Torpaq vergisi və onun tarixi

posted in: Vergi, Xəbər | 0

Torpaq vergisi nədir?

Torpaq vergisi birbaşa vergi növüdür, obyekti torpaq yaxud ondan əldə edilən gəlirdir. Qədim Misirdə, Yunanıstanda, Romada mövcud olan bu vergi, dövlət gəlirlərinin formalaşmasında qədim dövrlərdə, xüsusilə də orta əsrlərdə mühüm yer tutub. Başlanğıcda natural formada alınan vergi torpaq sahələrinin böyüklüyünə görə müəyyənləşirdi. Sonralar torpaq kadastrı əsasında müəyyən edilən məhsuldarlıq da nəzərə alınmağa başladı.

İndiki Azərbaycan ərazisində tarix boyu mövcud olmuş dövlətlər, rejimlər torpaq vergisini “xərac”, “üşr” və digər müxtəlif adlarla toplayırdılar. Hələ Sasanilərin dövründə “xaraq” adlı vergi növü var idi ki, bu da əslində torpaq vergisi idi.

XIX əsrin ortalarında bütün torpaqlara şamil edilən “zemski” rüsumu toplanmağa başlandı. Eyni zamanda mülkiyyətdə olan torpaqlara görə adi qaydada torpaq vergisi də alınırdı.

Torpaqdan alınan vergi XVll – XlX əsrlərdə tam şəkildə formalaşdı. Həmin dövrdə ev, sənətkarlıq vergisi, eləcə də birbaşa vergilərin əsasını vergi növü təşkil edirdi. XIX əsrin sonlarından  onun rolu fiskal sistemdə azalmağa başladı. Kadastrın tərtib edilməsi torpağın qiyməti, məhsuldarlığının artımından geri qalırdı. Müasir dövrdə bu vergi növünün vergi yığımlarında xüsusi çəkisi nisbətən azdır, o, bir çox ölkələrdə gəlir vergisi və ya əmlak vergisinin tərkibinə daxil edilir.

Azərbaycan torpaq qanunvericiliyində torpaq vergisi 

Azərbaycan Respublikasında torpaq vergisi haqqında qanun iki dəfə -1993-cü il fevralın 2-də, 1996-cı il dekabrın 24-də qəbul edilib. 01 yanvar 2001-ci ildən sonuncu qüvvədən düşmüş, onun müddəaları bir qədər dəyişdirilərək Vergi Məcəlləsinin XlV fəslinə daxil edilmişdir.

Torpaq vergisi renta tipli əmlak vergisi xarakteri daşıyır

Torpaq vergisi, əmlak vergisində olduğu kimi, vergi ödəyicisinə məxsus torpaq sahəsinin mövcudluğuna olduğuna görə tutulur. Bu zaman onun gəliri olub-olmaması nəzərə alınmır. Amma, fərz edilir ki, münbitliyinə və yerləşməsinə görə daha yaxşı torpaq sahələrindən daha çox gəlir əldə edilir yaxud əldə etmək imkanı var. Odur ki, verginin miqdarı bu meyarlardan asılı olur. Hər vahid torpaq sahəsinə uyğun olaraq sabit məbləğdə torpaq vergisi təyin olunur.

torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin torpaq sahəsinə görə hər ilə (bərabər ) sabit tədiyyə - məbləğlər şəklində hesablanır.

Torpaqdan istifadə hüququ nədir?

Ola bilər torpaq mülkiyyətçi deyilsiniz, lakin bağlanmış müqaviləyə (icarə və s.) əsasən müəyyən müddət ərzində konkret torpaq sahəsindən istifadə edəcəksiniz. İstifadə hüququ:

  • həm müvəqqəti;
  • həm də daimi ola bilər.

Daimi istifadə dedikdə əvvəlcədən konkret müddət müəyyən edilməmiş istifadə hüququ nəzərdə tutuıur.

Torpaq sahəsi:

  • dövlətə;
  • bələdiyyələrə;
  • ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus ola bilər.

Adi icarə münasibətlərində torpağın daimi istifadəyə verilməsi halına rast gəlinmir. Daimi əsasla istifadəyə əsasən dövlət, həmçinin bələdiyyə torpaqları verilə bilir. Səbəb isə hər hansı işlərin görülməsi, vətəndaşların mənzil hüququnun həyata keçirilməsi və s. ola bilər.

Daimi əsaslarla söz açdığımız halda torpaqlar əsasən bələdiyyələrə, dövlət hakimiyyət orqanlarına, büdcə təşkilatlarına, dini qurumlara, mənzil istismar sahələrinə, həmkarlar ittifaqlarına verilir.

Bəzən qurumun müvəqqəti yaradıldılması səbəbindən, torpaqdan istifadə hüququ ona müvəqqəti verilir. On beş ilədək istifadəyə verilmiş torpaqlar qısamüddətli, doxsan doqquz ilədək istifadəyə verilmiş torpaqlar isə uzunmüddətli istifadəyə verilmiş hesab edilir. Hansı müddətə verilməyindən asılı olmayaraq qanunvericiliyin tələblərinə uyğun torpaq vergisi ödənilir.


 

 

Print Friendly, PDF & Email