Vergi sistemi tarixinin mərhələləri

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi sisteminin inkişaf mərhələləri

Vergilərə onun ödəyiciləri ilə dövlət büdcəsinin qarşılıqlı maliyyə münasibətləri kimi baxmaq olar. Bu zaman maliyyə ehtiyatlarının dövlət büdcəsində cəmlənməsi  baş verir. Bu prosesin təşkili, idarə edilməsi və inkişafı vergi sistemi vasitəsi ilə həyata keçirilir.

Bir qayda olaraq bu anlayış ayrı-ayrı dövlətlərə münasibətdə istifadə olunur. Hər bir dövlətin vergi sistemi özündə aşağıdakı əsas  xüsusiyyətləri əks etdirir:

– qanunla müəyyən edilmiş vergilərin məcmusunu;

– onların təyini və həyata keçirilməsi prinsiplərini, formalarını və üsullarını;

‒ vergi orqanları sistemini, vergi nəzarətinin forma və üsullarını;

‒ vergi münasibətləri iştirakçılarının hüquq və vəzifələri, vergi icraatının aparılması qaydası və şərtləri.

Dövlətin və hüququn inkişaf mərhələlərinə analoji olaraq vergi sisteminin tarixi inkişafını şərti olaraq 4 dövrə bölmək olar:

  • qədim dövr;
  • orta əsrlər;
  • yeni tarix;
  • ən yeni tarix.

 Qədim dövrlərdə vergilər (e.ə. IV əsr – b.e. V əsr)

Bu dövrə vergilərin meydana çıxması, onların yığım mexanizmlərinin formalaşması kimi xarakterizə etmək olar: vergilər sistemsizdir, lazım gəldikdə (məsələn müharibələr, iri suvarma və ictimai tikinti layihələrinin icrası), məmurlar və ordu üçün ərzaq, tikinti materialları, işçi qüvvəsi formasında natura şəklində alınırdı. Məsələn, Afinada və Roma İmperatorluğunda dinc dövrlərdə vergilər tutulmurdu, onların tətbiqi müharibənin başlaması ilə şərtlənirdi. Qədim Misirdə vergilərin tətbiqi ilk növbədə Nil çayının deltasında aparılan suvarma tikililəri ilə bağlı idi. Vergi yığımına məbədlərin kahinləri rəhbərlik edirdi.

Bizə gəlib çatan, vergi hüququ normalarını ehtiva edən ən qədim hüquqi akt, vergilər sistemini müəyyən edən üçüncü Ur sülaləsindən olan Mesopotamiya kralı Ur-Nammunun Qanunlar Məcəlləsi idi (təxminən eramızdan əvvəl 2110-cu il).

Dövlət xərcləri artdıqca vergilər də artmağa başlayır, nağd şəkildə, daha müntəzəm tutulur, dövlətin maliyyə gəlirlərinin əsas  mənbəyinə çevrilirdi.

Vergi sistemi orta əsrlərdə (V-XVII əsrlər)

Orta əsrlərdə vergi sisteminin tarixi inkişafına nəzər salsaq görərik ki, o, ümumiyyətlə yavaş inkişaf etməklə yabası, həm də olduqca mürəkkəb idi. İkin dövrdə vergi ödənişləri müntəzəm deyildi, ən çox dövlətin məqsədli xərclərini ödəmək zərurəti yarandıqda yaxud xəzinədə pul tükənəndə tətbiq edilirdi.

Tədricən dolayı vergitutma, bir qayda olaraq, şəhər qapılarında bütün idxal və ixrac mallarından tutulan aksizlər, daha vacib rol oynamağa başladı. Bu vergi növünün formalasmasında bir sıra Avropa ölkələrinin (məsələn, Almaniya XV-XVI əsrin birinci yarısı) iqtisadi rifahı heç də az rol oynamadı. Bu dövrdə Avropanın azad şəhərlərində gəlirdən, habelə əmlakdan (sahibkarların) vergitutma sistemləri yarandı.

Əksər Avropa ölkələrində formalaşan vergi sisteminə görə, kənd əhalisi vergini feodala, şəhərlilər qanunvericilik aktı və ya müqavilə ilə müəyyən edilmiş vergi məbləğini vassala ödəyirdi. Kral xəzinəsini doldurmağın başqa mənbəyi – rüsumlar,  duz vergisi, dolayı vergilər – qida, tütün, kağıza görə aksiz vergiləri və s. idi.

 Yeni tarix və vergi sistemi (XVII-XVIII-XIX əsrin sonu)

Bu dövr vətəndaşların hüquqi bərabərliyini elan edən burjua inqilabları ilə başladı. Əksər Avropa ölkələrində siyasi sistemin liberal transformasiyaları, maarifləndirmə ideyaları, təbii hüquqların tanınması verginin leqallaşdırılması prosesini doğurur, vergi sistemlərini təşkilati baxımdan daha ahəngdar edirdi.  1776-cı ildə şotland iqtisadçısı Adam Smit, “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” əsərində vergilərin inkişaf tarixində ilk dəfə:

  • vergitutma prinsiplərini formalaşdırdı;
  • vergi ödənişlərinə tərif verdi;
  • onların dövlətin maliyyə sistemində yerini qeyd etdi.

A.Simitə görə vergililər onu ödəyən üçün “köləliyin deyil, azadlığın göstəricisi” –dir.

XIX əsrin ortalarında vergilərin sayı azaldılır, onların tətbiqində, habelə vergi yığılması zamanı hüquqi formaya böyük əhəmiyyət verilirdi. Bu dövr maliyyə elminin inkişafı ilə yanaşı vergitutmanın mahiyyəti, problemləri və üsulları haqqında elmi-nəzəri baxışların formalaşması ilə xarakterikdir. O dövrün heç bir iqtisadi məktəbi, heç bir maliyyə nəzəriyyəsi dövlət maliyyəsi və vergitutma məsələlərini diqqətdən kənar qoymadı. XIX əsrin ikinci yarısında bir çox dövlətlər optimal vergi sisteminin qurulması məqsədi ilə elmi tapıntıları praktikaya çevirmək üçün cəhdlər edirdilər.

Vergi sisteminin ən yeni tarixi (XX-XXI əsr)

Maliyyə elminin əvvəlki dövrdə əldə etdiyi nailiyyətlər, Birinci Dünya Müharibəsindən sonra, vergitutmanın elmi prinsipləri əsasında aparılan vergi islahatları zamanı da sınaqdan keçirildi.

Məhz o zaman sənaye baxımından inkişaf etmiş ölkələrin əksəriyyətində birbaşa vergilərin, ən əsası fərdi mütərəqqi gəlir vergisinin üstün yer tutduğu müasir vergi sistemləri qurulmağa başlandı. Lakin qeyd olunan elmi fikirlər əsasında məqbul vergi sistemi yaratmaq mümkün olmadı. İkinci Dünya Müharibəsindən sonra sənayeləşmiş dünya kapitalist dövlətlərinin vergi sistemlərinin tarixini aşağıdakı məsələlərin həllinə yönəlmiş fasiləsiz vergi islahatları dövrü kimi xarakterizə etmək olar:

  • optimal birbaşa və dolayı vergitutma üsullarının tapılması;
  • vergilərin iqtisadiyyata təsir dərəcəsinin müəyyən edilməsi;
  • vergi yükünün miqyası, vergi güzəştləri;
  • vergi qanunvericiliyinin sürətlə təkmilləşdirilməsi.

Təbii ki, kiçik məqalədə dünya vergi sisteminin tarixinin müasir durumunu tam təsvir etmək çətindir. Amma bizim digər məqalələrimiz bu işdə sizə yardımçı ola bilər, sadəcə bir düyməni vurmaqla  xarici ölkələrinin vergi sistemi haqqında icmal məlumatlarla tanış ola bilərsiniz. Əgər dünya ölkələrinin, o cümlədən Azərbaycanın vergi sistemi haqqında daha geniş və ətraflı məlumat almaq istəsəniz bizim kitabxanaya keçid edə bilərsiniz.

Respublikamızda vergi sistemi, Azərbaycan vergi qanunvericiliyi, vergitutmanın əsasları, növləri və sair bu kimi məsələlər barədə saytın “Vergi” bölməsindən, habelə vergi.az, audit.az saytlarından da bilgi əldə etmək olar.

 “muhasibat.az” saytı üçün hazırladı,

CƏMİL Əsədov


Print Friendly, PDF & Email