Read More9
Read More9

Video: “Mənfəət vergisi və bəyannamə tərtibatında problemlərin həlli”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Mənfəət vergisi və bəyannamə tərtibatında problemlərin həlli” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

Vebinarın təqdimatçısı Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi müqavilələri”, “Vergi auditi”,  “Rəqəmsal iqtisadiyyat və vergiqoyma”, “Vergiqoymanın prinsipləri” fənlərini tədris edir. Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi olaraq fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə ekspertdir.

Azercell şirkətində Vergi hesabatları bölümünün rəhbəridir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupunun üzvüdür.

SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışmışdır. Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəffəqiyyətlə vermişdir. “CİMA və ACCA” üzrə “Diplom Performance Management” və “DİPİFR” beynəlxalq diplomların, həmçinin Daxili audit Sertifikatının sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Peşəkar Mühasib Sertifikatı imtahanına hazırlıq kursları

Mühasibat kursları

Vergi kursları

Mühasiblər üçün Excel kursları

Əlaqə:

 

Hüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar

posted in: Xəbər | 0

Hüquqi şəxsin yenidən təşkili prosesi ilə bağlı məlumat almaq istəyirəm. Hüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması və təsisçi, direktor dəyişikliyi edildikdə bunu rəsmiləşdirmək üçün hansı sənədlər tələb olunur? Bununla bağlı zəruri prosedurlar necə həyata keçirilməlidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim olunmalıdır. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir.

Qeyd edək ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim edilməsi (satılması) anlamını verir.

Vergi Məcəlləsinin 96.5-ci və 104.6-cı maddələrinə əsasən, şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim olunduqda faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim olunması zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Təsisçi fiziki şəxs olduqda, Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq, 14 faiz, hüquqi şəxs olduqda isə həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, 20 faiz dərəcə ilə vergiyə cəlb edilir. Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsində qeyd olunan vergi güzəştlərinə əsasən, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir və mənfəət vergisindən azaddır.

Mülki Məcəllənin 55-ci maddəsinin müddəalarına əsasən, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən, qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir.

Mülki Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə, yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən, cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir. Mülki Məcəllənin 93.3-cü maddəsinə əsasən, cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq digər iştirakçılara təklif etməlidir. Əgər iştirakçılar xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər.

Yenidən təşkil edilmiş hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün təqdim edilməli sənədlər ilə bağlı “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” faylını yükləməklə (1.1.3. bənd) məlumat ala, aydın olmayan məqamlar barədə Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 102.1.27-ci, 104.6-cı, 106.1.19-cu maddələri və “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri

Mənbə: vergiler.az

Kimlərə maaşdan əlavə birdəfəlik və aylıq kompensasiya ödəniləcək?

Doğru yolda yeni karyera imkanları: Birbank-ın “PO Growth” proqramına start verildi

posted in: Xəbər | 0

Birbank-ın gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirdiyi “PO Growth” proqramına start verildi. Proqram məhsul sahibliyi sahəsində karyera qurmaq istəyənlərə nəzəri biliklərlə yanaşı praktiki təcrübə qazanmaq imkanı da yaradacaq.

“PO Growth” proqramına ümumilikdə 493 namizəd müraciət edib və yalnız 33 nəfər bütün seçim mərhələlərini uğurla keçərək iştirakçı olmaq şansı qazanıb. Proqramın əsas özəlliklərindən biri təlimin 5 moduldan ibarət olması və hər modulu fərqli ekspertlərin aparmasıdır. Bu ekspertlər arasında ofis liderləri, məhsul sahibləri, ekspert mərkəzi liderləri və “Agile” metodologiya üzrə yerli mütəxəssislər yer alıb. Ümumilikdə 28 təlimçi iştirakçıların bilik və bacarıqlarının inkişafına töhfə verəcək.

Təlimlər məhsulun ideya mərhələsindən başlayaraq, onun müştəriyə çatdırılması və sonrakı analiz mərhələsinə qədər bütün prosesi əhatə edəcək. Bu zaman həm texniki biliklərə, həm də yumşaq bacarıqların formalaşdırılmasına xüsusi diqqət ayrılacaq. Proqram “Agile” metodologiya prinsipləri əsasında təşkil olunub ki, bu da iştirakçılara real iş mühitinə daha sürətli adaptasiya olmaq vərdişləri qazandıracaq.

Qeyd edək ki, Birbank ölkənin ilk banklarından biridir ki, 2018-2020-ci illərdən etibarən “Agile” metodologiyanı öz iş proseslərinə tətbiq etməyə başlayıb. Bu yanaşma sayəsində bankın məhsul inkişafı prosesi daha səmərəli və müştəriyönümlü şəkildə qurulub. Məhz bu təcrübə əsasında yaradılan “PO Growth” proqramı gələcək məhsul sahiblərinin çevik düşüncə tərzində yetişdirilməsini hədəfləyir.

Proqramın açılış mərasimində çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova proqramın əhəmiyyətini vurğulayaraq bildirib: “Birbank olaraq, biz rəqəmsal məhsul idarəetməsi sahəsində əldə etdiyimiz bilik və təcrübəni yeni nəslə ötürməyi, onların inkişafına dəstək verməyi özümüz üçün böyük məsuliyyət və eyni zamanda qürur hesab edirik. İnanırıq ki, “PO Growth” proqramı gənclər üçün həm peşəkar karyera, həm də şəxsi inkişaf baxımından yeni imkanlar yaradacaq. Bu yolda sizə uğurlar arzu edir və gələcək uğurlarınızı səbirsizliklə gözləyirik”.

Birbank-ın həyata keçirdiyi “PO Growth” proqramı, həm bank sektorunda karyera qurmaq istəyənlər, həm də məhsul idarəçiliyi sahəsində peşəkar biliklərini artırmaq arzusunda olanlar üçün dəyərli platforma olacaq. Proqram 4 ay davam edəcək və iştirakçılar bu müddət ərzində intensiv təlimlər və real iş mühiti ilə tanış olacaqlar. Bu, Birbank-ın ölkədə insan kapitalının inkişafı və çevik idarəetmə mədəniyyətinin yayılması istiqamətindəki səylərinin növbəti uğurlu addımıdır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Vergi Məcəlləsində fiziki şəxslərin gəlir vergisi ilə bağlı hansı dəyişikliklər edilib?

İşçilərin yemək xərclərinin rəsmiləşdirilməsi ilə bağlı vacib məqamlar

posted in: Xəbər | 0

2024-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri də işçilərin mənzil və yemək xərclərinin gəlirdən çıxılması normaları ilə bağlı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 noyabr 2024-cü il tarixli Qərarı ilə “Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və qaydası” təsdiq edilib. Bəs hansı hallarda bu ödənişlər işçinin vergi tutulan gəlirlərinə aid edilir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsinin rəis müavini Əvəz Quliyev “Vergi və Mühasibatlıq Zirvəsi 2025″in “Vergilər: Menecment və Vizyon” panelində həmin məqamlara aydınlıq gətirib və işçilərin yemək xərclərinin rəsmiləşdirilməsi ilə bağlı vacib məqamlara toxunub.

Onun sözlərinə görə, işçilərin yemək xərcləri ilə bağlı müvafiq normalar, 2024-cü ilin noyabr ayında təsdiq edilməsinə baxmayaq, 2024-cü il ərzində vergi ödəyicilərinin sözügedən qərarla müəyyən olunmuş qaydada çəkdiyi yemək xərclərinə tətbiq olunur: “İşçilərin yemək xərclərinin çəkilməsi ilə bağlı 3 formada norma müəyyən olunub – yemək xərcinin əvəzi birbaşa işçinin özünə ödənildikdə, yeməyin hazırlanması işəgötürənin özü tərəfindən təmin edildikdə, iaşə xidməti ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda.

Yemək xərcinin əvəzi birbaşa işçinin özünə nağdsız ödənildiyi halda işçiyə norma daxilində ödənilən yemək xərcinin əvəzi, Vergi Məcəlləsinin 98.5-ci maddəsinə əsasən, işçinin vergitutulan gəlirlərinə aid edilmir və həmin gəlirlər gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur.

İşçiyə normadan artıq ödənilən yemək xərcinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergi tutulan gəlirlərinə daxil edilir. Bu zaman həmin hissə gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

Bununla yanaşı, işçilərin yeməklə təmin olunması işəgötürənin özü tərəfindən həyata keçirilməklə və ya iaşə xidməti göstərən şəxslərlə bağlanan müqavilə əsasında təmin edildikdə çəkilən yemək xərcləri norma daxilində işəgötürən şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bu zaman çəkilən xərclər qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduqda, yəni dolayısı ilə işçi maddi formada bundan faydalanırsa, bu xərclərin norma daxilində və ya normadan artıq olmasından asılı olmayaraq, işçinin vergi tutulan gəliri formalaşmır”.

Ə.Quliyev vurğulayıb ki, ümumilikdə, norma daxilində və ya normadan artıq çəkilən yemək xərcləri əməkhaqqının tərkibinə daxil edilməyən sosial xarakterli xərclər olduğundan, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına cəlb olunmur.

O, həmçinin, əlavə edib ki, işçiyə yemək xərci ilə bağlı nağdsız ödəniş həyata keçirilirsə, ödənişin təyinatında bu ödənişlərin yemək xərci ilə bağlı olması qeyd olunmalıdır. İşçinin yemək xərcləri 3-cü şəxsə ödənilirsə və ya yeməyin hazırlanması işəgötürənlərin özləri tərəfindən təmin edilirsə, aparılan əməliyyat Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada, o cümlədən elektron qaimə-faktura ilə rəsmiləşdirilir. Bu zaman ictimai iaşə fəaliyyəti göstərən şəxs tərəfindən təqdim edilmiş elektron qaimə-fakturanın qeyd hissəsində ödənişin vergi ödəyicisinin işçilərinin yemək xərci ilə bağlı olması qeyd edilməlidir.

Mənbə: vergiler.az

Kimlərə maaşdan əlavə birdəfəlik və aylıq kompensasiya ödəniləcək?

1 205 206 207 208 209 210 211 2. 681
error: Content is protected !!