Vergi Məcəlləsində mənfəət vergisindən bir sıra azadolmalar və güzəştlər nəzərdə tutulub. Vergidən azadolmaların siyahısı kifayət qədər genişdir, odur ki, təcrübədə ən çox rast gəlinən azadolma və güzəştlərlə sizi tanış edəcəyik. Tam siyahı VM-nin 106-cı maddəsində verilib.
Xeyriyyə təşkilatlarının mənfəət vergisindən azadolmaları
Xeyriyyə təşkilatlarına müxtəlif ianələr, qrantlar, əvəzsiz köçürmələr olur. Köçürülən vəsaitlər xeyriyyə məqsədi ilə istifadə edilir, odur ki, həmin gəlirlər mənfəət vergisinə cəlb edilmir. Xeyriyyə təşkilatları öz əsas məqsədlərinə çatmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edə bilərlər. Belə gəlirlər vergidən azad edilmir (VM 106.1.1).
Nümunə 1: Xeyriyyə təşkilatına il ərzində daxil olmuş əvəzsiz köçürmələrin həcmi 73.000 manat olmuşdur. Bu təşkilat eyni zamanda kitab dükanı vasitəsi ilə satış həyata keçirərək gəlir əldə edərək, onu tam şəkildə xeyriyyə istiqamətində yönəldir. Kitab dükanı vasitəsi ilə hesabat ili ərzində 6000 manat gəlir əldə etmiş, bununla əlaqədar 3500 manat gəlirdən çıxılan xərci olmuşdur.
Təşkilatın mənfəəti:
6000 – 3500 = 2500 manat
Mənfəət vergisi:
2500 * 20% = 500 manat
Gördüyünüz kimi sahibkarlıqdan əldə edilmiş gəlir tam şəkildə xeyriyyə istiqamətində yönəldilsə belə, mənfəət vergisi ödənilməlidir.
Qeyri-kommersiya təşkilatları üzrə azadolmalar
Qeyri-kommersiya təşkilatlarının aldıqları bəzi ödənclər mənfəət vergisindən azaddır. Qeyri-hökümət təşkilatları, ictimai birliklər, fondlar formasında qeyri-kommersiya təşkilatları sayılır. Əslində xeyriyyə təşkilatları da qeyri-kommersiya təşkilatlarıdır. Belə fərqləndirmədə məqsəd alınan ianə, üzvlük haqları və əlavə olaraq başqa əvəzsiz köçürmələrin də vergidən azad olmasını qeyd etməkdir (VM 106.1.2)
Nümunə 2: Qeyri-hökumət təşkilatı hesabat ili ərzində 36.500 manat ianə qəbul etmişdir. Həmin vəsait mənfəət vergisindən azaddır.
Təhsil müəssisələri üzrə mənfəət vergisindən azadolmalar
Təhsil müəssisələrinin bəzi gəlirləri üzrə azadolmalar nəzərdə tutulub. Təhsil müəssisələrində, mənfəətin dividendə yönəldilən hissəsindən başqa digər gəlirlərindən vergi tələb edilmir (VM 106.1.7).
Vergi Məcəlləsinin yuxarıdakı maddəsi mühasiblərdə sual yaradır, onlardan bir qismi elə başa düşür ki, maddə müxtəlif hazırlıq, abituriyent və s. kurslara da aiddir. Halbuki belə deyil, təhsil müəssisəsinin nə olduğu barədə “Təhsil haqqında” AR qanununda açıq şəkildə qeyd olunub. Təhsil müəssisə lisenziya əsasında fəaliyyət göstərir, məzunlarına təhsil haqqında dövlət sənədi verir. Özəl kurslara lisenziyalaşma tətbiq edilmir, onlar dövlət sənədi vermir.
Təhsil müəssisələrinə orta məktəbləri, ali təhsil müəssisələrini, kollecləri, incəsənət, rəssamlıq məktəblərini və s. nümunə göstərmək olar.
Adi hazırlıq, dil hazırlığı, abituriyent hazırlığı kimi kurslar üçün isə nə lisenziyaya ehtiyac var, nə dediyimiz vergidən azadolmanın onlara aidiyyətı var.
Nümunə 3: Bakı şəhərində yerləşən qızlar gimnaziyasının 2020-ci ildə 8500 manat mənfəəti formalaşıb. Həmin mənfəətin yalnız 2500 manat hissəsi dividend kimi ödənilir.
Demək ki, 8500 manat mənfəətdən vergiyə cəlb edilən hissə də elə 2500 manat olacaq, qalan 6000 manat isə tamamilə mənfəət vergisindən azad ediləcək.
Kənd təsərrüfatında mənfəət vergisi güzəştləri
Əgər siz kənd təsərrüfatı məhsulları istehsalçısınızsa, əldə etdiyiniz gəlirlərə görə narahat olmaya bilərsiniz. 2024-cü ilə qədər bu fəaliyyətdən əldə edilmiş gəlirlər vergiyə cəlb edilmir (VM 106.1.14).
Kənd təsərrüfatı ölkə iqtisadiyyatının ayrılmaz, ən önəmli sektorlardan biridir. İqtisadiyyatın neft sektorundan asılı hala düşməsinin qarşısının alınması tədbirlərindən biri, kənd təsərrüfatı sahəsinin inkişafına dəstək olmaqdır.
Kənd təsərrüfatı sahəsində vergi azadolmaları, güzəştləri əsas etibarı ilə 2014-ci ildən tətbiq edilməyə başlandı, demək olar hər il kənd təsərrüfatı sahəsində yeni vergi güzəştləri tətbiq edilir.
Ümumiyyətlə kənd təsərrüfatı məhsullarının istehsalçının özü tərəfindən satışı vergidən azad edilsə də (ixrac istisna), vergi ödəyiciləri bunların qeydiyyatını aparmağa və bəyannamə verməyə borcludur. Əks halda sizə maliyyə sanksiyası tətbiq edilə bilər (VM 58.6).
Kənd təsərrüfatı fəaliyyətində ƏDV-nin hesablanması qaydası ilə buradan daha ətraflı tanış ola bilərsiniz.
Mənfəət vergisindən digər azadolmalar
- Gəlirlərin (xərclərin) uçotunu aparan mikro sahibkarlıq subyektlərdə mənfəətin 75 faizi vergidən azad edilir (VM 106.1.20). Sözügedən azadolma Vergi Məcəlləsinə 2018-ci ildə dekabr ayında daxil edilib, 01.01.2019-cu il tarixdən tətbiq edilir. Burada önəmli olan odur ki, siz mikro sahibkarlıq subyekti olmanızı dəqiq müəyyən etməlisiniz. Bir çox mühasiblər bu güzəşti bilirlər, lakin, elə zənn edirlər ki, bu güzəşt ƏDV ödəyicilərinə münasibətdə verilmir. Amma, nəzər almaq lazımdır ki, ƏDV qeydiyyatı, bu güzəştin tətbiqi üçün önəmli deyil.
Sahibkarlıq subyektlərinin bölgüsü meyarları Nazirlər Kabineti, sahibkarlıq subyektinin hansı meyara uyğun olması isə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilir. Sözügedən meyarlar Nazirlər Kabinetinin 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının təsdiq edilməsi” haqqında qərarında öz əksini tapmışdır.
- Gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.
Nümunə 3: “Zerena” MMC həm gəlirlərinin və xərclərinin uçotunu aparır, həm də ƏDV qeydiyyatına alınmamışdır. Həmin MMC-nin paylarının 50%-i “A” MMC-yə məxsusdur. 2020-ci illik hesabat dövrü üzrə “Zerena” MMC-nin 8000 manat mənfəəti elan edilir. Təsisçilər dividend götürmək barədə qərar verirlər. Bütün təsisçilərin, o cümlədən “A” MMC-nin götürdüyü dividenddən ödəmə mənbəyində 10% vergi tutulmur.