Torpaq vergisinin hesablanması

posted in: Xəbər | 0
birbank biznes

Verginin hesablanması qaydası

Əgər torpağa mülkiyyət yaxud ondan istifadə hüququnu təsdiq edən sənədiniz varsa, siz torpaq vergisi ödəyici sayılırsınız. Tikili, qurğu altındakı, habelə obyektlərin sanitariya mühafizəsinə görə zəruri olan torpaq sahələri vergiyə cəlb olunur. Bəs vergi ödəyicilərində torpaq vergisi nece hesablanır? Fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydası Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 208-ci maddəsində şərh olunub.

Hesablamalar mülkiyyət yaxud istifadə hüququnu təsdiq edən sənəd əsasında həyata keçirilir. Sahənin ölçüsü və kateqoriyası haqqında məlumatları bu sənəddən əldə etmək olar. Həmin məlumatlar vergi məbləğinin hesablanması zamanı istifadə edilir.

Məcəllənin müddəaları əsasında fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydası aşağıdakı kimi müəyyən edilə bilər:

illik torpaq vergisi = torpaq sahəsinin ölçüsü * vergi dərəcəsi

Verginin hesablanması ardıcıllığı torpaqların təyinatından asılıdır. Vergi Məcəlləsində torpaqların istifadə təyinatına görə təsnifatı aşağıdakı kimidir:

Torpaqların istifadə təyinatına görə təsnifatı

1. Kənd təsərrüfatı torpaqları

2. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar

3. Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar

4. Təyinatı üzrə istifadə edilən və ya müxtəlif səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları

Qeyd edilən hər bir qrup üzrə torpaq vergisi nece hesablanır? Gəlin, bunu nümunələrlə izah edək.

Kənd təsərrüfatı fəaliyyətində torpaq vergisi

Kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçisi yaxud istifadəçisi olan fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydası AR Vergi Məcəlləsində əks olunub. Hesablama zamanı tətbiq edilən vergi dərəcəsi Məcəllənin 206-cı maddəsinə əsasən müəyyən edilir.

Kənd təsərrüfatı ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan torpaqları aşağıdakı kimi qruplara bölmək olar:

  1. Təyinatı üzrə istifadə edilən;
  2. Təyinatı üzrə istifadəsi müəyyən səbəblərdən mümkün olmayan;
  3. Digər kənd təsərrüfatı torpaqları.

İlk iki qrupa daxil olan fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydası Məcəllənin 206.1-1 maddəsində şərh edilir. Torpağın təyinatına görə istifadə ediləməməsi irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən ola bilər. Səbəblərin müəyyən olunması meyarları burada şərh edilib. Belə torpaqlar üçün torpaq vergisinin hesablanması hər şərti bal üçün 0,06 manat olmaqla aparılır. Kadastr qiymət rayonları üzrə müəyyən edilən şərti ballar AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Üçüncü qrupa aid olan torpaqlar təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqlarıdır. Həmin torpaqlara mülkiyyət yaxud istifadə hüququ olan fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydası Məcəllənin 206.1 maddəsində şərh edilib. Hesablamalar zamanı belə torpaqların 100 kv.m-nə 2 manat sabit vergi məbləği tətbiq edilir.

Nümunə 1: Şərur rayonunun Oğlaq qəsəbəsində vətəndaş Namiq bəyin mülkiyyətində əkin sahəsi var. Sahənin həcmi 1.6 hektar, I keyfiyyət qrupudur.

Həmin qrup üzrə torpağın şərti balı 53 təyin edilib. Vətəndaş qeyd edilən torpaq sahəsinin 1 hektarını taxıl əkini, digər 0.6 hektarını təyinatına uyğun olmayaraq quşçuluq təsərrüfatı məqsədləri üçün işlədir.

Təyinatına müvafiq istifadə edilən hissəyə 3.18 AZN (53 * 0.06 * 1), təyinata görə istifadə edilməyən 0.6 ha torpaq sahəsinə görə 120 AZN (6000  : 100) * 2 ) vergi ödənilməlidir.

Kənd təsərrüfatı təyinatlı olmayan torpaqlara verginin hesablanması

Belə torpaqlara aşağıdakılar aid edilə bilər:

  • xüsusi təyinatlı torpaqlar (məsələn, sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti təyinatlı);
  • yaşayış fondlarının, habelə vətəndaşların həyətyanı torpaqları və bağ sahələrinin torpaqları.

Belə torpaqlara uyğun hüquqi sənədi olan fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydası AR VM-in  206.3 maddəsinin tələblərinə uyğun müəyyən edilir. Bu maddədə müəyyən edilmiş torpaq vergisi dərəcələri torpaq sahəsinin  ölçülərinə görə fərqlənir. Belə ki, torpaq sahəsinin:

  • 10000 m² – dək olan hissəsi üçün bir;
  • 10000 m² – dən yuxarı olan hissəsi üçün isə başqa vergi dərəcəsi tətbiq edilir.

Sabit məbləğ formasında ifadə olunan vergi dərəcələri haqqında “Torpaq vergisinin dərəcələri hansılardır?” adlı məqalədən tanış ola bilərsiniz.

Nümunə 2: Sahibkarlıq fəaliyyətini həyata keçirən “Aqro” MMC-nin 7500 kv.m sənaye təyinatlı torpaq sahəsi, həmçinin həmin torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi var. Bunun 3200 kv.m-i tikililərin, 2700 kv.m-i qurğuların altında qalıb. Hüquqi şəxs mülkiyyətində olan torpaq sahəsindən tam istifadə etməsə də, vergini 7500 kvadrat metrə görə hesablayaraq dövlət büdcəsinə ödəyəcək.

Nümunə 3: Hüquqi şəxsin Bakı şəhərində sənaye təyinatlı 5750 kv.m, Gəncə şəhərində isə tikinti təyinatlı 1000 kv.m. torpaq sahəsi var. Torpaq vergisini hesablayaq.

Bakı şəhərində  (5750 : 100 ) * 10 = 575;

Gəncə şəhərində  (1000 : 100 m) * 8 = 80;

Hüquqi şəxsin cəmi ödəməli olduğu torpaq vergisinin məbləği: 655=(575 + 80) manat olacaqdır

Nümunə 4: Fiziki şəxsin Bakı şəhərində 5 sot, Abşeron rayonunda 8 sot, Mingəçevir şəhərində 12 sot, Füzuli rayonunun Alxanlı kəndində isə 20 sot həyətyanı sahəsi var. 1sot = 100 kv.m. olduğunu nəzər alaraq fiziki şəxsin torpaq vergisini hesablayaq. Nəzərə almaq lazımdır ki, müxtəlif regionlar üçün torpaq vergisi dərəcəsi fərqlidir.

Bakı şəhərində  (500 : 100) * 0.6 = 3;

Abşeron rayonunda  (800 : 100 ) * 0.5 = 4;

Mingəçevir şəhərində (1200 : 100) * 0.3 = 3.6;

Füzuli rayonunun Alxanlı kəndində (2000 : 100) * 0.1 = 2;

Fiziki şəxsin cəmi ödəməli olduğu torpaq vergisinin məbləği 12,6= (3 + 4 + 3.6 + 2) manat təşkil edəcəkdir.

Torpaq vergisi üzrə digər nüanslar

Bəzən elə olur ki, eyni torpağın üzərində istifadə hüququ qarışıq olur, yəni torpaq sahəsi müxtəlif şəxslər tərəfindən istifadə olunur. Bəs birgə istifadə zamanı torpaq vergisi nece hesablanır? Nümunəyə baxaq.

Nümunə 5: Sahibkarlıq məqsədləri üçün istifadə edilən bina 3 fiziki və bir hüquqi şəxsə məxsusdur. Tikilinin altında yerləşən torpaq sahəsi 1200 kvadrat metrdir. Birinci və ikinci fiziki şəxsin hər birinə 275 kvadrat metr, üçüncü şəxsə 200 kvadrat metr, hüquqi şəxsə 450 kvadrat metr tikinti sahəsi düşür. Bu şəxslərin ödəyəcəyi vergini hesablayaq.

Ümumi torpaq sahəsinə görə vergi məbləği :

(1200 : 100) * 10 = 120 manat

Birinci və ikinci fiziki şəxsin payı (275 : 1200) * 100 = 22.92 %, uyğun olaraq hər biri üçün vergi 27,50 manat;

Üçüncü fiziki şəxsin payı (200 : 1200) * 100 = 16.66 %, uyğun olaraq vergi 20 manat;

Hüquqi şəxsin payı: (450 : 1200) * 100 = 37.5 %, uyğun olaraq vergi 45 manat olacaq.

Fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydası haqqında danışarkən Vergi Məcəlləsində qeyd edilmiş aşağıdakı nüanslar da nəzərə alınmalıdır:

  • vergitutma obyektinin dəqiq təyin edilməsi;
  • vergi güzəştlərini tətbiq etməklə vergitutma bazasının düzgün təyini;
  • vergi dərəcəsinin torpağın təyinat istiqamətlərinə uyğun seçilməsi;
  • torpağın keyfiyyət və kəmiyyət göstəricilərinin müəyyən edilməsi;
  • ödəmələrin büdcə səviyyəsinə görə (dövlət yaxud bələdiyyə) düzgün həyata keçirilməsi və sair.

Son olaraq qeyd edək ki, hesablanmış torpaq vergisi gəlir (mənfəət) vergisi məqsədləri üçün məhdudlaşdırılmadan gəlirdən çıxıla bilər.

Nümunə 6: “Mars pro” ASC 2021-ci il ərzində 7100 manat torpaq vergisi, 12000 manat əmlak vergisi hesablayıb. Cəmiyyətin həmin təqvim ili üçün ümumi gəliri 420000 manat, gəlirdən çıxılan xərcləri isə hesablanmış torpaq, habelə əmlak vergiləri nəzərə alınmadan 270000 manat olmuşdur. Mənfəət vergisini hesablayaq:

Səhmdar cəmiyyəti hesabladığı torpaq vergisini VM-nin 119-cu maddəsinə əsasən ümumi gəlirdən çıxa bilər. Onun vergiyə cəlb edilən mənfəəti:

420.000 – (270.000+7.100+12.000) = 130.900 manat olacaq.

Beləliklə, məqalədə fiziki və hüquqi şəxslərin torpaq vergisinin hesablanması qaydasını izah etdik. Digər vergilərin hesablanması ilə saytımızın “Vergi” bölməsindən tanış ola bilirsiniz.


Print Friendly, PDF & Email