Vergi güzəştləri kiçik və orta biznesin iqtisadiyyatda rolunu artırır

posted in: Xəbər | 0
birbank biznes

Vergi güzəştləri,Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas məqsədlərindən biri biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafıdır. Son illər daha geniş vüsət alan iqtisadi islahatlar təşviq siyasətinin davam etdirilməsini və institusional islahatları əhatə edir. Dünya təcrübəsi göstərir ki, təsərrüfat fəaliyyətinin liberallaşdırılması ilə dövlət qurumlarının səmərəli işinin üzvi surətdə əlaqələndirildiyi, kiçik və orta biznesə fəal dövlət yardımının həyata keçirildiyi və daxili bazarda haqlı rəqabətin bərqərar olduğu ölkələrdə sahibkarlıq daha sürətlə inkişaf edir. Eyni zamanda, milli iqtisadiyyatın tərəqqisi üçün sahibkarlıq resurslarının inkişafının təmin edilməsi və onlardan səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Bu mənada, kiçik və orta biznesin (KOB) inkişafının dəstəklənməsi əsas prioritetlər sırasındadır.

Kiçik və orta biznes üçün təşviqlər

Vergi Məcəlləsinə əsasən, mikro sahibkarın gəlir və mənfəətinin 75%-i vergidən azaddır. Eyni zamanda, bu kateqoriyaya aid sahibkarlar əmlak vergisindən də azad olunublar. Mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplar “Startap” şəhadətnaməsi aldıqları andan 3 il müddətinə gəlir və mənfəət vergisi ödəmirlər. Kiçik sahibkar əsas vəsaitlərə illik amortizasiya normalarını 1,5 əmsalına vurmaqla sürətləndirilmiş amortizasiya tətbiq edə bilər. KOB klasterləri daxilində fəaliyyət göstərən KOB klaster şirkətləri 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, eləcə də idxal etdikləri avadanlıqlar üzrə ƏDV-dən azaddır. Vergi güzəştləri, həmçinin, sənaye parklarının rezidentləri üçün də tətbiq edilir. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən, eləcə də 10 il müddətinə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və 7 il müddətinə gömrük rüsumundan azaddır. Hazırda müxtəlif tematik sahələr üzrə ixtisaslaşmış 6 sənaye parkının rezidentlərinin 80%-ə yaxınını KOB subyektləri təşkil edir.

Vergi Məcəlləsinə əsasən, mikro sahibkarın gəlir və mənfəətinin 75%-i vergidən azaddır.
Eyni zamanda, bu kateqoriyaya aid sahibkarlar əmlak vergisindən də azad olunublar

Ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən biri də investisiya təşviqi mexanizmidir. İnvestisiya təşviqi sənədini əldə edən hüquqi şəxslər və fərdi sahibkarlar, müvafiq olaraq, mənfəət və gəlir vergisini 7 il müddətinə 50% güzəştlə ödəyirlər, müvafiq əmlaka görə əmlak vergisindən, torpağa görə isə torpaq vergisindən 7 il müddətinə azad olunurlar, habelə müvafiq təsdiqedici sənəd əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalı ƏDV-dən və gömrük rüsumlarından 7 il müddətinə azad edilib. Təkcə 2022-ci ilin ilk 6 ayı ərzində 26 KOB subyekti investisiya təşviqi sənədi əldə edib.

KOB subyektləri müasir iqtisadiyyatın aparıcı qüvvəsidir

Çox vaxt resurs, ehtiyatlar və potensial baxımından iri şirkətlərdən geri qalmasına baxmayaraq, çeviklik və dinamiklik KOB sektorunu xarakterizə edən əsas üstün cəhətlərdir. Hər hansı böhran zamanı ilk zərbəni məhz KOB-ların almasına baxmayaraq, onlar yeni şəraitə daha tez adaptasiya olur, çağırışlara çevik reaksiya verir, yeni ideyalar yaratmaqla bütövlükdə iqtisadiyyatı öz çiyinlərində irəli aparmaqda davam edirlər. Lakin bunun üçün onlara hədəfli diqqət və dəstək göstərilməsi tələb olunur. KOB subyektləri müasir iqtisadiyyatların əsas aparıcı qüvvəsi hesab olunur və onların inkişaf səviyyəsi bütövlükdə ölkə iqtisadiyyatının inkişaf səviyyəsini müəyyən edir. Bu kateqoriyadan olan bizneslərin dayanıqlığının və çevikliyinin artırılması üçün hökumətlərdən xüsusi baxış və strateji yanaşmalar tələb olunur. Azərbaycanda da fəaliyyət göstərən bizneslərin mütləq əksəriyyətini – 99,6%-ni mikro, kiçik və orta biznes təşkil edir.

KOB subyektləri müasir iqtisadiyyatların əsas aparıcı qüvvəsi hesab olunur və onların inkişaf səviyyəsi bütövlükdə ölkə iqtisadiyyatının inkişaf səviyyəsini müəyyən edir

Son illərdə milli iqtisadiyyatın şaxələndirilməsi, onun rəqabət qabiliyyətli sahələrinin inkişafının stimullaşdırılması tədbirləri çərçivəsində kiçik və orta sahibkarlığın səmərəli dəstəklənməsi və davamlı inkişafı istiqamətində dövlət tərəfindən məqsədyönlü siyasət həyata keçirilir. 2021-ci ilin nəticələrinə əsasən, qeyri-neft-qaz sektoru üzrə yaradılmış əlavə dəyərdə KOB-ların payı 27,5% olub, qeyri-neft ixracında payı 2020-ci ildəki 31,8 faizdən ötən il 59,8%-ə yüksəlib. Bu kateqoriyadan olan bizneslərin dövriyyəsi 2021-ci ildə 20 milyard ABŞ dollarına yaxın olub və ölkə üzrə biznesin ümumi dövriyyəsinin 32%-dən çox hissəsini, qeyri-neft ÜDM-in isə 56,5%-ni təşkil edib.

Ümumilikdə, dövlət tərəfindən KOB-ların inkişafının dəstəklənməsi istiqamətində biznes mühiti, yeni təşkilati modellər, dəstək tədbirləri və müasir xidmətlər əhatə olunmaqla kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər həm birbaşa olaraq mikro, kiçik və orta biznesə hədəflənir, həm də ümumi dəstək proqramları çərçivəsində KOB-ların da faydalanması üçün tətbiq olunur. Ölkəmizdə bu sahədə daha sistemli yanaşmanın tətbiqi üçün 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında müvafiq məsələlər əksini tapıb və bu hədəflərin reallaşdırılması KOB-ların fəaliyyətinin daha da genişlənməsinə töhfə verəcək.

Mənbə: vergiler.az


Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ hansı halda yaranır?


Print Friendly, PDF & Email