225 saylı “Pul vəsaitlərinin ekvivalentləri” hesabı: mühasibat uçotu, standartlar və tətbiqi nümunələr

posted in: Xəbər | 0

Pul vəsaitləri və onların ekvivalentləri üzrə uçotun əsasları

Pul vəsaitləri və onların ekvivalentləri müəssisənin maliyyə resurslarının ən likvid formasıdır. Mühasibat uçotunda pul vəsaitləri “dövriyyə vəsaitləri” kimi xarakterizə olunur və qısamüddətli aktivlər qrupuna aid edilir. Belə aktivlərin uçotu mühasibat uçotu subyektləri üçün hesablar planının 22-ci bölməsində aparılır. 225 saylı “Pul vəsaitlərinin ekvivalentləri” hesabı bu bölməyə aid olan hesablardan biridir. Digər hesablar aşağıdakılardır:

221-ci hesab: “Kassa”;

222-ci hesab: “Yolda olan pul köçürmələri”;

223-ci hesab: “Bank hesablaşma hesabları”;

224-ci hesab: “Tələblərə əsasən açılan digər bank hesabları”.

Pul vəsaitlərinin uçotu zamanı aşağıdakı prinsiplərə əməl edilir:

  • pul vəsaitləri nominal dəyərlə tanınır.
  • ən likvid aktiv kimi dərhal istifadəyə yararlıdır.
  • müəssisənin pul axınları və mövcudluğunun tam şəkildə əks etdirilməsi tələb olunur.

Bu vəsaitlər müəssisənin qısa müddətli öhdəliklərini yerinə yetirmək və cari fəaliyyətlərini həyata keçirməsi üçün əsas mənbə ayılır.

Məqalədə mühasibat uçotu subyektləri dedikdə, kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və publik hüquqi şəxslər nəzərdə tutulur. Azərbaycan Respublikasının Mərkəzi Bankı və illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında tərtib edən publik hüquqi şəxslər bu siyahıda istisna təşkil edir.

Pul vəsaitlərinin ekvivalentləri: anlayış və nümunələr

225 saylı “Pul vəsaitlərinin ekvivalentləri” hesabı üzrə uçota alınan aktivlər likvidliyi yüksək olan və 3 aydan az müddətə satıla bilən (nağd yaxud nağdsız vəsaitə çevrilə bilən) maliyyə alətləridir. Bu vəsaitlər riski az olan, dəyəri demək olar ki, dəyişməyən vəsaitlərə aiddir. Ekvivalentlərin məqsədi müəssisənin likvidliyini artırmaqla operativ öhdəlikləri yerinə yetirməkdir.

Azərbaycanda mühasibat uçotu qanunvericiliyi pul vəsaiti ekvivalentlərini aşağıdakı böyük qrupa ayırır:

  • limitləşdirilmiş çek kitabçaları;
  • pul sənədləri;
  • maliyyə qoyuluşları;
  • digərləri.

Pul sənədlərinə benzin, sürtgü yağı, qida məhsulları və sairə üçün ödənilmiş talonlar, istirahət evləri, sanatoriya, turist bazalarına ödənilmiş göndəriş vərəqələri, poçt köçürmələrinə, poçt markalarına, dövlət rüsumu markalarının alınmasına bildirişlər və digər sənədlər aiddir.

Maliyyə qoyuluşları dedikdə mühasibat uçotu subyektlərinin birja fəaliyyətindən əldə olunmuş vəsaitlər hesabına həyata keçirilən bank depozitlərindəki pul (investisiya) qoyuluşları, qiymətli kağızları, faizli istiqrazlar nəzərdə tutulur.

Pul vəsaitlərinin ekvivalentləri mühasibat uçotunda pul vəsaitləri ilə birlikdə təqdim olunur, lakin ayrıca tanınması və uçotu tələb olunur.

225 saylı “Pul vəsaitlərinin ekvivalentləri” hesabı üzrə uçotun tənzimlənməsi

Bu hesabda mühasibat uçotu subyektinin qısa ödəniş müddətinə malik olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin dəyişməsi kimi cüzi riskə məruz qalan yüksək likvidli qoyuluşlarının mövcudluğu və hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

225 saylı hesab pul vəsaitlərinin ekvivalentləri üçün ayrılmış xüsusi hesabdır və müəssisənin qısa müddətli, likvidliyi yüksək maliyyə aktivlərini izləmək üçün istifadə olunur. Bu hesabda uçota alınan aktivlər aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

  • əldə edilmə tarixi ilə son müddəti arasında 3 aydan çox vaxt olmamalıdır;
  • dəyişkənliyə məruz qalmayan sabit gəlirli maliyyə aləti olmalıdır;
  • ticarət məqsədilə deyil, likvidlik təminatı məqsədilə saxlanılmalıdır.

225 saylı “Pul vəsaitlərinin ekvivalentləri” hesab üzrə uçot AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın uyğun bəndləri əsasında aparılır:

  • pul vəsaitlərinin ekvivalentlərinin əldə edilməsi zamanı – 24.17-ci bənd;
  • pul vəsaitlərindən istifadə edildikdə – 24.18-ci bənd;
  • məzənnə fərqi üzrə əməliyyatlar – 24.19-cu bənd.

Pul vəsaitləri və onların ekvivalentlərinin uçotuna təsir edən əsas beynəlxalq uçot standartları bunlardır:

  • MUBS7 – “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” (IAS 7): Müəssisənin fəaliyyət, investisiya və maliyyələşmə fəaliyyətləri üzrə pul axınlarının və ekvivalentlərinin hesabatının hazırlanmasını və təqdim olunmasını tənzimləyir.
  • MUBS1 – Maliyyə hesabatlarının təqdim edilməsi (IAS 1): Pul vəsaitləri və onların ekvivalentlərinin maliyyə hesabatında hansı formada təqdim olunacağını müəyyən edir;
  • MHBS9- “Maliyyə alətləri” (IFRS 9): Maliyyə alətlərinin ilkin və sonrakı tanınma prinsipləri, o cümlədən risklərin və dəyərsizləşmənin uçotunu əhatə edir.

Bu standartlara əsasən, pul vəsaitlərinin ekvivalentləri yüksək likvidlikli, aşağı riskli maliyyə alətləri kimi qiymətləndirilir və ayrı-ayrı təsnif edilir.

Hesab üzrə müxabirləşmə nümunələri

225 saylı “Pul vəsaitlərinin ekvivalentləri” hesabı və beynəlxalq standartlar bu uçot sahəsini daha sistemli şəkildə tənzimləməyə imkan verir. Müvafiq əməliyyatların nümunələrlə izahı isə bu anlayışların praktik tətbiqini dəstəkləyir.

Nümunə . “ABC” MMC işçisi üçün 500 manat dəyərində sanatoriya göndərişi əldə edib və onun dəyərini satan müəssisənin bank hesabına ödəyib. Razılaşmaya əsasən bu məbləğ iki ay ərzində işçinin əməkhaqqından tutulacaq.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İşçi üçün sanatoriyaya göndəriş əldə edilir. 225: “Pul vəsaitlərinin ekvivalentləri” 538:” “Digər qısamüddətli kreditor borcları”” 500.00
2 Göndərişin dəyəri ödənilir 538:” “Digər qısamüddətli kreditor borcları” 223: “Bank hesablaşma hesabları” 500.00
3 Göndəriş işçiyə verilir 213: “Əsas idarə heyətinin qısamüddətli debitor borcları” 225: “Pul vəsaitlərinin ekvivalentləri” 500.00
4 Göndərişin dəyərinin birinci ay üçün işçinin əmək haqqından tutulur 533: “Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli borclar” 213: “Əsas idarə heyətinin qısamüddətli debitor borcları” 250.00
5 Göndərişin dəyərinin ikinci ay üçün işçinin əmək haqqından tutulur 533: “Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli borclar” 213: “Əsas idarə heyətinin qısamüddətli debitor borcları” 250.00

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

posted in: Xəbər | 0

Bu il dekabrın 1-nə Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1 905 398 olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 503 mindən çox artım müşahidə edilib.

O cümlədən, qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 493 949 vahid artıb və 1 033 871 olub.

Mənbə: report.az

Azərbaycan xaricdən əldə edilən dividend üzrə vergi dərəcəsini endirir

ƏDV məqsədləri üçün qeydiyyat hansı hallarda vacibdir?

posted in: Xəbər | 0

Son zamanlar müzakirə olunan məsələlərdən biri də 2026-cı ildən etibarən Vergi Məcəlləsinə nəzərdə tutulmuş əlavə və dəyişikliklərdir. Yeni qanunvericilik layihəsinə əsasən, ƏDV qeydiyyatı məqsədləri üçün vergi tutulan əməliyyatların həcminin limiti 200.000 manatdan 400.000 manata qaldırılacaq. 

Bu məsələyə birmənalı şəkildə yanaşmamağı tövsiyə edən iqtisadçı ekspert Anar Bayramov yeniliyin mühüm məqamlarını şərh edib.

Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər məcburi qaydada ƏDV ödəyicisi kimi fəaliyyət göstərməlidirlər. Nəzərdə tutulan dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 155.1-ci maddəsində yer alan vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.

Məsələn, elektrik mallarının pərakəndə satışı ilə məşğul olan vergi ödəyicisinin son 12 aylıq vergi tutulan əməliyyatlarının həcmi 250.000 manatdır. Lakin bu dövriyyənin 180.000 manat hissəsi POS-terminal vasitəsilə, 70.000 manat hissəsi isə nağd qaydada satışdan formalaşıb. Hazırda mövcud olan qanunvericiliyə əsasən, vergi ödəyicisi növbəti ayın 1-dən ƏDV ödəyicisi kimi uçota alınmaq üçün ərizə təqdim etməlidir. Lakin təklif edilən dəyişiklik qüvvəyə minərsə, o zaman vergi ödəyicisinin 180.000 manat hissəsi 90.000 manat kimi götürüləcək:

180.000 x 0,5 = 90.000 manat.

Nəticədə vergi ödəyicisinin dövriyyəsi 160.000 manat kimi nəzərə alınacaq. Belə olan təqdirdə vergi ödəyicisinin dövriyyəsi 250.000 manat olsa da fəaliyyətini ƏDV ödəyicisi olmadan davam etdirə biləcək.

İctimaiyyətdə müzakirə edilən 400.000 manat limiti o zaman mümkün olur ki, pərakəndə satışdan və ya əhaliyə xidmətdən formalaşan dövriyyənin hamısı POS-terminal vasitəsilə olsun. O zaman 400.000 manat dövriyyə 0,5 əmsal ilə 200.000 manat kimi nəzərə alınacaq və ancaq o halda limitin 400.000 manata qaldırılması öz təsdiqini tapmış olur. Əks təqdirdə, əgər vergi ödəyicisinin pərakəndə satışdan 300.000 manat dövriyyəsi varsa, bu dövriyyənin 180.000 manatı POS-terminal vasitəsilə satışdan, 120.000 manatlıq hissəsi isə nağd satışdan formalaşıbsa, o zaman ƏDV qeydiyyatına alınmaq məqsədləri üçün vergi ödəyicisinin dövriyyəsi 90.000 manat (180.000 x 0,5) + 120.000 manat olmaqla cəmi 210.000 manat kimi nəzərə alınacaq. Bu da vergi ödəyicisinin növbəti ayın 1-dən məcburi qaydada ƏDV qeydiyyatına alınması üçün öhdəlik yaradır.

Göründüyü kimi, ƏDV qeydiyyatı üçün tələb edilən 200.000 manat limitlə bağlı hər hansı bir artım, dəyişiklik yoxdur. Bu limit olduğu kimi növbəti ildə də davam edəcək. Diqqət etmək lazımdır ki, bu norma ancaq POS-terminalla aparılan dövriyyələrə aiddir. Nağd qaydada satışdan formalaşan dövriyyələrə tətbiq edilməyəcək. Habelə bu dəyişiklik ancaq pərakəndə ticarət üzrə satışdan formalaşan və əhaliyə göstərilən xidmətdən formalaşan dövriyyələrə tətbiq ediləcək.

Bəs növbəti ildən Vergi Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliyə əsasən ƏDV qeydiyyatının limiti məqsədləri üçün əsas olan POS-terminal vasitəsilə edilən dövriyyənin 2025-ci ilə aid hissəsi nəzərə alınacaqmı?

Tutaq ki, pərakəndə ticarətlə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin 2026-cı ilin iyul ayında son 12 aylıq vergi tutulan dövriyyəsi 230.000 manat olub. Bu satışın 160.000 manatlıq hissəsi POS-terminal vasitəsilə, 70.000 manat hissəsi isə nağd qaydada ödəniş vasitəsilə edilib.

Yuxarıda qeyd etdiyimiz kimi, 01.01.2026-cı il tarixdən Vergi Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliyə əsasən, POS-terminal vasitəsilə edilən dövriyyə 0,5 əmsal ilə nəzərə alınacaq. Yəni, 160.000 manat POS-terminal vasitəsilə edilən dövriyyə 0,5 əmsal ilə 80.000 manat kimi nəzərə alınacaq. 70.000 manat da nağd dövriyyəni nəzərə alsaq, ümumi dövriyyə 150.000 manat kimi nəzərə alınacaq. Beləliklə, son 12 aylıq dövriyyənin 230.000 manat olmasına baxmayaraq, gözlənilən dəyişikliyə əsasən, vergi ödəyicisi hesab edə bilər ki, bu dövriyyə 150.000 manat kimi nəzərə alındığından vergi ödəyicisi məcburi qaydada ƏDV qeydiyyatına alınmayacaq. Lakin burada bir məqama diqqət eləmək lazımdır. Belə ki, POS-terminal vasitəsilə edilən 160.000 manat dövriyyənin 120.000 manat hissəsi 2025-ci ildə, 40.000 manat hissəsi isə 2026-cı ildə formalaşıb. Nəticədə ancaq 2026-cı ildə POS-terminal vasitəsilə formalaşmış dövriyyə 0,5 əmsal ilə nəzərə alınacaq, 2025-ci ildə POS-terminal vasitəsilə formalaşan dövriyyə isə tam olaraq nəzərə alınacaq. Nəticədə vergi ödəyicisinin ƏDV qeydiyyatına alınmaq məqsədləri ilə dövriyyəsi 70.000 manat nağd satışlar, 120.000 manat 2025-ci ildə POS-terminal vasitəsilə formalaşan satış dövriyyəsi və 20.000 manat 0,5 əmsal ilə 2026-cı ildə formalaşan POS-terminal dövriyyəsi olmaqla ümumilikdə 210.000 manat kimi nəzərə alınacaq. Bu vergi tutulan dövriyyəyə əsasən, vergi ödəyicisi 2026-cı ilin avqust ayından məcburi qaydada ƏDV qeydiyyatı üçün ərizə verərək qeydiyyata alınmalıdır.

Mənbə: vergiler.az

Azərbaycan xaricdən əldə edilən dividend üzrə vergi dərəcəsini endirir

Azərbaycan xaricdən əldə edilən dividend üzrə vergi dərəcəsini endirir

posted in: Xəbər | 0

Azərbaycanda fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirləri üzrə vergi dərəcəsi 5 %-ə endirilə bilər.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Xatırladaq ki, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi hazırda Milli Məclisdə müzakirə olunur. Dəyişikliklərin əsas hədəfi sahibkarlığın təşviqi, vergi yükünün optimallaşdırılması və “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsidir.

Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, rezident fiziki şəxslər xaricdən əldə etdikləri qeyri-sahibkarlıq gəlirlərini 14 % vergi dərəcəsi ilə bəyan edib ödəməlidirlər. Növbəti ildən həmin vergi dərəcəsinin 5 %-ə endirilməsi təklif olunur.

Dəyişiklik, bir tərəfdən, xaricdən əldə edilən gəlirlərin könüllü şəkildə bəyan olunmasını təşviq edəcək, digər tərəfdən isə vergi bazasının əhatə dairəsinin genişlənməsinə xidmət göstərəcək. Bununla yanaşı, xaricdəki maliyyə vəsaitlərinin və investisiyaların ölkəyə axınını təşviqi üçün əlavə stimullar formalaşacaq, daha aşağı vergi yükü kapitalın ölkəyə qaytarılmasını iqtisadi cəhətdən daha səmərəli edəcək.

Mənbə: report.az

Dövlət, kommersiya və vergi sirrini yayan işçilər tam maddi məsuliyyət daşıyacaq

1 105 106 107 108 109 110 111 2. 700