Azərbaycanda bank hesablarının məsafədən açılmasına başlanılır

posted in: Xəbər | 0

Azərbaycanda bank hesablarının məsafədən açılmasına başlanılır

vakansiyaMaliyyə Bazarlarına Nəzarət Palatası (Palata) “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində növbəti uğura imza atıb.
Bu barədə Palatanın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, Strateji Yol Xəritəsində nəzərdə tutulan bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfinin icrası çərçivəsində məsafədən bank hesablarının açılması proseduru müəyyən edilib. Palatanın “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nı təsdiq etməsi nəticəsində müəyyən edilən bu prosedur bank sistemində rəqəmsallaşma sahəsində innovativ həllərin daha geniş formada tətbiq edilməsinə, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsinə müsbət təsir göstərəcəkdir. Yeni prosedura əsasən rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər bank hesablarının məsafədən açılması imkanı əldə edir. Bank hesablarının məsafədən açılması zamanı açılacaq hesabın növündən və bu hesab üzərindən həyata keçiriləcək ödəniş əməliyyatlarının məbləğindən asılı olaraq müxtəlif yanaşmalar müəyyən edilmişdir. Məsafədən bank hesabları gücləndirilmiş elektron imza, video görüntü, müvafiq informasiya resursunda autentifikasiya kimi üsullardan istifadə edilməklə açıla bilər.
Bununla əlaqədar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, bank ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bank hesablarının məsafədən açılması prosedurunun təqdimatı keçirilib. Bu proses, atılacaq addımlar və nəzərə alınacaq məsələlər müzakirə edilib, suallar cavablandırılıb və bu sahədə yeni həllərin tətbiqinə toxunulub.
Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək kitabçası ilə bağlı Qərarda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

Əmək kitabçası ilə bağlı Qərarda kiçik dəyişiklik edilib

Əmək kitabçasıAzərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli 186 nömrəli, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli, “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” 2001-ci il 4 yanvar tarixli 4 nömrəli, “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 24 may tarixli 84 nömrəli və “Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 may tarixli 85 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2a bəndinin ikinci və üçüncü abzaslarına ismin müvafiq hallarında “yerli orqanları” sözlərindən sonra ismin müvafiq hallarında “və ya “DOST” mərkəzləri” sözləri əlavə edilsin.
  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596; 2000, № 10, maddə 764; 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2005, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853; 2009, № 10, maddə 857; 2010, № 3, maddələr 263, 264, № 8, maddə 763, № 12, maddə 1123; 2011, № 5, maddə 449, № 7, maddə 742; 2012, № 2, maddə 180, № 7, maddə 773; 2014, № 4, maddə 459; 2016, № 7, maddə 1343, № 11, maddə 1973; 2017, № 4, maddə 610, № 5, maddə 995, № 9, maddə 1728, № 10, maddə 1913, № 12 (II kitab), maddə 2548; 2018, № 6, maddə 1348, № 9, maddə 1903, № 11, maddə 2458, № 12 (II kitab), maddə 2736; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 aprel tarixli 190 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 99-cu hissəyə hər iki halda və 123-cü hissənin ikinci abzasına ismin müvafiq hallarında “şəhər (rayon) şöbələri” sözlərindən sonra ismin müvafiq hallarında “və ya “DOST” mərkəzləri” sözləri əlavə edilsin;

2.2. 117-ci hissənin dördüncü abzasının üçüncü cümləsinə “şəhər (rayon) şöbəsinə” sözlərindən sonra “və ya “DOST” mərkəzinə” sözləri əlavə edilsin;

2.3. 114-1-ci hissə üzrə:

2.3.1. birinci abzasa “şəhər (rayon) şöbəsinə” sözlərindən sonra “və ya “DOST” mərkəzinə” sözləri əlavə edilsin;

2.3.2. altıncı və yeddinci abzaslara “şəhər (rayon) şöbələrinə” sözlərindən sonra “və ya “DOST” mərkəzlərinə” sözləri əlavə edilsin;

2.4. 114-2-ci hissənin səkkizinci abzasına “şəhər (rayon) şöbəsinə” sözlərindən sonra “və ya “DOST” mərkəzinə” sözləri əlavə edilsin;

2.5. 1, 2, 3, 4 və 5 nömrəli əlavələrə “şəhər, rayon şöbələrinə” sözlərindən sonra “və ya “DOST” mərkəzlərinə” sözləri əlavə edilsin.

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 53; 2002, № 10, maddə 635; 2003, № 6, maddə 342; 2008, № 8, maddə 787; 2010, № 3, maddə 264, № 6, maddə 569; 2013, № 10, maddə 1200; 2016, № 9, maddə 1585, № 11, maddə 1976; 2019, № 3, maddə 513) ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.4-cü bəndinin dördüncü abzasına, 1.5-ci bəndinin üçüncü abzasına və 1.9-1.11-ci bəndlərinin ikinci abzaslarına “şəhər, rayon şöbəsinin” sözlərindən sonra “və ya “DOST” mərkəzinin” sözləri əlavə edilsin.
  2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 321; 2008, № 2, maddə 130; 2011, № 2, maddə 157, № 5, maddə 449; 2017, № 12 (II kitab), maddə 2550; 2018, № 10, maddə 2164; 2019, № 3, maddələr 513, 530) ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə “(bundan sonra – məşğulluq mərkəzləri)” sözləri “və “DOST” mərkəzləri (bundan sonra – mərkəzlər)” sözləri ilə əvəz edilsin;

4.2. 2.2-ci bəndin birinci abzasında, 2.5-ci bəndin birinci cümləsində və 2.8-ci bənddə ismin müvafiq hallarında “məşğulluq mərkəzləri” sözləri ismin müvafiq hallarında “mərkəzlər” sözü ilə əvəz edilsin;

4.3. 2.3-cü bənd üzrə:

4.3.1. birinci abzasda “məşğulluq mərkəzləri” sözləri “mərkəzlər” sözü ilə əvəz edilsin;

4.3.2. ikinci abzasda “məşğulluq mərkəzi” sözləri “mərkəz” sözü ilə əvəz edilsin.

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 85 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 322; 2018, № 10, maddə 2173) ilə təsdiq edilmiş “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinə “yerli orqanları” sözlərindən sonra “və “DOST” mərkəzləri” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri                    Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmək kitabçası emek kitabcasi

İşçilərin məzuniyyət hüquqlarına dair məlumatlandırma tədbiri keçirilib

posted in: Xəbər | 0

uşaq pulu uşaqpuluƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair 2019-cu il üçün Tədbirlər Planına əsasən Yevlax rayonunda “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda növbəti tədbir keçirib.

Bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin ayrıca bir bölməsi istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarına həsr olunub. İşəgötürənlərin əsas vəzifələrindən biri – işçilərin bu hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələblərini yerinə yetirməkdir.

Tədbirdə işçilər üçün nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüququ barədə məlumat verilib. Hər bir işçinin vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malik olduğu diqqətə çatdırılıb.

İşçilərə məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması qaydalarından bəhs olunub. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları, məzuniyyətin növləri, əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydaları, uşaqlı qadınların əlavə məzuniyyətləri barədə iştirakçılara ətraflı məlumatlar verilib.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, verilən suallar cavablandırılıb. İştirakçılara istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları ilə əlaqədar maarifləndirici bukletlər paylanılıb.
Mənbə: sosial.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mezuniyyet 

Elektron kassalarla bağlı bilməli olduqlarımız

posted in: Xəbər | 0

Elektron kassalar ilə bağlı bilməli olduqlarımız.

Ölkəmizdə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir. Bu müasir avadanlıq pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd qaydada aparılan bütün kassa əməliyyatları barədə məlumat ötürə bilir. Məlumatlar Vergilər Nazirliyinin elektron informasiya bazasına daxil olur. Yeni nəsil nəzarət-kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq. Bununla yanaşı, yeni sistemin tətbiqi ilə müştərilər (yəni istehlakçılar) kassa çekinin üzərində qeyd edilən QR kod (və unikal identifikator) vasitəsilə həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya bilər.

Yeni nəsil kassa aparatları ilə bağlı ətraflı məlumatı yeni istifadəyə verilmiş www.e-kassa.gov.az saytından əldə etmək mümkündür. Bu sayt istifadəçilərə onlayn kassalar barədə yaranan suallara cavab tapmaqda kömək edir. Saytda yeni nəsil kassalar haqqında qanunvericilik, e-kassa haqqında, e-kassa istifadəçiləri üçün, e-kassa operatorları üçün ayrıca bölmələr xidmət göstərir. Beləliklə, e-kassalarla bağlı vacib olan 6 əsas məqamı təqdim edirik:

E-kassa nədir?

E-kassa nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni nəsil proqram-aparat kompleksidir. Onun vasitəsilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Vergilər Nazirliyinin informasiya sistemləri bazasına onlayn ötürülməsi (köçürülməsi) təmin edilir. E-kassa pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir.

E-kassanın üstünlükləri

E-kassanın köhnə nəsil kassa aparatları ilə müqayisədə bir çox üstünlükləri vardır. Mövcud olan əsas üstünlüklər məlumatların onlayn ötürülməsi, kriptoqrafiq prosedurlardan istifadə edilməsi, yeni çek formalarının tətbiq olunması və aparılmış əməliyyatlar üzrə təhlil imkanlarının yaradılmasıdır.

Məlumatların onlayn ötürülməsi: E-kassa vasitəsilə aparılan əməliyyatlar (malların təqdim olunması, xidmətlərin göstərilməsi) zamanı həyata keçirilən hesablaşmalar barədə məlumatlar Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür. E-kassa tərəfindən fiskal məlumatları özündə birləşdirərək kriptoqrafik mühafizə vasitəsilə formalaşdırılan və üzərində unikal identifikator (fiskal İD) qeyd edilən çek Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür.

Kriptoqrafiyanın tətbiqi: Kriptoqrafiya məlumatların çevrilməsinin müəyyən üsuludur. Kriptoqrafik alqoritmlərdən kassa əməliyyatlarının aparılması və məlumatların Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi zamanı istifadə edilir. Qeyd olunan kriptoqrafik prosedurlar kassa əməliyyatları zamanı formalaşdırılan çeklərin tamlığına və autentikasiyasına nəzarət məqsədilə istifadə edilir.

Yeni çek formalarının tətbiqi: Yeni çek formalarının əsas üstünlüklərindən biri üzərində qeyd edilən QR kodudur (və unikal identifikator (fiskal İD)). Onun vasitəsilə müştərilər, yəni istehlakçılar həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya bilir.

Təhlil imkanları: Vergi ödəyicisinə gündəlik dövriyyəsi, əməliyyatlarının həcmi barədə məlumatları şəxsi kabineti vasitəsilə məsafədən ala bilməsi üçün imkanların yaradılması nəzərdə tutulur. Bununla yanaşı, vergi orqanı ödəyicilərin məlumatları ilə tanış olmaq imkanı əldə edəcək. Belə ki, məsafədən təhlil imkanları nəticəsində vergi ödəyicilərinin kassa intizamına əməl edib-etmədiyinə dair qənaətə gəlmək mümkün olacaq.

E-kassadan istifadə kimlər üçün mütləqdir?

Aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları müəyyən edilmiş meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulan e-kassa vasitəsilə həyata keçirilməlidir:

  • qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
  • kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
  • səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
  • qiymətli kağızların və lotereya biletlərinin satışı;
  • elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti.

E-kassanı necə əldə etmək olar?

Pul hesablaşmalarını e-kassa ilə həyata keçirməli olan vergi ödəyicisi qeydiyyatdan keçmiş e-kassa operatoruna müvafiq sənədlər təqdim etməklə müraciət etməlidir. Vergi ödəyicisinin sənədləri e-kassa operatoru tərəfindən yoxlanıldıqdan sonra tərəflər arasında müqavilə imzalanır və bu müqavilənin əsasında e-kassanın uçota alınması üçün e-kassa operatoru tərəfindən qanunvericilikdə müəyyən edilmiş prosedurlar həyata keçirilir.

Kimlər e-kassa operatoru ola bilər?

Qanunvericilikdə nəzərdə tutulmuş bütün tələblərə cavab verən hüquqi şəxs e-kassa operatoru ola bilər. Bunun üçün o, qanunvericiliyə uyğun qaydada portal üzərindən ərizə ilə Vergilər Nazirliyinə müraciət edərək qeydiyyatdan keçməli və əldə etdiyi e-kassanın dövlət reyestrinə daxil olunmasını təmin etməlidir.

E-kassa operatorunun əsas vəzifələri

Azərbaycan Respublikası ərazisində e-kassa operatoru kimi qeydiyyata alınmış hüquqi şəxs aşağıdakı əsas funksiyaları yerinə yetirir:

  • e-kassanın uçota alınması;
  • e-kassanın quraşdırılması;
  • e-kassaya texniki dəstək göstərilməsi;
  • e-kassanın təmiri və əvvəlki e-kassanın yenidən istismara verildiyi ana qədər müvəqqəti e-kassanın istifadə üçün təqdim olunması;
  • e-kassanın uçotdan çıxarılması.

İstifadəçilər üçün e-kassaya dair broşür və video-təlimatların saytda yerləşdirilməsi nəzərdə tutulub. E-kassaların tətbiqi ilə bağlı məlumat almaq istəyən şəxslər e-kassadan istifadə və digər məsələlərlə bağlı istənilən suala sayta daxil olmaqla cavab tapa bilərlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
elektron kassalar  elektron kassalar elektron kassalar