Vergi Məcəlləsi və onun vəzifələri
Azərbaycan Respublikasının Vergi Məcəlləsi (AR VM) Azərbaycan Respublikasında vergi sistemini məcəlləşdirən qanunvericilik aktıdır. AR VM-in vəzifəsinə vergilər sisteminin, habelə vergitutmanın ümumi prinsiplərinin, o cümlədən:
- Azərbaycan Respublikasında tutulan vergi növlərinin;
- vergilər üzrə öhdəliklərin yaranmasının (dəyişməsinin, xitam edilməsinin) əsasları və yerinə yetirilməsi qaydasının;
- dövlət, muxtar və yerli vergilərin yaradılması, qüvvəyə minməsi, əvvəllər tətbiq edilmiş vergilərin ləğvi prinsiplərinin;
- vergi ödəyicilərinin, vergi orqanlarının və vergilər haqqında qanunvericiliklə tənzimlənən münasibətlərin digər iştirakçılarının hüquq və vəzifələrinin;
- vergi nəzarətinin forma və üsulları, vergi hüquqpozmalarına görə məsuliyyəti;
- vergi orqanlarının aktlarından və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsiziyindən) şikayət verilməsi qaydasının müəyyən edilməsi aiddir.
Vergi Məcəlləsi – vergilərin hesablanması və ödənilməsi qaydalarını tənzimləyən maddələr toplusudur. Məcəllə vergitutmanın əsas prinsiplərini müəyyən edir, vergilərin müəyyən edilməsi, tətbiqi, dəyişdirilməsi, ləğv edilməsi, hesablanması və ödənilməsi qaydalarını, habelə vergi öhdəliyinin yerinə yetirilməsi ilə bağlı münasibətləri tənzimləyir. |
Vergi Məcəlləsinin strukturu
AR Vergi Məcəlləsi iki hissədən ibarətdir:
- vergitutmanın ümumi prinsiplərini müəyyən edən birinci hissə (ümumi hissə);
- ölkədə mövcud olan vergilərin hər birinin tətbiqi qaydasını müəyyən edən ikinci hissə (xüsusi hissə).
Məcəllənin I-VII fəsilləri ümumi, VIII-XVIII fəsillər isə xüsusi hissənin maddələrini əhatə edir. Xüsusi hissənin fəsilləri ayrı-ayrı vergi növlərini, habelə onların ayrı-ayrı xüsusi vəziyyətlərdə tətbiqi qaydalarını şərh edir. İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri XIX fəsildə, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi isə XVIII fəsildə əks olunub.
Vergi Məcəlləsinin X fəslinə xüsusi diqqət etmək zəruridir. Belə ki, həmin fəsil Azərbaycan vergi qanunvericiliyi ilə müəyyən edilmiş iki vergi növünün – gəlir və mənfəət vergisinin tətbiqi qaydalarını izah edir.
Azərbaycan vergi sistemində gəlirlər üzərindən alınan vergiləri üç qrupa ayrılır:
- gəlir vergisi;
- mənfəət vergisi;
- sadələşdirilmiş vergi.
Bunlardan ilk ikisinin hesablanması zamanı oxşarlıq çoxdur. Məcəllənin X fəsli özündə məhz bu iki vergi növü üzrə ümumi qaydaları şərh edir.
Vergi qanunvericiliyinin sistemləşdirilməsi haqqında buradan oxumaq olar
Vergi Məcəlləsinin X fəsli
Bu fəsil Vergi Məcəlləsinin xüsusi hissəsinə aiddir, “Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr” adlanır. Adından göründüyü kimi fəslin maddələrinin tətbiqi hər iki vergi növü üçün eynidir. Bu X fəslin 107-ci maddəsində də təsbit olunub. Ümumiyyətlə, fəsil 46 maddədən ibarətdir. Həmin maddələri aşağıdakıları əhatə edir:
- gəlirdən çıxılan və çıxılmayan xərclərin tərkibi, xərclərin gəlirdən çıxılma qaydaları;
- ödəmə mənbəyində vergi verginin tutulması və ödənilməsi;
- gəlir (mənfəət) vergisi məqsədləri üçün xərclərin uçotu mexanizmi;
- hüquqi şəxsin yaranması, yenidən təşkili və ləğvi qaydaları və sair.
Bəyannamələrin verilməsi Məcəllənin 149-cu maddəsində şərh edilir. Cari vergi ödəmələri, hesablanmış cari vergi məbləği haqqında arayışların təqdim edilməsi X fəslin 151-ci maddəsində əks olunub.
Təbii ki, kiçik məqalədə, Vergi Məcəlləsinin xüsusi hissəsini, o cümlədən X fəslin əhatə etdiyi maddələri şərh etmək çətindir. Amma saytımızın “Vergi” bölməsində haqqında ətraflı şərhlər verilib.