, istehsal vahidi metodu tətbiq olunan hallarda da ayırmalar sıfıra bərabər ola bilər (aktiv vasitəsilə hər bir məhsul istehsal olunmadıqda).

Torpağa görə amortizasiya hesablanırmı?

Belə bir sual yarana bilər: torpaq sahələri və onların üzərində olan binalar onlar birlikdə satın alınsalar uçotda ayrıca obyektlər kimi əks etdirilməlidirlər ya ayrı?

Bununla bağlı qeyd edə bilərik ki, bəli, onların hər biri ayrıca əsas vəsait hesab olunduğundan bir yerdə yaxud ayrıca alınması heç bir əhəmiyyət daşımır.

Lakin ayrıca əsas vəsait kimi qeydə alınmasına baxmayaraq torpağın istifadə müddəti qeyri-məhdud olduğu üçün ona torpaq, tikili və avadanlıqların amortizasiya hesablanılması qaydalarının tətbiqi nəzərdə tutulmur. Bu münasibət zibil tullantılarının atılması üçün nəzərdə tutulan karyerlər və meydançalar qismində istifadə olunan torpaq sahələrə də aiddir.

Bu binalara aid deyil, onların xidmət müddəti məhduddur. Bu səbəblə də onlar amortizasiya edilən aktivlər siyahısında yer alıblar.

Binanın yerləşdiyi torpağın dəyərinin artması yaxud azalması binanın amortizasiya məbləğinə təsir göstərmir.

Diqqət ediləsi məqam: Əgər satın alınan torpağın dəyəri özündə sökülmə ilə əlaqədar xərcləri birləşdirirsə, burada olan əsas vəsait obyekti sökülürsə, həmçinin sahədəki təbii resurslar bərpa olunursa, onda həmin torpaq sahəsinə iqtisadi faydanın alınması müddəti ərzində torpaq, tikili və avadanlıqların amortizasiya hesablanılması prinsipləri tətbiq edilir.

Nümunə 2. Sex binasının inşası üçün torpaq sahəsi satın alınmışdır. Həmin torpaq sahəsinin ümumi dəyəri 113000 manat, o cümlədən həmin torpaq sahəsinə ödənilən məbləğ 100000 manat, daşınmaz əmlak üzrə komisyon agenti xərci – 3000 manat, bu torpaq sahəsində yerləşən köhnə binanın sökülməsi xərcləri 10000 manat təşkil edir. Belə ehtimal edilir ki, torpaq sahəsində tikilən yeni sex binasının faydalı istifadə müddəti 20 ilə bərabər olacaq. Torpaq sahəsinin 103000 manata (100000+3000) bərabər olan dəyəri amortizasiya məruz qalmır torpaq sahəsində yerləşən köhnə binanın sökülməsinə çəkilən xərclər 10.000 manat təşkil edir və o, 20 il ərzində amortizasiya olunmalıdır.

Bir sıra hallarda torpaq sahəsi özü-özlüyündə faydalı istismar müddətinə malik ola bilər. Belə hallarda torpaq, tikili və avadanlıqların amortizasiyası üçün elə bir üsul tətbiq edilməlidir ki, gələcək iqtisadi səmərəni əks etdirə bilsin. Belə ki, əgər torpaq sahəsi maliyyə icarəsinə verilirsə, onun faydalı istifadə müddəti icarə müddəti ilə məhdudlaşır.

Kommersiya müəssisələri, onların təsnifatı

Print Friendly, PDF & Email