Mühasibatlıqda uçot hesabları: maliyyə əməliyyatlarının qeydiyyatı

posted in: Xəbər | 0
birbank biznes

Müəssisə anlayışı, müəssisənin təsnifatı, fəaliyyəti haqqında ilkin təsəvvürləriniz var. Biznesdə mühasibat uçotunun əhəmiyyətinə əvvəlki yazılarda toxunmuşuq.

Sahibkarlar təsərrüfat fəaliyyətində müxtəlif əməliyyatlar həyata keçirir. Bu əməliyyatlar hansılardır, onlar necə qeydə alınır, mühasibatlıqda uçot hesabları nədir, maliyyə hesabatları biznesin durumunu necə əks etdirir? Sualları mərhələlərlə cavablandıracağıq, həm də tək bunları yox. Siz bizi izləyin, tövsiyə edin, mühasibatlığı bizimlə öyrənin. Hələlik aşağıdakı sualı aydınlaşdıraq.

Müəssisədə həyata keçirilən təsərrüfat əməliyyatları

Müəssisə fəaliyyət istiqamətinə görə fərqlənən çoxsaylı əməliyyatlar aparır, onların tam siyahısını hazırlamaq çətindir. “Mühasib bütün əməliyyatları bilməlidir” – belə tələb yoxdur. Lakin bəzi əməliyyatlar əksər müəssisə üçün eynidir, mühasibat uçotunda tez-tez rastlaşdığımızdan onları bilmək vacibdir. Təsərrüfat əməliyyatlarına aşağıdakılar nümunə göstərilə bilər:

  1. Mal, iş, xidmətlərin alışı, satışı;
  2. Əsas vəsaitin alınması, istifadəyə verilməsi, satılması;
  3. Əsas vəsaitə amortizasiya ayrılması hesablanması;
  4. Əsas vəsaitin silinməsi;
  5. Qeyri-maddi aktiv yaradılması;
  6. Qeyri-maddi aktiv alışı, satışı;
  7. Xammal alışı;
  8. Məhsul istehsalı;
  9. Hazır məhsulun anbara verilməsi;
  10. Digər təsərrüfat mallarının alışı;
  11. İşçilərə əməkhaqqı, mükafat, sosial təyinatlı hesablamalar, ödənişlər;
  12. Ezamiyyə ödənişləri;
  13. Təhtəlhesab şəxslərə vəsait verilməsi, qəbulu;
  14. Təşkilatlardan avans qəbulu, onlara ödəmələr;
  15. Təşkilatlardan ödənişlərin qəbulu, onlara ödəmələr;
  16. Təsisçilərdən borc, nizamnamə, sair təyinatlı vəsaitlərin qəbulu;
  17. Kredit təşkilatlarından kreditlərin qəbulu, onlar üzrə ödəmələr;
  18. Müəssisə təsisçilərinə dividend ödənilməsi;
  19. İcarə xidmətləri üzrə ödəmə mənbəyində vergi hesablanması və ödənilməsi;
  20. Dövlət büdcəsinə vergi, sosial ödəmələr, cərimə, penya xarakterli ödənişlərin edilməsi;
  21. Kommunal xərclərin hesablanması;
  22. İdxal əməliyyatları, həmin əməliyyatlar zamanı gömrük orqanlarında edilən ödənişlər;
  23. Xarici valyuta alışları, satışları, xarici valyutada köçürmələr;
  24. Gəlir – xərclər üzrə uçot hesablarının bağlanması, mənfəətin müəyyən edilməsi, dividendin elanı;
  25. Digər təsərrüfat əməliyyatları.

Saytımızda əməliyyatların hər biri haqqında məlumat veriləcək, onların mühasibat uçotunun hesablar planına uyğun uçotu, mühasibatlıqda uçot hesablarına təsirini nümunələrlə şərh edəcəyik.

Çalışacağınız müəssisə fərqli təsərrüfat əməliyyatları həyata keçirə bilər. Bu müxtəliflik, onların uçot qaydaları sizi qorxutmasın – başqaları bacarırsa, siz də bacaracaqsınız. Sadəcə əməliyyatların mahiyyətini dərk etmək, onlar haqqında ətraflı məlumatlara sahiblənmək lazımdır.

Mühasibat hesabları anlayışı

Kompüterlə işləyənlər hesab (account) anlayışı ilə tez-tez rastlaşır, məsələn, “Google hesabı”. Həmin hesablarda informasiya texnologiyaları istifadəçisini kompüter sisteminə tanıdan zəruri məlumatlar saxlanılır (istifadəçi adı, şifrə və sair).

Analoji olaraq, təsərrüfat əməliyyatların uçotunu aparan mühasib, onların mahiyyətini, tərkibini əks etdirən hesablara malik olmalıdır. Mühasibatlıqda uçot hesabları dedikdə əməliyyatlarda iştirak edən aktivlərin, öhdəliklərin və s. uçotunun aparılmasında istifadə etdiyimiz şərti, xəyali, maddi formada olmayan məkan başa düşə bilərsiniz. Aktivlər, öhdəliklər və s. barədə bizim məqalələrdən tanış ola bilərsiniz, hələlik onları təsəvvürünüzdə formalaşdırdığınız şəkildə qəbul etməyiniz kifayətdir.

Əksəriyyətimiz bank hesabı haqqında məlumatlıyıq. Mühasibat hesabları bank hesabları kimidir:

  • onları biz yaratmışıq, biz ləğv edirik, biz dəyişirik;
  • onlara toxunmaq mümkün deyildir;
  • mahiyyətinə görə xəyali qəbul edilmiş anlayışdır.

Hesabları mühasibat proqramında yaratsanız elektron formada, kitablarda hazırlasanız, yazsanız kağız daşıyıcı üzərində olacaqdır. Forma əsas deyil, vacib olan:

  • mühasibatlıqda uçot hesabları ilə rəftar;
  • onlarla bağlı hamılıqla qəbul edilmiş tələblər;
  • onlarda əməliyyatların uçotunun aparılması imkanıdır.

Gəlin nümunəyə baxaq. Təsəvvür edin ki, bazarda, piştaxta arxasında alver edir, tanışınızın verdiyi mallar, məhsullar satırsınız. Satdığınız mallar sizin aktivinizdir, qismən sizə məxsusdur. Kiçik anbardan, həmçinin kassa aparatından istifadə edirsiniz. Lakin bunlara özünüz sahiblənməmisiniz, malların, dükanın yiyəsi tanışınızdır. O, gündəlik sizinlə hesablaşır, gün ərzindəki qazancınıza nəzarət edir.

Deməli, malların, sizin pulların, biznesin həqiqi sahibinə verdiyiniz pulların, anbarda və piştaxtada olan malların uçotunu aparmalısınız.

İndi isə gəlirik mətləbə, dəftərinizdə bunların qeydiyyatında hansı adlardan, texnikalardan istifadə edərsiniz?

Yəqin malları dəftərinizdə “Mallar” adı altında növləri üzrə yazar, nağd pulları “Kassa” başlığı ilə, əməliyyatlar üzrə ardıcıl qeyd edərsiniz. Bunları bir dəftərdə qeyd etmək olar, amma hər birini ayrıca dəftərdə də aparmaq mümkündür, məsələn, “Kassa” dəftəri, “Mallar” dəftəri. Yəqin hər dəftərdə özü ilə bağlı olan əməliyyatların qeydini apararsınız. Eynilə, öhdəlikləri qeyd etmək məqsədilə, “Borclar”, satışlar üçün “Satışlar” dəftəri açmaq olar. Əslində mühasiblər praktik olaraq bunu edir, adətən buna dəftər yox, kitab deyirlər: “Kassa kitabı”, “Borclar kitabı”.

Başqa fərqli cəhət, müasir uçotda bütün kitabları özündə birləşdirən mühasibat proqramlarından geniş istifadə olunmasıdır. Yəni xəyali hesabları açdığımız fiziki kitablarımızı elektron kitablara çevirmişik. Yuxarıda dediyimiz hər kitab, əslində bir mühasibat hesabıdır.

Bəs bizim hesabımızla nələr baş verə bilər ?

Həyatımızda maliyyə durumumuzla baş verənləri yada salaq: pulumuz, borcumuz yaxud maddi ehtiyatlarımızın 2 halı mövcuddur – onlar artır yaxud azalır. Bunu müəssisədə əməliyyatların qeydləri  aparılan mühasibat hesablarına da aid etmək olar: mühasibatlıqda uçot hesabları üzrə qalıqlar artır, yaxud azalır.

Bəzi hesabların, məsələn, çəkilmiş xərc, yəni xərclər hesabı, geri dönüşü yoxdur. Çəkilmiş xərci geri qaytara bilmərik. Xərclər hesablarda toplanır, sonra gəlirimizlə bağlanır, sıfırlanır, mahiyyətcə bu onun azalması deməkdir.

Yəni müəssisə üzrə baş verən istənilən əməliyyat hansısa hesabımıza təsir edəcək. Həmin əməliyyatın nəyə, hansı hesabımıza təsir etdiyini “Nə artdı?”, “Nə azaldı?” kimi sualları qoymaqla anlaya bilərik.

Məsələn, müəssisə mal alışı əməliyyatını həyata keçirib.

Sual veririk: nə artdı?

Cavab: malımız artdı.

Sual veririk: başqa nəsə artdımı (azaldımı?)

Cavab:  bəli, borcumuz artdı.

Demək, mal alışı zamanı həm mal artır, həm borcumuz. Deməli mühasib kimi “Mallar”, “Borclar” kitablarında artımları qeyd etməliyik.

Başqa nümunə, müştərimiz bizə olan borcunu nağd ödədi.

Sual veririk: nə artdı?

Cavab: pulumuz artdı.

Sual veririk: başqa nəsə artdımı (azaldımı?)

Cavab: Bəli, alacaq pullarımız azaldı.

Demək, müştərimiz borcunu nağd ödəyəndə nağd pulumuz artığından “Kassa”, alacağımız azaldığından “Alacaqlar” (bundan sonra, buna debitorlar deyəcəyik) kitablarımızda dəyişikləri qeyd etməliyik.

Sahibkara əməliyyatların qeydə alınması son dərəcə mühümdür, çünki onun yaddaşı kifayət  qədər yaxşı olsa belə, kommersiya müəssisəsində baş vermiş bütün əməliyyatları yadda saxlaya bilməz. Mühasibatlıqda uçot hesabları üzrə dəyişikləri necə qeyd etməyi növbəti məqalədə izah edəcəyik.

Konstitusiya Məhkəməsi Əmək Məcəlləsi ilə bağlı Qərar qəbul edib

Print Friendly, PDF & Email