Vergitutma bazası Azərbaycan vergi qanunvericiliyində

posted in: Xəbər | 0
birbank biznes

Vergi bazası üzrə hesablamalarda ümumi prinsiplər

Vergitutma elementlərinin müəyyən edilməsi hər hansı verginin müəyyən olunması üçün əsas şərtdir.  AR Vergi Məcəlləsi ilə təyin edilən bu elementlərdən biri vergitutma bazasıdır (maddə 12). Vergi bazası vergitutma obyektinin dəyər, fiziki yaxud digər xarakteristikasıdır. Vergitutma bazası isə vergi bazasının bütün güzəştlərdən sonra qalan yaxud “vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir” (VM, maddə 12.4`).

  • Vergi bazası və onun müəyyən edilməsi qaydası Azərbaycanın vergi qanunvericiliyi əsasında müəyyən edilir.
  • Vergi ödəyiciləri hər bir vergi dövrünün sonunda vergitutma bazasını mühasibat uçotu registrlərinin məlumatları, habelə vergitutma obyekti yaxud vergitutma ilə bağlı obyektlər üzrə digər sənədləşdirilmiş məlumatlar əsasında hesablayırlar.
  • Əvvəlki vergi (hesabat) dövrlərinə aid vergitutma bazasının hesablanması zamanı səhvlər (təhriflər) aşkar edildikdə, cari vergi (hesabat) dövründə vergi bazası və verginin məbləği göstərilən səhvlərin (təhriflərin) yol verildiyi yol verildiyi dövr üçün yenidən hesablanır. Səhvlərin (təhriflərin) baş vermə müddətini müəyyən etmək mümkün olmadıqda, vergitutma bazasının və verginin məbləğinin yenidən hesablanması səhvlərin (təhriflərin) aşkar edildiyi vergi (hesabat) dövrü üçün aparılır.

Ödəniləcək vergi məbləği vergitutma bazasına vergi dərəcəsi tətbiq edilməklə hesablanır.

Vergitutma bazası ilə  vergitutma obyekti arasında fərq

Gəlin bu fərqi konkret nümunə əsasında izah edək (mənbə: vergiler.az).

Sual. Mənim əsas iş yerimdə muzdlu işdən gəlirim 500 manatdır. Bu məbləğin 200 manatı vergidən azaddır. Bu halda ödəmə mənbəyində vergi tutularkən vergitutma obyekti 500 manatdır, yoxsa 300 manat?

Cavab. Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.

VMəcəlləsinin 12.4-ci maddəsində isə vergitutma bazası müəyyənləşdirilib. Həmin maddədə göstərilir ki, vergitutma bazası vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda muzdlu işdən əldə edilən gəlirin tam məbləği (500 manat) gəlir vergisinin vergitutma obyekti, müvafiq azadolma məbləği çıxıldıqdan sonra qalan məbləğ (300 manat) isə vergitutma bazasıdır (Dövlət Vergi Xidməti).

Əsas vergi elementlərindən biri olan vergitutma obyektinin mövcudluğu vergi ödənişini zəruri edən şərtdir. Hər bir verginin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş müstəqil vergitutma obyekti olmalıdır. Vergitutma bazası isə bu obyektin rəqəmsal göstəricisidir,  məsələn:

  • dəyər göstəricisi, pul ölçüsündə – alınan gəlirin və ya mənfəətin məbləği (gəlir vergisi və ya sadələşdirilmiş vergitutma sistemi üçün), satılan məhsulların, xidmətlərin məbləği – ƏDV hüsablamaları üçün);
  • fiziki göstərici, məsələn, istehlak edilən vergitutulan resursun miqdarı (nümunə kimi, mədən vergisinə cəlb edilən mineral suların həcmi);
  • digər göstəricilər, məsələn, minik avtomobilləri üçün mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq yol vergisi.

Vergi bazası hər vergi dövrünün sonunda hesablanır. Vergitutma bazası vergi növündən, qanunvericilik səviyyəsindən, ödəyicinin vergitutma rejimindən asılı olduğundan, onun hesablanması üçün vahid prosedur yoxdur.


Print Friendly, PDF & Email