Vergi Məcəlləsinin 111-ci maddəsində vergi ödəyicisinin ümidsiz borcu gəlirdən cıxmaq hüququ təsbit edilmişdir.
Borc hansı halda ümidsiz hesab edilir?
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (VM) 111-ci maddəsinə əsasən, əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.
Vergi orqanları tərəfindən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların silinməsi halları VM-in 93-cü maddəsinə əsasən aşağıdakılardır:
-
- VM-də müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda;
- VM-də müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə.
Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarması ilə bağlı ümidsiz borcların silinməsi barədə bildiririk ki, VM-in 85.4-cü maddəsində qeyd edilmişdir ki, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» 12.01.2011-ci il tarixli uərarı ilə müəyyən edilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir.
VM-in 81-ci maddəsinə əsasən, vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər. Varis (varislər) olmadıqda vəfat etmiş fiziki şəxsin vergi öhdəlikləri silinir (ləğv edilir). Məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayılan fiziki şəxsin vergi öhdəliklərini itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş şəxsin əmlak sərəncamçısı kimi səlahiyyətləndirilən şəxs həmin əmlakın hesabına ödəyir. Qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş kimi tanınan fiziki şəxsin əmlakı onun vergi öhdəliklərini ödəmək üçün kifayət deyilsə, vergilərin əmlakın çatışmaması ilə əlaqədar ödənilməyən hissəsi VM-in 93-cü maddəsində göstərilən qaydada silinir. Həmçinin fiziki şəxsin itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş kimi tanınmasının ləğv olunmasına dair məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edildikdə, əvvəllər silinmiş vergi öhdəlikləri bərpa edilir, lakin fiziki şəxsin itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldığı vaxtdan bu cür tanınmanın ləğv olunduğuna dair qərar qəbul edildiyi vaxtadək olan dövr ərzində faizlər hesablanmır və maliyyə sanksiyaları tətbiq edilmir.
VM-in 93.2-ci maddəsinə əsasən, digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.
Mənbə: vergiler.az