Vergilərin növləri

posted in: Xəbər | 0
birbank biznes

Əsas vergi növləri

Vergilərin təsnifatı zamanı bir sıra meyarlardan istifadə olunur. Meyarların genişliyi, dövlət büdcəsinə yığımların praktikada tətbiqinin fərqli olması vergi növləri müəyyən edilərkən müxtəlif yanaşmaların ortaya çıxmasına səbəb olur.

Belə müxtəlifliyə baxmayaraq müasir vergi nəzəriyyəsində iqtisadi təsnifat daha rasional qruplaşma kimi qəbul edilir. İqtisadi təsnifatda vergilərin növləri müəyyən edilərkən ödəyicilərin ödəmə qabiliyyəti nəzərə alınır. Odur ki, bəzən, ödəmə qabiliyyətinə görə təsnifat da adlanır.

Vergi ödəyicilərinin ödəmə qabiliyyətini nəzərə alaraq müasir vergi sistemlərində vergilərin növləri aşağıdakı qruplara ayrılır:

  • gəlir üzərinə qoyulan vergilər – qazancımızdan ödənilir;
  • sərvət üzərinə qoyulan vergilər – mülkiyyətimizdə olanlara tətbiq edilir (əmlak, əşyalar və sair);
  • istehlak (xərc) üzərinə qoyulan vergilər – aldıqlarımıza görə ödənilən vergilərdir.

Belə təsnifat daxilində vergi növlərinə digər meyarları da aid etmək olar, məsələn:

  • dövlət yaxud yerli vergilər (idarəetmə səviyyəsinə əsaslanan təsnifat);
  • birbaşa yaxud dolayı vergi (tutulma üsuluna görə) və sair.

Gəlir üzərinə qoyulan vergilər

Təcrübədə vergitutma obyekti gəlirlər olan iki vergi növünə rast gəlinir:

  • gəlir vergisi;
  • müəssisələrin ödədiyi mənfəət vergisi.

“Mütərəqqi kapitalizm dövrünün məhsulu və eyni zamanda xarakterik ifadəsi olan gəlir vergisi” (F.Noymark) müasir dövrdə bazar iqtisadiyyatına malik bütün ölkələrin ən mühüm vergilərindəndir.

Müasir gəlir vergisinin tarixi İngiltərə ilə Fransa arasındakı müharibəni maliyyələsdirmək üçün 1799-cu ildə tətbiq edilən gəlir vergisi ilə başlayır. Müharibə ilə bağlı tətbiq edilən vergi müvəqqəti xarakter daşıyırdı, 1802-ci ildə sülh müqaviləsi bağlandıqdan sonra ləğv edildi. 1803-cü ildə müharibənin bərpası ilə yenidən qüvvəyə minir, müharibə bitdikdən sonra ləğv edilir. 1842-ci ildə gömrük gəlirlərinin azalması nəticəsində dövlət gəlirlərindəki kəsiri qarşılamaq üçün yenidən tətbiq edilir, sonradan heç vaxt ləğv  edilməyərək Britaniya vergi sisteminin əsas elementinə çevrilir.

Gəlir Azərbaycan Respublikasının Vergi Məcəlləsində “malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri” kimi şərh edilir. Həmçinin şəxsin fəaliyyətdənkənar qazancı, əldə etdiyi fayda gəlir hesab olunur. Gəlir vergisi – gəlirin əldə edildiyi anda şəxslərdən tutulan birbaşa vergidir. Azərbaycanın qanunvericiliyində bu vergi növü dövlət vergisi kimi xarakterizə olunur, mücərrəd vergidir, çünki heç bir məqsədli təyinat daşımadan dövlətin büdcə gəlirlərinin formalaşmasına xidmət edir.

Bu qrupa daxil olan hüquqi şəxslərdən tutulan mənfəət vergisi birbaşa vergidir, onun məbləği təşkilatın son maliyyə nəticəsindən asılıdır. Vergitutma obyekti mənfəət, yəni gəlir və xərclər arasındakı fərqdir.

Sərvət vergisi

Sərvət dedikdə şəxslərin gəlirlərinin istehlaka sərf olunmamış, yığım funksiyası daşıyan hissəsi nəzərdə tutulur. O, fiziki yaxud hüquqi şəxsin müəyyən bir dövrdə sahib olduğu, pulla ifadə olunan bütün iqtisadi dəyərlərin məcmusudur. Onun həcminə uyğun sahibinin vergi öhdəliyi müəyyən edilir.

Sərvət üzərinə qoyulan vergilərin bir qolu olan torpaq vergisinin tarixi qədimdir, vergitutmanın onunla başladığın demək olar. Birbaşa vergi növü olan sərvət vergiləri üzrə vergitutma obyekti sərvət elementlərinin:

  • ya əmlaka sahib olmaqla aktivlərə daxil edilməsi;
  • ya da onlara mülkiyyətin dəyişdirilməsi faktıdır.

Sərvət vergilərinin növləri və tətbiqi formaları ölkədən ölkəyə dəyişir. Vergi nəzəriyyəsində sərvət vergilərin üç əsas qrupa bölünür:

  • sərvətə görə;
  • sərvətin köçürülməsinə uyğun;
  • sərvət artımına əsasən.

Xərc üzərinə qoyulan vergilər

Bunlar gəlir, habelə sərvətdən istehlak məqsədləri üçün istifadə edildikdə alınan vergi növləridir. Gəlir və sərvət vergiləri:

  • azadolma və güzəştlərin mövcudluğu;
  • düzgün bəyan ediməməsi;
  • vergidən yayınma hallarına görə vergi ödəyicisinin ödəmə qabiliyyətini tam əks etdirmir.

Bu çatışmamazlıq xərc üzərinə qoyulan vergilər (istehlak vergiləri) ilə aradan qaldırılır. İstehlakçılar pulu xərclədiyi (istehlakçının gəliri xərc kimi reallaşdığı) anda vergitutma  obyekti yaranır. İstehlakçının aldığı əmtəənin zəruri (məsələn, qida) yaxud dəbdəbə (məsələn, zərgərlik məmulatları) xarakterli olmasından asılı olaraq fərqli vergi dərəcəsi tətbiq edilir.

Ölkəmizdə tətbiq edilən əlavə dəyər vergisi (ƏDV), habelə aksiz vergisi belə vergi növlərinə nümunədir.


Print Friendly, PDF & Email