Yol vergisi nədir? Onun yaranma tarixi
Bir anlayış kimi yol vergisi orta əsrlərdə yaranıb. Vergi yoldan istifadə edən hər kəsdən, onun piyada, atlı, arabada olmasından asılı olmayaraq alınırdı. İlk dəfə nəqliyyat vasitələrinin vergiyə cəlb edilməsinə 1637-ci ildə, Birləşmiş Krallıqda qoşqu arabalarına lisenziya alınması ilə bağlı qanunun qəbulu ilə başlandı. Buxar mühərriklərinin tətbiqi mexaniki nəqliyyat vasitələri üçün lisenziyaların verilməsinə səbəb oldu. Bu lisenziyalaşma ilə bağlı aktların, müxtəlif ölkələrdə yol vergisi üzrə qanunvericiliyin formalaşması ilə nəticələndi.
Respublikamızda vergi qanunvericiliyinin forrmalaşmasını vaxtilə tərkibində olduğumuz SSRİ-də baş verən iqtisadi proseslərdən kənar təsəvvür etmək çətindir. Bu tarixi reallıqdır, bundan istəsək də qaça bilmərik. Yoldan istifadəyə görə vergi SSRİ ərazisində, o cümlədən Azərbaycanda 1942-ci ildən, nəqliyyat vasitələrinin sahiblərinə tətbiq edilməyə başlandı. Nəqliyyat vasitələrinə avtomobillər, motosikletlər, velosipedlər, gəzinti və iş üçün nəzərdə tutulmuş atlar, digər heyvanlar aid edilirdi.
Müstəqillik illərindən başlayaraq respublikamızın vergi qanunvericiliyi formalaşmağa başladı. Hazırda yol vergisinin tətbiqi Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənir. Bu aktlara görə yol vergisi dövlət vergisidir və aşağıdakılara tətbiq edilir:
- xarici dövlətlərin avtonəqliyyat vasitələrinə – ölkə ərazisinə daxil olduqda yaxud çıxdıqda;
- respublika ərazisində avtomobil benzini, dizel yanacağı, maye qaz istehsal yaxud idxal edən şəxslərə.
Yol vergisinin tətbiq məqsədləri
Ümumi istifadədə olan yolların lazımi vəziyyətdə saxlanılması, təmir işlərinin aparılması istənilən dövrdə daim dövlətin qayğısı olub. Yolların maliyyələşdirilməsi zəruridir – onları tikmək, təmir etmək, yenidən qurmaq lazımdır. Bu məqsədlərə vergi tətbiqi normal təcrübədir. Vergitutma zamanı əsas yük avtomobil sürücülərinin üzərinə düşür. Onları 2 qrupa bölə bilərik:
- kommersiya nəqliyyatı vasitələrinin və yükdaşımaların iştirakçıları;
- şəxsi avtomobil sahibləri.
Yol vergisi gömrük sərhədlərimizi keçdikdə (xarici avtomomil sahibləri) yaxud yanacaqdan istifadə etdikdə ödənilir. Avtonəqliyyat vasitələrinin yanacaqdan istifadə etdiyini nəzərə alsaq, cəmiyyətin əksər hissəsinin bu vergininin ödənilməsində iştirak etdiyini demək olar (taksi yaxud ictimai nəqliyyat vasitələrindən istifadə etməklə). Bu təbidir, çünki yollardan hamımız istifadə edirik, deməli hər birimiz rahat yollar üçün öz töhfəmizi verməliyik.
Yanacaq qiymətinə daxil edilən yol vergisi aşağıdakı üstünlükləri təmin edir:
Əksər Avropa ölkələrində yol vergisi yol infrastrukturunun qurulması, inkişafı ilə yanaşı, həm də ətraf mühitə vurulan zərəri qarşılamaq üçün istifadə olunur. Asiya ölkələrində isə, əsasən, məqsəd büdcə gəlirlərinin artırılmasıdır.
Ümumilikdə, müxtəlif ölkələrdə bu təyinatlı vergilər müxtəlif adlar altında tətbiq edilir, məsələn:
- nəqliyyat vergisi;
- yol vergisi;
- ekoloji vergi və sair.
Verginin tutulmasında əsas olaraq mühərrikin həcmi, atmosferə atılan karbon-dioksidin miqdarı, avtomobilin qiyməti və s. kimi meyarlardan istifadə edilir.
Yol vergisinin ölkələr üzrə bəzi xüsusiyyətləri
Çin Xalq Respublikasında yol vergisi minik avtomobillərinin mühərrikinin həcmindən asılı olaraq 7 – 682 AZN arasında dəyişir.
Sinqapurda yoldan istifadə edən hər bir avtomobil sahibi yol vergisini 6 aylı yaxud 1 illik formada ödəyə bilər. Yol vergisi mühərrik həcmindən, yanacağın növündən asılı olaraq dəyişir. Mühərrik həcmi 600 sm³-ə bərabər və ya ondan az olan avtomobillər üçün illik yol vergisi 246 AZN təşkil edir. Mühərrik həcmi 3000 sm³-dən az olan avtomobillər üçün isə illik yol vergisi 1870 AZN-ə bərabərdir.
Böyük Britaniyada nəqliyyat vasitəsindən ayrılan karbon-dioksidin həcmi 100 g/km olan nəqliyyat vasitələri illik heç bir vergi ödəmədiyi halda, karbon-dioksidin həcmi 255 g/km olan nəqliyyat vasitəsinin illik vergisi 490 funta bərabərdir.
İspaniyada yol vergisi aşağıdakı formada alınır:
- “Qeydiyyat vergisi” şəklində;
- “Mexaniki nəqliyyat vasitələrinin dövriyyəsi vergisi” kimi.
Bunlardan birincisi milli vergi sayılır. 0 (sıfır) və 14.75 faiz arasında dəyişən vergi dərəcəsinə nəqliyyat vasitəsinin buraxdığı karbon-dioksid birbaşa təsir göstərir. Digər vergi bələdiyyə vergilərinə aiddir, vergi dərəcəs regionlar üzrə dəyuişir. Hesablanma zamanı nəqliyyat vasitəsinin at gücü əsas götürülür.
Fransada vergilərin hesablanması zamanı avtomobilin alınma ili təsir göstərir.
- 2006-cı ilə qədər alınan avtomobillərdə mühərrikin at gücü;
- 2006-cı ildən sonrakı ildən alınanlara, onların buraxdığı karbon-dioksid əsas götürülür.
ABŞ-da tətbiq edilən vergilər üzrə dərəcələr ştatlar üzrə fərqlidir, aşağıdakı növləri var:
- mühərrikli nəqliyyat vergisi;
- qeydiyyat vergisi;
- nəqliyyat vasitəsindən istifadə vergisi;
- mühərrikli nəqliyyat vasitəsi satış vergisi;
- federal magistral yol vergisi.
Gürcüstanda yol vergisi əmlak vergisinin növüdür. Minik avtomobilinin mühərrikinin həcmi, ili üzrə hesablanır.
Azərbaycanda yol vergisi büdcənin formalaşmasında özünəməxsus yerə malik ayrıca vergi növüdür və Vergi Məclləsinin XV fəslində şərh olunub.