Uşağa qulluğa görə müavinətin təyin edilməsi və verilməsi

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Uşağa qulluğa görə müavinət

Qanunvericiliyə əsasən müəyyən yaş həddində olan uşaqlara qulluq sosial sığorta hadisəsi hesab olunur. Bu məqsədlə verilən müavinətlər  sosial müavinətlərin bir növü kimi AR NK-nin 189 N-li qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. Müavinətlər, onların təyin olunması barədə saytımızda müxtəlif yazılar vermişik. Bu məqaləmiz uşağa qulluğa görə müavinətin təyini və verilməsi haqqındadır.

Bu müavinət növü sığortaolunana qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət üçün təyin edilir. Həmin məzuniyyətdən qanunvericiliyə əsasən uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin digər üzvü istifadə edə bilər (Əmək Məcəlləsi maddə 127) Qismən məzuniyyətlər işləyən qadınlara hamiləlik, doğuma görə məzuniyyətlər bitdikdən sonrakı ilk iş günündən başlayaraq verilir və onun müddəti uşağın 3 yaşına  qədər olan dövrü əhatə edir.

Ola bilsin ki, işçi məzuniyyət üçün vaxtında müraciət etməsin. Bu halda keçmiş dövr üçün müavinət sığortaolunanın müraciət etdiyi zaman verilir. Müavinətin müraciət edilmə vaxtı məhdudlaşdırılmır. Çernobıl hadisələri zamanı xəstəliyə tutulan, yaxud əlilliyi olan şəxslərin müavinətləri qanunvericiliklə müəyyən olunmuş məbləğdən 2 dəfə artıq hesablanaraq ödənilir. Övladlığa qəbul edilmiş uşaqlar üçün müavinətlər isə ümumi əsaslarla təyin edilir.

Qeyd etmək lazımdır ki, qismən məzuniyyətlərdən tam şəkildə, yaxud da hissə-hissə istifadə etmək mümkündür, yəni işləyən şəxs istənilən bir vaxtda işə qayıdaraq fəaliyyətini davam etdirmək hüququna malikdir.

Nümunə 1: “Ayna” MMC- də işləyən Bayramova Jalə hamiləlik, doğuşa görə məzuniyyəti başa çatdıqdan sonra qismən ödənişli məzuniyyət hüququndan istifadə edir. Həmin 6 aylıq müddət qurtardıqdan sonra işçi işə qayıdır və yenidən 3 aylıq məzuniyyətə buraxılmasını istəyir. Bu hal tamamilə qanunauyğun olduğu üçün işçinin istəyi təmin edilməlidir.

Uşağa qulluğa görə müavinətin təyin edilməsi

Qismən ödənişli məzuniyyət zamanı işçiyə müavinətin təyin edilməsi onun əmək kitabçasının olduğu iş yeri üzrə aparılır. Təyinat müdiriyyətin müavinət təyin edən komissiyası yaxud komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.

Hamiləliyə və doğuma görə məzuniyyət başa çatdıqdan sonra uşağın üç yaşı tamam olanadək ona qulluğa görə haqqı qismən ödənilən məzuniyyət götürülə bilər. Bunun üçün ərizə ilə müraciət edilir. Qadına hamiləliyə və doğuma görə məzuniyyətin başa çatdığı günün sonrakı günündən başlayaraq təqdim olunur. Müraciət ərizəsi əsasında müdiriyyət tərəfindən uşağa qulluğa görə qismən ödənişli məzuniyyət əmri (sərəncam) hazırlanır.

Müdiriyyətin müavinət təyin edən komissiyasına aşağıdakılar təqdim olunur:

  • əmrdən çıxarış;
  • uşağın doğum haqqında şəhadətnaməsinin sürəti.

Bu sənədlər əsasında komissiya uşağın üç yaşı tamam olana qədər ona qulluq etmək üçün məzuniyyət müddətinə müavinət təyin olunması haqqında qərar qəbul edir və bu qərar barədə komissiyanın iclas protokolunda uyğun qeydlər edir.

Əgər müavinət tam olmayan aya görə təyin edilirsə, ananın məzuniyyətdə olduğu aydakı təqvim günlərinə uyğun verilir.

Uşağın ölüm hadisəsi baş verərsə, məlumat daxil olduğu gündən sonra 1 iş günü ərzində sığortaedən tərəfindən Fondun yerli qurumlar məlumatlandırılmaqla müavinətin verilməsi dayandırıla bilər.

Tələb edilən sənədlər

Sığortaedən tərəfindən uyğun rəsmiləşdirilmə aparıldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq struktur vahidinə məktubla müraciət olunur. Müraciətin olunma vaxtı məzuniyyət əmrinin verildiyi aydan növbəti ayın 5-dək olan dövr hesab olunur. Müraciət zamanı tələb edilən sənədlər aşağıdakılardır:

  • doğum haqqında şəhadətnamənin surəti;
  • qismən məzuniyyətin verilməsi barədə əmrdən çıxarış;
  • komissiyanın protokolunun surəti;
  • müavinət alanın bank rekvizitləri, yaxud poçt ünvanı;
  • haqq-hesabın aparıldığı cədvəl.

DSMF sənədləri 5 iş günü ərzində araşdıraraq müavinətin ödənilməsini təmin etməlidir. Bu zaman Fond orqanları sığortaedəndən əlavə məlumatlar tələb edə  bilər.

Uşağa qulluğa görə müavinətin verilməsi

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət sığortaolunanlara DSMF-nin struktur vahidləri tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Öz-özünü sığortaedən fiziki şəxslərə müavinətin təyin edilməsi qeyd edilən Əsasnaməyə uyğun olmaqla, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli struktur vahidləri tərəfindən, fonda  müraciət olunan tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə qanunvericiliklə müəyyən olunmuş məbləğlər onlar tərəfindən tam ödənildiyi halda aparılır.

DSMF tərəfindən müavinətin ödənilməsi üçün müraciət sənədlərinə haqq-hesab cədvəli əlavə olunur. Onun forması qeyd edilən Əsasnamə ilə təsdiq olunub.

Qanunvericiliyin pozulması zamanı məsuliyyət

Müavinətlərin verilməsində qanunvericilik üzrə müəyyən edilmiş qaydaların pozulmasına müdiriyyət və baş mühasib məsuliyyət daşıyır.

Əgər bank rekvizitləri yaxud poçt ünvanı (faktiki yaşayış ünvanı) səhv göstərilərsə və səhv ünvandan müavinətin qaytarılması mümkün olmazsa, sığortaolunanın ala bilmədiyi müavinət təqsirkar müəssisənin vəsaiti hesabına ödənilir.

Artıq verilmiş müavinətin məbləği işəgötürən tərəfindən müavinət alan şəxsin əməkhaqqından tutulur. Tutulma DSMF orqanının müraciəti əsasında aparılır və hər tutulmanın məbləğin işçinin əməkhaqqının 20 faizindən çox olmamalıdır. Müəssisənin mühasibatlığı tərəfindən tutulan məbləğ Fondun hesabına köçürülür. Əgər işçinin əmək müqaviləsinə xitam verilibsə, artıq verilmiş müavinət  könüllü yaxud  məhkəmə qaydası ilə geri alınır.

Aşağıdakı hallarda DSMF-nin yerli şöbələrinin məsul işçiləri müəssisə və təşkilatlardan müavinətin təyin edilməsi üzrə sənədləri yoxlamaq məqsədi ilə aşağıdakı müddətlər üzrə tələb edə bilər:

  • cari ilin sənədləri;
  • yoxlanılan ildən qabaqkı bir təqvim ili üzrə sənədlər.

Əgər müavinətin təyin edilməsi zamanı sui-istifadə halları aşkar edilərsə, başqa dövrlər üçün sənədlər yoxlanıla bilər.

Uşağa qulluğa görə müavinətin düzgün təyin edilməməsi yaxud təyinat zamanı ləngimələr haqqında DSMF yerli şöbələrinə və həmkarlar ittifaqı  komitəsinə  şikayət edilə bilər.

Müavinətin məbləği

Uşağa qulluğa görə müavinət AR Prezidentinin sərəncamı əsasında müəyyən edilir. Hazırda uşağa qulluğa görə qismən ödənişli məzuniyyət zamanı verilən müavinət:

  • 1 yaş yarımadək müddət üçün – 44 manat;
  • 1 yaş yarımdan 3 yaş arası dövr üçün – 28 manat məbləğində müəyyən olunub.

Sosial məzuniyyətdən istifadə zamanı müəyyən məhdudiyyətlər də var. Əgər uşaq məktəbəqədər müəssisələrdən hər hansı birinə yerləşdirilibsə, həmin hallarda uşağa qulluğa görə məzuniyyət verilmir və müavinət ödənilmir.

Nümunə 2: ““AYNA” MMC-nin işçisi Əliyeva Aynurə qismən ödənişli sosial məzuniyyətə buraxılıb. Lakin, uşaq 1 yaşı tamam olduqdan sonra məktəbəqədər müəssisəyə yerləşdirilir. Bu zaman işçiyə müavinətin ödənilməsi dayandırılır.

Müavinətin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır.

Print Friendly, PDF & Email