Vergi Məcəlləsi, 12-ci maddə: vergitutma elementləri

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergitutma elementləri

Dövlət xərclərinin əsas mənbəyi olan vergilərin büdcənin xeyrinə tutulması məqsədi ilə ilk növbədə onlar müəyyən edilməlidir. Mövcud nəzəriyyələr verginin müəyyən olunması üçün vergi subyektinin, habelə vergitutma elementlərinin müəyyən olunmasını əsas şərt sayır. Bunlar verginin hüquqi tərkibinin elə məcburi elementləridir ki, onlarsız vergi öhdəliyini müəyyən olunmuş saymaq olmaz. Azərbaycan vergi sistemində vergi elementlərinin tərkibi Vergi Məcəlləsinin 12-ci maddəsi ilə tənzimlənir. Maddənin tələblərinin diqqətdən yayınması, bəzən Məcəllənin düzgün tətbiqinə, anlayışların mənimsənməsinə  problemlər yaradır. Bəzi mütəxəssislər, məsələn EKVİTA şirkətinin mütəxəssisi Fariz Yadigarov ilk baxışda sadə görünən 12-ci maddəni Məcəllənin xüsusi hissəsinin açarı hesab edir. Onun fikrincə “ayrı-ayrı vergi növlərinin təcrübədə tətbiqi, habelə öyrənmə məqsədilə mənimsənilməsi bu maddəyə istinad etmədən mümkünsüzdür.”

Yuxarıda qeyd edilən maddədə sadalanan elementlər, hər hansı verginin:

  • hüquqi;
  • iqtisadi;
  • sosial strukturunu təşkil edir.

Tətbiq edilən hər bir vergi müxtəlif struktur elementlərinin vəhdətindən təşkil olunub, onu daha dərindən anlamaq üçün bu vahid strukturu təşkil edən elementləri fərqləndirmək vacibdir. Bunun vacibliyini nəzərə alaraq, , onların təsnifatını,  vergitutma elementlərinin AR Vergi Məcəlləsində yerini Fariz Yadigarovun şərhində təqdim edirik (mənbə: vergilər.az).

Vergi elementlərinin təsnifatı

Vergi elementləri aşağıdakı qruplara bölünür:

  • əsas – hər hansı bir vergi öhdəliyinin müəyyən edilməsi üçün  bu elementlərin olması vacibdir;
  • fakültativ – bu elementlərin olmaması öhdəliyinin müəyyənlik dərəcəsinə heç bir təsir etmir;
  • əlavə elementlər – vergilərin müəyyən edilməsi şərti deyil, amma öhdəliyinin yerinə yetirilməsi mexanizmini daha dolğun xarakterizə olunmasına kömək edir.

AR VM-də verginin müəyyən olunması üçün vergi ödəyicisinin, habelə aşağıda qeyd edilən vergi elementlərinin müəyyən oluna bilməsi vacibdir:

  • vergitutma obyekti;
  • vergitutma bazası;
  • vergi dövrü;
  • vergi dərəcəsi;
  • verginin hesablanması qaydası;
  • verginin ödənilməsi qaydası və müddəti.

Əlavə vergi elementləri əsas elementlərlə bağlı mövcud olurlar, məsələn vergi predmeti yaxud  miqyası. Vergi predmeti vergi obyektinin müxtəlif meyarlar üzrə fərqləndirilərək vergiyə cəlb edilən hissəsidir, vergi obyekti ilə vergi bazası arasındakı əsas həlqədir. Məsələn:

  • sahibkarlıq gəliri;
  • Azərbaycan mənbəyindən əldə edilmiş gəlir;
  • daimi nümayəndəliklə bağlı gəlir.

Vergi miqyası isə vergi predmetini ölçmək üçün qanunla müəyyən edilmiş ölçülərdir, məsələn, manat, litr, hektar və s.

Fakultativ elementləri mütləq deyil, o, ola da bilər, olmaya da, məsələn vergi güzəştləri. Vergi güzəşti yürüdülən büdcə siyasətinin hədəflərindən asılı olaraq vergi öhdəliyinin qanunvericiliyə uyğun tam yaxud qismən məhdudlaşdırılmasıdır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergi elementləri, onların mahiyyəti haqqında buradan da məlumat almaq olar.

Ayrı-ayrı vergi elementləri Vergi Məcəlləsində necə təyin olunub?

Vergi ödəyicisi qanunvericilikdə müəyyən edilmiş qaydada vergiləri ödəməli olan şəxslərdir. Hesablamalar vergilərin mənbəyinə  – vergitutma obyektinə tətbiq edilir. AR VM-in 12.3 maddəsinə görə “gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən”  digərləri  vergitutma obyektləridir.

“Vergitutma bazası” anlayışı  Məcəllənin 12.4. maddəsində “vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsi” kimi təyin olunur. Vergitutma obyekti və bazası arasındakı fərq haqqında buradan nümunədə tanış olmaq olar.

Vergi dövrü ayrı-ayrı vergilər üzrə Vergi Məcəlləsinin müddəalarına uyğun təyin edilir, il, rüb, ay ola bilər (maddə 85.1). Vergitutma elementlərindən biri olan Vergi dərəcəsi hər bir vergi növü üzrə AR VM-in uyğun maddələrim əsasında müəyyən edilir. Məsələn, sadələşdirilmiş vergi dərəcəsi 1, 2, 4, 6, 8 faiz kimi tətbiq edilə bilər.

Vergi elementlərindən digəri vergilərin hesablanması qaydasıdır. Hesablama qaydasının metodoloji əsasları Məcəllənin 82, 83-cü maddələrində şərh olunub. Eyni zaman qeyd etmək lazımdır ki, vergilərin hesablanması və ödənilməsi qaydaları, habelə müddətlər vergi növləri üzrə dəyişə bilər. Məsələn, torpaq vergisi üzrə bu qaydaların şərhinə buradan keçid almaq olar.


Print Friendly, PDF & Email