Mühasibat uçotu siyasətində dəyişikliklərə bağlı tədbirlər müəssisələrin maliyyə hesabatlarının təqdimatında şəffaflıq və dəqiqliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu dəyişikliklər nəticəsində yaranan düzəlişlərin uçotu üçün 342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesab tətbiq edilir. Bu hesabın tətbiqi Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) və Azərbaycan Respublikasında qüvvədə olan normativ hüquqi aktlara əsaslanır.
Mühasibat uçotu siyasəti nədir?
Mühasibat uçotu siyasəti – müəssisənin maliyyə hesabatlarını tərtib edərkən istifadə etdiyi prinsiplər, əsaslar, qaydalar və tətbiqlər toplusudur. Bu siyasətə dəyişiklik yalnız qanunvericiliyə uyğun olduqda
Daha sadə ifadə etsək, mühasibat uçotu siyasəti – bu, bir müəssisənin pul və əmlakla bağlı əməliyyatları necə qeyd etdiyini və maliyyə hesabatlarını necə tərtib etdiyini göstərən qaydalar toplusudur, yəni bu siyasət müəssisənin mühasibat işini aparmaq üçün öz seçdiyi üsullar və qaydalardır. Məsələn:
- əsas vəsaitlər neçə ilə silinəcək (amortizasiya metodu);
- mallar anbara hansı qiymətlə daxil olur (fıfo, orta maya və s.);
- gəlir nə vaxt tanınır – mallar satılanda, yoxsa pul gələndə?
Bu seçimlərin hamısı müəssisənin mühasibat uçotu siyasətini təşkil edir.
Beləliklə, deyə bilərik ki, mühasibat uçotu siyasəti – müəssisənin maliyyə məlumatlarını hansı qaydalarla göstərdiyini bildirən yol xəritəsidir. Əgər bu qaydalarda dəyişiklik edilirsə, onlar müəssisənin gəlirliyinə birbaşa təsir edir. Dəyişikliklər və onların təsirini mühasibat uçotunda əks etdirmək üçün 342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesabdan istifadə olunur.
342 saylı hesab nə üçün istifadə olunur?
342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesabı aşağıdakı hallarda istifadə olunur:
- müəssisə əvvəlki dövrlər üzrə mühasibat uçotu siyasətində dəyişiklik edirsə;
- bu dəyişiklik geriyə təsir prinsipi əsasında mənfəət və zərərə düzəliş olunmasını tələb edirsə;
- hesabatın əvvəlki illəri üzrə göstəricilərə yenidən baxılırsa (retrospektiv şəkildə tətbiq edilmə).
Geriyə təsir prinsipi nədir?
“Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər” adlı MUSB 8 (IAS 8) standartına görə, uçot siyasətində dəyişiklik, əgər mümkün olarsa, geriyə təsir prinsipi ilə (retrospektiv şəkildə) tətbiq olunur. Bu o deməkdir ki, düzəlişlər əvvəlki dövrlərin maliyyə hesabatlarına tətbiq olunur və bu zaman 342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesab aktivləşir. Həmin standarta görə:
- müəssisə uçot siyasətində dəyişiklik etdikdə, əvvəlki illərin göstəricilərinə düzəliş etməlidir.
- əgər geriyə təsir etmək mümkün deyilsə, dəyişiklik yalnız cari dövrdə tanınır.
- 342 saylı hesabın tətbiqi yalnız öncəki illərə düzəliş edildikdə zəruridir.
342 saylı hesabın maliyyə hesabatlarında əks olunması
342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesab üzrə hər hansı balans qalığı hesabat dövrünün sonunda varsa, bu, kapitalda dəyişikliklər bölməsində qeyd olunur.
Məsələn:
“Kapitalda dəyişikliklər haqqında hesabat” bölməsində:
- “Mühasibat siyasətində dəyişiklik nəticəsində əvvəlki illərin mənfəətinə düzəliş – (XXX manat)”
Nümunəyə baxaq: Şirkət “ABC” 2024-cü ildə əvvəlki illərdə əsas vəsaitlərə tətbiq etdiyi amortizasiya siyasətini dəyişmişdir. Yeni metod əvvəlki iki il geriyə təsir göstərir.
| İl | Əvvəlki amortizasiya | Yenidən hesablanmış | Fərq |
| Birinci il | 10,000 AZN | 8,000 AZN | -2,000 AZN |
| İkinci il | 12,000 AZN | 9,000 AZN | -3,000 AZN |
Bu 5,000 AZN-lik fərq 342 saylı hesabda debet kimi əks olunur və kapitalın tərkibində düzəliş kimi tanınır.
342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesabı üzrə tənzimləmələr
Hesab üzrə tənzimləmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında aparılır. 342 saylı hesab bu qaydalarla müəyyən edilmiş hesablar planının “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” adlı 34-cü maddəsinə aid olan hesablardan biridir. Digər hesablar aşağıdakılardır:
341 – cü hesab: “Hesabat dövründə xalis mənfəət (zərər)”;
343 – cü hesab: “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”;
344 – cü hesab: ”Elan edilmiş dividendlər”.
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər zamanı yuxarıda qeyd edilən qaydaların 32.3 və 32.4-cü bəndlərinin tələbləri nəzərə alınır:
- keçmiş illərdə çəkilmiş xərclərin tanınaraq uçotda əks etdirilməsi zamanı -32.3.1- bənd;
- keçmiş illərdə çəkilmiş xərclərin tanınması zamanı mənfəət vergisinə düzəlişlər – 32.3.2-ci bənd;
- keçmiş illərdə tanınmış xərclərin azaldılması məqsədi ilə düzəlişlərin verilməsi – 32.3.3-cü, həmin xərclərin azaldılması nəticəsində yaranmış mənfəət vergisinə düzəliş – 32.3.4-cü bənd;
- uçot siyasətində dəyişikliklərlə bağlı yaranmış mənfəət (zərər) üzrə məbləğlər bölüşdürülməmiş mənfəətə (ödənilməmiş zərərə) aid edildikdə – 32.4-cü bənd.
Uçot siyasətinin dəyişməsi vergi uçotuna da təsir edərsə, bu halda həm mühasibat, həm də vergi hesabatlarında paralel düzəlişlər nəzərə alınmalıdır.
Praktik nümunə: 342 saylı hesab üzrə uçot əməliyyatları
342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesabı üzrə müxabirləşmələrə aşağıdakı nümunədə baxaq.
Situasiya: “ABC Sənaye MMC” 2025-ci ilin əvvəlində əsas vəsaitlərin amortizasiya metodunu dəyişmişdir. Əvvəllər bərabər paylı (düz xətt üzrə) amortizasiya tətbiq edilirdi, lakin indi azalan qalıq metodu seçilib.
Dəyişiklik 2023 və 2024-cü illərə geriyə təsir göstərir, yəni əvvəlki illərdə artıq hesablanmış amortizasiya məbləğləri düzəldilməlidir.
Əvvəlki illərdə amortizasiya:
| İl | Əvvəlki metod üzrə | Yeni metod üzrə | Fərq |
| 2023 | 15000 manat | 12000 AZN | -3,000 AZN |
| 2024 | 17000 manat | 13,000 AZN | -4,000 AZN |
| Cəmi düzəliş | -7,000 AZN |
Bu düzəlişlər geriyə təsir prinsipi ilə 342 saylı hesaba yazılır.
Müxabirləşmələr:
| Əməliyyatın məzmunu | Debit | Kredit | Məbləğ (manatla) |
| Əvvəlki dövr üzrə artıq hesablanmış amortizasiyanın düzəldilməsi (2023-cü il üzrə) | 342: “Mənfəət üzrə düzəlişlər” | 112-1: “Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya” | 3000.00 |
| 2024-cü il üzrə amortizasiyanın düzəldilməsi | 342: “Mənfəət üzrə düzəlişlər” | 112-1: “Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya” | 4000.00
|
| Düzəlişin maliyyə hesabatında kapitalda dəyişiklik kimi əks olunması | 343: “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) | 342 – “Mənfəət üzrə düzəlişlər” | 7000.00 |
| Maliyyə hesabatında 2025-ci ildən etibarən yeni amortizasiya siyasətinin tətbiqi (xərc kimi cari amortizasiya) | 721-4: “İnzibati məqsədlər üçün istifadə olunan aktivlərin amortizasiya xərcləri | 112-1: “Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya” | 13500.00 |
Sonda onu qeyd edək ki, müəssisələr 342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesabından istifadə edərkən audit müşayiəti ilə və əsaslandırılmış uçot siyasəti dəyişikliyi qərarları əsasında düzəlişlər aparmalıdır.

