Avtonəqliyyat sahiblərindən yol vergisi tutulmaları
Bildiyimiz kimi, respublikamızın sərhədlərini keçən qeyri-rezident avtonəqliyyat sahibləri, həmçinin respublika ərazisində benzin, dizel yanacağı, maye qaz istehsalı ilə məşğul olan yaxud idxal edən şəxslər yol vergisi ödəyicisidir.
Digər ölkələrdə qeydiyyata alınmış avtomobillər Azərbaycana giriş edərkən, gömrük sərhəd buraxılış məntəqələri yaxud gömrük rəsmiləşdirilməsinin keçirildiyi yerlərdə gömrük qurumları onlardan yol vergisi tutur. Yol vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin 211.1.1-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcələri əsas götürülür və bir bank günündə büdcəyə ödənilir.
Əgər yol vergisinə cəlb olunma AR gömrük ərazisindən çıxarkən baş verərsə, gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları sözügedən vergini tutur, yuxarıda qeyd etdiyimiz qaydada bir bank günü müddətində büdcəyə ödəyir.
Ölkəni çıxarkən yenidən yol vergisinin tutulması o zaman ola bilər ki, vergi ödəyicisi daxil olarkən qeyd etdiyi müddətdən artıq müddətə ölkəmizdə qalmış olsun.
Nümunə 1: Nümunə 1: Türkiyə vətəndaşına məxsus oturacaq yerləri 45 olan avtobus ölkəyə girmiş və 25 günlük qalacağını bildirmişdir. Lakin Türkiyə vətəndaşına məxsus avtomobil ölkəmizdən çıxanda müəyyən edilmişdir ki, onun qalma müddəti 50 gün olmuşdur.
Vergini hesablayaq:
Türkiyə vətəndaşının bəyanatına görə Azərbaycanda qalacağı 25 gün üçün ölkə ərazisinə daxil olan zaman 175 ABŞ dolları məbləğində yol vergisini gömrük orqanları tutub, dövlət büdcəsinə ödəmişdirlər. Ancaq Azərbaycanı tərk edərkən ölkəmizdə faktiki qaldığı müddətin 50 gün olduğu müəyyən olunmuşdur. Respublika ərazisində əsasən artıq qalınmış günlər üçün 325 (500-175) ABŞ dolları yol vergisini gömrük işçiləri tutub (VM, maddə 211.1.1), bir bank günü ərzində dövlət büdcəsinə keçirir.
Ölkəmizdə avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını AR Daxili İşlər Nazirliyi aparır. DİN rüb bitəndən sonra növbəti ayın 20-sindən gec olmayaraq ölkədə yeni qeydiyyatdan keçmiş, həmçinin qeydiyyatı ləğv edilmiş (qeydiyyatdan çıxarılma) avtonəqliyyat vasitələri haqqında informasiyanı lazımi formada Dövlət Vergi Xidmətinə təqdim edir.
Yanacaq istehsalçıları üçün yol vergisi tutulmaları
Respublikamızda benzin (burada avtomobil üçün nəzərdə tutulur), maye qaz, dizel yanacağı istehsal edən şəxslər üzrə yol vergisinin hesablanma dövrü ay götürülür. Bəyannamə hesabat ayı bitdikdən sonra növbəti ayın 20-sindən gec olmayaraq vergi orqanına təqdim edilməli, hesablanmış vergi məbləği də həmin müddət ərzində büdcəyə ödənilməlidir.
Nümunə 2: “A” MMC dizel istehsalıyla məşğuldur. 2019-cu ilin yanvarında 250 ton dizel istehsal etmişdir. Həmin yanacağa görə müəssisə yol vergisini hesablamalı, hesabatı 20 fevral tarixini aşmamaqla vergi orqanına göndərməli, vergini ödəməlidir. Həmin hesabat bütövlükdə yanvar ayını əhatə edəcəkdir.
Sonda qeyd edək ki, neftdən alınmış məhsulların satışıyla bağlı fəaliyyət göstərən şəxslər məhsulun maya dəyərini hesablayarkən buraya həmin məhsulun hazırlanmasında istifadə etdikləri neft məhsulları üçün ödənilən yol vergisini daxil edirlər. Sözügedən məhsulları təqdim etdikləri hesabat dövrləri üzrə təqdim olunan malların miqdarına uyğun şəkildə, malın maya dəyərinə aid edərək gəlirdən çıxırlar. Həmin məbləğlər mənfəət vergisi bəyannaməsində “Xərclər” hissəsində göstərilir.