Ölkə xarici ezamiyyə xərclərinin normaları haqqında

posted in: Xəbər | 1
birbank biznes

Xarici ezamiyyə zamanı xərclər

Xarici ezamiyyətlər əksər təşkilatlar üçün həmişə aktual mövzudur. Baxmayaraq ki, xarici ezamiyyə xərclərinin normaları üzrə tənzimləyici normativ sənədlər yeni deyil, ezamiyyənin hesablanması və ödənilməsi proseduru, adətən, bir çox suallar doğurur.

Xidməti ezamiyyət işçinin daimi iş yerindən kənarda iş tapşırığını yerinə yetirmək üçün işəgötürənin əmri ilə müəyyən müddətə başqa yerə getməsidir.

Ezamiyyətə göndərilmənin mövcud şərtlərindən asılı olaraq, işəgötürən işçinin ezamiyyətə göndərilməsi və (və ya) ondan geri qayıtması barədə müstəqil qərar qəbul edir və ezamiyyə əmri hazırlayır.

Ezamiyyətə göndərilən işçilər:

  • iş yerini, vəzifəsini (peşəsini);
  • ezamiyyətin bütün dövrü ərzində əməkhaqqını saxlayır.

Xarici ezamiyyə (həm də respublika daxili) zamanı işəgötürən işçiyə avans verməyə və ezamiyyə xərclərinin normalarını nəzərə almaqla onun aşağıdakı xərclərini ödəməyə borcludur:

  • ezamiyyə yerinə və oradan geri qayıtma xərcləri;
  • mehmanxana xərcləri;
  • gündəlik xərclər (yaşadığı məkandan kənarda yaşayış üçün);
  • işəgötürənin icazəsi ilə çəkdiyi digər xərclər.

Qanunla avansın verilməsi üçün son müddət müəyyən edilməyib. Belə qəbul edilib ki, işəgötürən avansı elə ağlabatan müddətdə verməlidir ki, işçi ezamiyyətə getməzdən əvvəl lazımi xərcləri edə bilsin.

Xarici işgüzar səfərlər zamanı ezamiyyə xərclərinin norması AR-nin Nazirlər Kabinetinin müvafiq qərarına uyğun tənzimlənir. Respublika daxili ezamiyyə xərclərinin normaları da Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə tənzimlənir.

Xarici ezamiyyə xərclərinin normaları

İşçinin ezamiyyə xərcləri qanuna uyğun şəkildə lazımi valyutaya çevrilərək ödənilməlidir. Xarici ezamiyyə xərclərinin 1 günlük norması və uyğun valyuta növü AR NK-nin 14 saylı qərarının 1 saylı əlavəsində verilib. Ezamiyyə xərcinin 1 günlük normasının 40 faizi gündəlik yemək xərcindən ibarətdir (NK-nın İşçilərin Ezamiyyə Qaydaları” haqqında Q-01 nömrəli qərarı) .

Ezamiyyətdən qayıtdıqda ölkədən gedib-qayıtma barədə təsdiqedici qeydlər pasportda əks edilmiş formada müəssisəyə təqdim edilməlidir. Xarici ölkəyə ezam olunan işçinin bəzi səbəblərdən müəyyən müddətdə yolda ləngiyərək gec qayıtması mümkündür. Əgər bu gecikmə işçidən asılı olmayan səbəbdən baş vermiş olarsa, xarici ezamiyyədə olan işçiyə ərazisində olduğu ölkənin normalarına uyğun ezamiyyə xərci ödənməlidir. Lakin üzrsüz səbəbdən baş verən hər hansı gecikməyə görə heç bir xərc ödənilmir.

Nümunə 2: Nümunə 1: “Ayna” MMC-nin işçisi Türkiyəyə ezamiyyətə göndərilib. Uçuş zamanı təyyarədə baş vermiş nasazlıqla əlaqədar işçi 1 gün artıq ləngiməli olur. Bu zaman ona əlavə olaraq həmin ölkənin normasına uyğun ezamiyyə xərci ödənilir.

İşçi Türkiyəyə ezam olunub. Ezamiyyət müddəti bitdikdən sonra o səyahət etmək məqsədilə bir neçə gün Türkiyədə qalmaq istəyir. Bu işçiyə görə gecikmə halı sayıldığına görə heç bir xərc ödənilmir.

İşçinin ezamiyyətə gedib qayıtmağı eyni günə təsadüf etdikdə, ona 1 günlük ezamiyyə xərclərinin normalarının 40 faizi məbləğində vəsait təyin edilməlidir.

Dəvət edən tərəfindən ezamiyyə xərclərinin ödənilməsi

Bəzən ezamiyyə ilə əlaqədar bütün xərcləri dəvət edən tərəf öz üzərinə götürmüş olduğu üçün işçiyə ezamiyyə xərci ödənilmir. Ezamiyyə xərclərinin dəvət edən şirkət tərəfindən verilməsi aşağıdakı qaydada həyata keçirilir:

  • işçi yalnız yaşayış yeri ilə təmin olunduqda  bir günlük normanın 40%-i,  yemək xərci ilə təmin olunduqda isə  60%-i məbləğində vəsaitlə təmin edilir;
  • yaşayış yeri, yemək xərclərinin nağd yolla ödənilməsi üçün təyin edilən vəsait müəyyən olunmuş normadan aşağı olarsa, həmin fərqin işçiyə verilməsi təmin edilməlidir;
  • işçinin yaşayış yeri ilə təmin edilməsi,  yemək pulunun isə ona nəqd şəkildə  ödənməsi mümkündür. Bu zaman həmin nəqd vəsait 1 günlük normanın 40 %-dən aşağı olduqda, yaranmış fərq ödənməlidir;
  • yeməklə təmin edilən işçiyə yaşayış yeri üçün nağd şəkildə ödənilən vəsait müəyyən olunmuş ezamiyyə xərclərinin normalarının 60%-dən aşağı olduqda yaranmış fərqin ödənilməsi zəruridir.

Xərclərin  tam və ya qismən şəkildə dəvət edən tərəfdən ödənilməsi müvafiq sənədlərə əsasən müəyyən olunur.

Nümunə 3: İşçi 10 gün müddətinə ezamiyyətə göndərilmişdir. Həmin müddətin 2 günü istirahət gününə təsadüf etdikdə ezamiyyə xərci necə hesablanmalıdır?

Cavab: İşçi  istirahət günlərini yaşayış yerindən uzaqda keçirdiyi üçün müəyyən məbləğdə xərc etməli olacaqdır. Buna görə də müəssisə tərəfindən ezamiyyətin bütün günləri üçün təyin olunmuş normada ezamiyyə haqqı hesablanaraq ödənilir. 

Xarici ezamiyyə zamanı işçilərə norma daxilində verilən ezamiyyə xərcləri müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir. Faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi isə gəlirdən çıxılmır.


Print Friendly, PDF & Email

  1. Fuad
    |

    Xarici ezamiyyə xərclərinə nələr daxildir və nələr yox. Bu haqqda məlumat olsa idi lap əla olardı. Amma bu məlumata görədə çox sağ olun.