Uşağın anadan olmasına görə müavinətin verilmə müddəti

posted in: Xəbər | 0
birbank biznes

Uşaq doğuşu üçün müavinət

Uşağın doğulması sosial sığorta hadisəsi sayılır və ailə “Sosial sığorta haqqında” AR qanuna uşağın anadan olmasına görə müavinət almaq hüququ qazanır. “Süd pulu” da adlanan bu müavinət birdəfəlik ödənişdir, onun verilməsi  qaydası AR Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı  qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir.

Uşaq doğuşuna görə müavinət almaq hüququ olan şəxslərin əhatəsi “Sosial müavinətlər haqqında” AR qanununun  3-cü maddəsi ilə müəyyən edilib. Həmin maddəyə əsasən bu şəxslər aşağıdakılardır:

  • AR vətəndaşları – həmin Qanunla müəyyən olunmuş şərtlər çərçivəsində;
  • AR ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər – həmin Qanunla AR vətəndaşları üçün müəyyən edilmiş şərtlər və qaydalara uyğun.

Sonuncu halda hüququn yaranması üçün Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamalıdır.

Uşaq doğmuş ana işləmədikdə yaxud hansısa səbəbdən uşağın anası yoxdursa müavinət işləyən ataya verilir.

Uşaq doğuşuna görə müavinətin məbləği qanunvericiliklə müəyyən olunur,  1 yanvar 2023-cü il tarixdən 500 manatdır.

 Övladlığa götürülmüş uşaqlara uşağın doğulmasına görə müavinət ümumi əsalarla verilir

Uşağın anadan olmasına görə müavinətin müddəti

Birdəfəlik ödənilən uşağın doğuşuna görə müavinətin yaxud əhali arasında süd pulu kimi tanınan ödənişin təyin olunması üçün müraciət qaydasını aşağıdakı dövrlərə uyğun qruplaşdırmaq olar:

  • 12.2020-ci il tarixədək olan dövrə uyğun müraciət qaydası;
  • 12.2020-ci ildən sonra doğulmuş uşaqlar üçün müavinətin verilməsi.

Birinci halda uşağın anadan olmasına görə müavinətin alınması üçün müraciət, müddətə məhdudiyyət qoyulmadan, Əsasnamənin VII bölməsinə uyğun aparılır.

Burada bir məsələyə aydınlıq gətirək. Qanunvericilik müraciət müddətinə məhdudiyyət qoymur, amma ödəniş ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün həyata keçirilir (Sosial müavinətlər haqqında Qanun, maddə 9.1) . Əgər uşağın anadan olması üzərindən 1 il, yaxud müəyyən bir vaxt keçmişdirsə, yenə də valideynlər həmin müavinəti ala bilərlər. Yəni uşağın doğulmasından sonra 3 il ərzində müavinətin alınması üçün müraciət etmək olar. Bu halda uşağın doğulduğu tarixdəki məbləğə uyğun müavinət təyin edilməlidir.

Nümunə 1. “Ayna” MMC-də işləyən Əliyeva Sonanın 22.10.2020-ci ildə övladı olub və uşağın anadan olmasına görə müavinəti almayıb. O, 22.10.23-cü ilədək müraciət edərək “süd pulunu” ala bilər. Hal-hazırda məbləğ 500 manat olmasına baxmayaraq, ona həmin dövrdə qüvvədə olan müavinət məbləği ödəniləcək.

Müavinətin avtomatlaşdırılmış qaydada təyini zamanı müddət

Əgər uşağın doğuşu 31.12.2020-ci il tarixindən sonra baş veribsə, uşağın anadan olmasına görə müavinət üçün müraciətə ehtiyac yoxdur. Süd pulu “Əhalinin Dövlət Reyestri” informasiya sisteminin məlumatları əsasında avtomatlaşdırılmış qaydada təyin edilir. Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyin edilmə müddəti valideynlərin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana müraciət tarixindən asılıdır. Təyinat barədə bildiriş AR ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna göndərilir. Bank yaxud poçt vasitəsilə göndərilən müavinət, göndərildiyi aydan sonrakı bir il ərzində alınmadıqda fondun hesabına qaytarılır. Sonradan həmin müavinət qeyd edilən Əsasnamədə nəzərdə tutulmuş qaydada, uyğun sənədlər təqdim edilməklə müraciət edildikdə verilir.


Print Friendly, PDF & Email