Vergilər dövlətin büdcə xərclərinin əsas mənbəyidir. Onun müəyyən edilməsi üçün əsas şərtlərdən sayılan vergitutma elementləri və onların xüsusiyyətlərini Accounting.Az saytının redaktoru Cəmil Əsədov şərh edir.
Vergitutma elementləri
Vergi anlayışı, onun müəyyən olunması zamanı vacib sayılan vergitutma elementləri Azərbaycan Respublikasında vergi hüququnun əsas məcəllələşdirilimiş mənbəyi olan AR Vergi Məcəlləsində şərh edilib. Həmin sənəddə vergi elementlərinin xüsusiyyətlərinə də yer verilib
Məcəllənin 11-ci maddəsinə görə “vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir”.
Daha sadə desək, vergi:
- qanunla müəyyən edilmiş;
- dövlətin fəaliyyətini maliyyələşdirilməyə yönələn;
- hüquqi və fiziki şəxslərdən fərdi, məcburi qaydada, vaxtaşırı yığılan pul ödənişləridir.
Vergilər yalnız nağd şəkildə yığılır və ödənilir. Düzdür, tarixin müəyyən dövründə ödənişlər mal, məhsul, digər maddi və qeyri-maddi ekvivalentlərlə də həyata keçirilib, amma indi bu mümkün deyil.
Vergitutma elementləri VM-in 12-ci maddəsində şərh olunub. Həmin maddəyə əsasən verginin müəyyən olunması, onu ödəmək öhdəliyinin yaranması üçün vergi ödəyicisinin (subyektin), habelə vergi elementlərinin müəyyən edilməsi mütləqdir.
Bu elementlərlə yanaşı, fakultətiv vergi elementləri də mövcuddur. Hər vergidə onların mövcudluğu mütləq deyil, onların olmaması verginin müəyyənlik dərəcəsinə təsir etmir. Vergi güzəştləri fakültativ vergi elementidir.
Hər bir vergitutma elementi öz mahiyyətinə görə universal xarakter daşıyır, bütün ölkələrin vergi proseslərində istifadə olunur. Vergitutma elementləri qədim dövlətlərdə onların yarandığı andan istifadə olunurdu.
Vergi ödəyicisi
Vergitutma subyekti yaxud vergi ödəyiciləri qanuna uyğun olaraq vergiləri ödəmək öhdəliyi həvalə edilmiş şəxslərdir. Mövcud qanunvericiliyinə əsasən vergitutma obyektlərindən vergi ödəməli olan istənilən hüquqi yaxud fiziki (o cümlədən, fərdi sahibkarlar) şəxsi vergi ödəyicisi kimi tanınır (VM, maddə 13).
Bunlarla yanaşı Məcəllədə müəssisələrin müstəqil fəaliyyət göstərən filial və nümayəndəlikləri, xarici hüquqi şəxslərin daimi nümayəndəlikləri də vergi ödəyicisi hesab olunur.
Vergi nəzəriyyəsində vergi ödəyicisi ilə vergi daşıyıcısı anlayışı fərqləndirilir. Sonuncu vergi yükünü daşıyan şəxslərə aid edilir. Bəzi hallarda vergi, subyekt tərəfindən, onun son ödəyicisi olan başqa şəxsə, vergi daşıyıcısına keçirilə bilər. Əgər o keçirilə bilməzsə, bu zaman verginin subyekti ilə daşıyıcısı eyni şəxsdir. Vergi keçirilə bilərsə subyektlə daşıyıcı fərqlidir. Bu, əsasən dolayı vergilər tutulduqda baş verir. Məsələn, ƏDV-nin ödəyicisi malı istehsal edən, onun daşıyıcısı isə malın son istehlakçısıdır. Beləliklə, verginin subyekti dedikdə formal olaraq vergi ödəməyə borclu olan şəxs başa düşülür. Verginin daşıyıcısı onu faktiki ödəyən şəxsdir.
Başqa bir nümunəyə baxaq. Əmək müqaviləsi ilə işləyən işçi iş yerindən aldığı əmək haqqından muzdlu işlə bağlı vergi öhdəliyi yaranır. Amma onu işçi özü birbaşa ödəmir. Bunu onun əvəzinə işəgötürən edir: o, işçinin gəlirindən (əmək haqqından) vergini hesablayır, tutur, təyinatı üzrə köçürür. Bu zaman işəgötürən vergi agenti kimi çıxış edir.
“Vergi agenti kimdir?” sualının cavabını VM-in 17-ci maddəsində tapmaq olar. Həmin maddəyə görə “Vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir”.
Vergi agenti mexanizmi ödəmə mənbəyində vergilərin tutulması ilə bağlı meydana çıxıb. Vergi agentini vergi ödəyicisindən fərqləndirən əsas şərt odur ki, vergi ödəyicisi ödənişləri öz vəsaiti hesabına edir, vergi agenti isə bunu, qanunvericiliyin tələbləri çərçivəsində, başqasının vəsaiti hesabına həyata keçirir.
“Vergi daşıyıcısı”, “vergi agenti” anlayışlarının şərhi daha əhatəlidir. Bu qısa qeydlər onlar haqqında ümumi məlumatın formalaşmasına yönəlib. Gəlin digər vergitutma elementlərinin xüsusiyyətlərinin qısa şərhinə baxaq.
Vergi elementlərinin xüsusiyyətləri
Vergitutma obyekti – subyektin vergi ödəmək öhdəliyinin əmələ gəlməsinə səbəb olan, verginin tətbiq mənbəyi kimi çıxış edə bilən iqtisadi fakt, hadisədir. Bir az sadə ifadə etməyə çalışsaq, o, məsələn, Accounting.Az MMC-ni, onun əməkdaşını, həmin MMC-yə müəyyən xidmətlər göstərən fərdi sahibkarı vergi ödəyicisinə çevirən bir göstəricidir.
Məcəllədə aşağıdakı vergitutma obyektləri nəzərdə tutlub:
- mənfəət;
- satılan malların (işlərin, xidmətlərin) dəyəri;
- fiziki şəxslərin ümumi gəlirləri;
- nəqliyyat vasitələri;
- fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlak və s.
Onlar haqqında buradan daha ətraflı məlumat ala bilırsiniz. Verginin adı çox vaxt vergitutma obyektindən yaranır, məsələn, əmlak vergisi, torpaq vergisi, mənfəətdən vergi.
Vergi bazası vergitutma obyektinin dəyər, fiziki yaxud digər xarakteristikasıdır. O, vergitutma obyektinin vergi tutulacaq hissəsinin kəmiyyətini müəyyənləşdirir, verginin birbaşa hesablandığı dəyərdir. Vergi növündən asılı olaraq bu, məbləğ (mənfəət), maya dəyəri (mal), fiziki xassələr (otağın sahəsi, maşının gücü) və s. ola bilər.
Vergi dərəcəsi vergi bazasının vahidinə düşən vergi yığımlarının məbləğidir, faizli və sabit vergi növləri vardır.
Vergi dövrü ayrı-ayrı vergi növlərinə münasibətdə tətbiq edilən təqvim ili yaxud digər dövrdür. Bu il, rüb, ay ola bilır. Dövrün sonunda vergitutma bazası müəyyən edilir, ödənilməli verginin məbləği hesablanır. Hər bir vergi növünün öz vergi dövrü var.
Verginin hesablanması və ödənilməsi qaydaları hər bir vergi növü üzrə fərqlənir, Vergi Məcəlləsi, habelə müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.
Qeyd edilən vergi elementləri bütün vergi növləri üçün xarakterikdir. Həmin elementlərin köməyi ilə proseduraları hazırlanır, yığımlarının həcmi, tutulma qaydası müəyyən edilir, vergitutma bazası və məbləği hesablanır, vergi dərəcəsi, ödəmə müddəti və digər şərtlər təyin edilir. Sadalananlardan biri olmasa, fiziki yaxud hüquqi şəxsin vergi öhdəliyi yarana bilməz.
Əgər vergitutma elementləri, ümumiyyətlə vergilər, onun nəzəri və praktik aspektləri barədə sizdə suallar yaranarsa, Accounting.AZ – a müraciət edə bilərsiniz. Bizim peşəkarlar həvəslə kömək edərlər.