Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunması zamanı ödəmə mənbəyində vergi necə hesablanır?

posted in: Xəbər | 0
birbank biznes

ödəmə mənbəyində vergiyə cəlb,Sualla bağlı iqtisadçı ekspert Anar Bayramov şərh bildirir. Vergi Məcəlləsinin 150.1.9-cü madddəsinə əsasən, notariuslar da bəzi müqavilələri təsdiq edərkən ödəmə mənbəyində vergi tutmağa borcludur. Notariusların vergi tutduğu müqavilələrə aşağıdakılar aid edilmir:

  • fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;
  • fiziki şəxslər tərəfindən torpaq sahələrinin təqdim edilməsi.

Misal 1: Vətəndaş 2010-cu ildən qeydiyyatda olduğu evini 2022-ci ildə satırsa, ödəmə mənbəyində vergiyə cəlb olunmur.

Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, fiziki şəxsin güzəşt tətbiq edilən qeydiyyatda olma müddəti 5 ildən 3 ilə endirilib.

Misal 2: Vətəndaş 2019-cu ilin noyabr ayından qeydiyyatda olduğu evi 2022-cü ilin mart ayında satırsa, ödəmə mənbəyində vergiyə cəlb olunmur. Çünki Vergi Məcəlləsində “təqvim ili” dedikdə 01 yanvar – 31 dekabr tarixi əsas götürülür. Bu halda 3 təqvim ili (2019-cu, 2020-ci və 2021-ci illər) başa çatdığı üçün vergi ödəyicisinə güzəşt tətbiq edilir.

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əlavə edilən 218-1.1.5.3-cü maddəyə əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadrat metrədək olan hissəsinə güzəşt tətbiq edilir.

Misal 3: Vətəndaş 2 il qeydiyyatda olduğu 85 kvadrat metrlik evi satarsa, 30 kvadratmetr sahəyə görə vergi hesablanmayacaq və 55 kvadrat metrə (85-30) vergi hesablanacaq.

Misal 4: Vətəndaş 2015-ci ildə aldığı 5 sot (500 kvadratmetrlik) torpaq sahəsini 2022-ci ildə satırsa, ödəmə mənbəyində vergiyə cəlb olunacaq. Çünki 3 il qeydiyyat şərti torpaq sahəsinə münasibətdə tətbiq edilmir.

Misal 5: Vətəndaş 2013-cü ildə aldığı 300 kvadratmetrlik qeyri-yaşayış sahəsini 2022-ci ildə satırsa, o zaman ödəmə mənbəyində vergiyə cəlb olunacaq. Çünki 3 il qeydiyyat tələbi qeyri-yaşayış sahəsinə münasibətdə tətbiq edilmir. Həmçinin, yaşayış sahəsinə tətbiq edilən 30 kvadratmetrlik vergi güzəşti qeyri-yaşayış sahəsinə aid olunmur.

Notariusların vergi tutduğu müqavilələrə mirasın ailə üzvlərinin adına rəsmiləşdirilməsi aid edilmir.

“Ailə üzvləri” anlayışı Vergi Məcəlləsinin 13-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 13.2.7-ci maddəsinə əsasən, vergi ödəyicisinin ailə üzvləri aşağıdakılardır:

  • ər-arvadlar;
  • valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr;
  • vərəsələr;
  • doğma (ögey) bacılar (qardaşlar):
  • bacı və qardaş övladları,
  • ər-arvadların bacıları, qardaşları və valideynləri,
  • bacıların ərləri və qardaşların arvadları,
  • valideynlərin bacıları (qardaşları),
  • qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.

Təcrübədə rast gəlinən və mübahisə yaradan məsələlərdən biri eltilərin (qardaş arvadlarının) bir-birinə əmlak təqdim etməsi halında notariuslar tərəfindən ödəmə mənbəyində vergiyə cəlb edilməsidir.

Misal 6: Boyük qardaşın arvadı evlilik dövründə alınan yaşayış sahəsini kiçik qardaşın arvadına – eltisinə təqdim edir. Bu zaman notarius ümumi qaydada vergiyə cəlbetmə həyata keçirir və güzəşt tətbiq olunmur.

Misal 7: Böyük qardaş yaşayış sahəsini kiçik qardaşının arvadına təqdim edirsə, bu əməliyyat artıq ailə üzvləri arasında təqdimetmə hesab olunur.

“Torpaqların dövlət “ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki şəxslərə ödənilən kompensasiya xarakterli ödənişlərdən notaries vergi tutmur.

Məsələn, “Sovetski” ərazisində yaşayan vətəndaşın torpağını alarkən alğı-satqı müqaviləsi bağlanan zamanı ödəmə mənbəyində vergi tutulmur.

Torpaq, yaşayış və ya qeyri-yaşayış sahələri ər və arvad arasında və ya keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə də notarius vergi tutmur.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı / vergiler.az


Print Friendly, PDF & Email