Debitor borc nədir?
Debitor borclar fiziki və ya hüquqi şəxslərin tərəfdaş şirkət qarşısında sənədləşdirilmiş borc öhdəliklərinin toplusudur. Bir çox təşkilatlar öz müştərilərinə qabaqcadan ödəniş edilmədən, amma müəyyən müddət ərzində pul kompensasiyası almaq şərti ilə xidmət göstərir və ya mal verirlər. Bu anlayış həm də vergi ödənişlərinin artıq ödənilməsi, şirkət işçilərinə borc verilməsi, təsisçinin nizamnamə kapitalına payının vaxtında ödənilməməsi deməkdir.
Borcun qaytarılmasını tələb etmək hüququ olan şirkət kreditordur, borclu isə debitor. Buna görə də başqa şəxslərin şirkətə olan borcuna debitor borcları deyilir.
İkitərəfli razılaşmada müəyyən edilmiş müddətin sonunadək ödənilməyən debitor borclarının vaxtı keçmiş olur. Yalnız bundan sonra kreditor onu almaq üçün hər hansı addım atmaq hüququna malikdir.
Ödəniş müddətinə görə debitor borcları aşağıdakı qruplara bölünür:
- qısamüddətli – 12 aya qədər ödəmə müddəti olan debitor borclar;
- uzunmüddətli – 12 aydan artıq müddəti olan debitor borclar.
Qısamüddətli debitor borcların uçotu Hesablar Planının 21-ci, uzunmüddətli debitor borclarının uçotu isə 17-ci maddəsi üzrə aparılır.
Alıcıların və sifarişçilərin debitor borcları
Sahibkarlıq fəaliyyəti həyata keçirən şəxslər bu fəaliyyət çərçivəsində malları təqdim edən, iş, xidmətləri göstərən zaman elə olur ki, ödənişi həmin an ala bilmirlər. Qarşı tərəflə ödənişin növbəti dövrlərdə həyata keçirilməsii ilə bağlı razılaşma edilir. Yəni, bazar iqtisadiyyatı şəraitində rəqabətli mühitdə davam etmək, öz yerini tutmaq üçün mal (iş, xidmət) təqdim edən şəxslər ödənişlə bağlı məsələlərdə qarşı tərəfin tələblərini nəzərə almalı olurlar. Beləliklə, həmin təqdim olunan malların (iş, xidmət) ödənişi bir müddət sonra alınır. Alıcı və sifarişçilərin debitor borcları dedikdə vergi ödəyicilərinin təqdim etdikləri mallara (iş, xidmət) görə digər şəxslərin ödəməli olduqları borc məbləğləri nəzərdə tutulur.
Uçot üzrə normativ sənədlər
Alıcı və sifarişçilərin debitor borcları üzrə ən uyğun standartlar bunlardır:
- 9 nömrəli “Maliyyə Alətləri” MHBS (IFRS 9) / 39 nömrəli “Maliyyə alətləri: Tanınma və ölçülmə” MUBS (IAS 39)
- 15 nömrəli “Müştərilərlə müqavilələrdən gəlir” MHBS (IFRS 15)
Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (bundan sonra Şura) nəzərdə tuturdu ki, 9 saylı “Maliyyə Alətləri” standartı MHBS 39 №-li “Maliyyə alətləri: Tanınma və ölçülmə” MUBS-u tamamilə əvəz etsin. Bununla belə, maraqlı tərəflərin maliyyə alətlərinin uçotunun tez bir zamanda təkmilləşdirilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Şura 39 saylı MUBS-un dəyişdirilməsi layihəsini üç əsas mərhələyə böldü. Hər bir mərhələni tamamladıqdan sonra 9 saylı standartda 39 saylı standartın müvafiq tələblərini əvəz edən fəsillər buraxdı.
15 saylı standart üzrə əsas tələblər
15 saylı “Müştərilərlə müqavilələr üzrə gəlirlər” MHBS müştəri ilə müqavilədən əldə edilən gəlir, pul vəsaitlərinin hərəkətinin xarakteri, məbləği, vaxtı, qeyri-müəyyənliyi haqqında məlumat təqdim edərkən müəssisənin tətbiq etdiyi prinsipləri müəyyən edir. 15 №-li “Müştərilərlə müqavilələr üzrə gəlirlər” MHBS-i tətbiq etməklə, müəssisə vəd edilmiş mal yaxud xidmətlərin müştəriyə təhvil verilməsini təsvir etmək üçün gəliri həmin mal yaxud xidmətlər müqabilində müəssisənin əldə edəcəyini gözlədiyi ödənişi əks etdirən məbləğdə tanıyır. 15 №-li “Müştərilərlə müqavilələr üzrə gəlirlər” MHBS-də qeyd olunur: Debitor borc müəssisənin şərtsiz ödəniş məbləğinə olan hüququdur. Ödəniş məbləği üçün hüquq yalnız o zaman şərtsiz hesab olunur ki, ödəniləcək məbləğin ödənilməsi üçün yalnız müəyyən müddətin keçməsi tələb olunsun. Məsələn, müəssisə ödəniş üçün, hətta belə məbləğin gələcəkdə geri qaytarılması ehtimalı olsa belə, cari hüquqa malik olduqda debitor borcu uçotda tanıyır. Müəssisə debitor borcunu 9 №-li “Maliyyə Alətləri” MHBS-in tələblərinə uyğun olaraq tanımalıdır. Müştərilə müqavilə üzrə debitor borcun ilkin tanınmasından sonra 9 №-li “Maliyyə Alətləri” MHBS əsasında ölçülmüş debitor borc ilə tanınmış gəlirlərin məbləği arasındakı hər hansı fərq xərc kimi göstərilməlidir (məsələn, dəyərsizləşmə zərəri kimi).
Uzunmüddətli debitor borclar üzrə uçot
Uzunmüddətli debitor borcları üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.
171 saylı “Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları” hesabı aktiv hesabdır, Qaydaların 18.1-ci maddəsi aşağıdakı hesabları əhatə edir:
171 saylı “Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları” hesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsilə əlaqədar malların (işlərin, xidmətlərin) satışı prosesində alıcılar, sifarişçilər tərəfindən ödənilməli uzunmüddətli debitor borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Malalanlara təqdim edilmiş məhsul, iş və xidmətlərə görə 171 “Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları” hesabının debeti və 601 “Satış”, 611 “Sair əməliyyat gəlirlər” hesabları üzrə müvafiq subhesablarının krediti müxabirələşdirilir.
Aksiz vergili mallar satılarkən aksiz vergisi məbləğinə 171 saylı hesabın debeti və 521 saylı hesabın uyğun subhesablarının kreditinə yazılmaqla mühasibat yazılışı aparılır.
Mal (iş, xidmətlər) satılarkən müxabirləşmə 171 saylı debeti 545 saylı hesabın krediti üzrə aparılır.
171 “Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları” hesabının krediti daxil olmuş ödənişlər, məqbul edilmiş (zaçot edilmiş) avans məbləğləri, qısamüddətli debitor borcları və s. üzrə pul vəsaitlərini və hesablaşmaları uçota alan hesablarla müxabirləşdirilir.
Ümumiyyətlə, üzunmüddətli debitor borclarının uçotu üzrə mühasibat yazılışları yuxarıda qeyd edilən Qaydaların 18-ci bölməsi üzrə aparılır.
Müvafiq müxabirləşmələrə nümunələrlə “Alıcı, sifarişçilərin uzunmüddətli debitor borcları ilə bağlı müxabirləşmə nümunələri” adlı məqalədən tanış olmaq olar.