Read More9
Read More9

Fermer təsərrüfatı işçilərinin vergi və sosial ödənişləri necə hesablanır?

posted in: Xəbər | 0

Mən fermer təsərrüfatı yaratmaq istəyirəm və 3 nəfər işci çalışdırmağı nəzərdə tuturam. Bilmək istəyirəm ki, işçilər üçün minumum əməkhaqqıdan nə qədər vergi ödəməliyəm?

Suala İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən aydınlıq gətirilib. Sorğunun muzdlu işlə əlaqədar əldə edilən gəlirdən ödənilən gəlir vergisinə aid edildiyi nəzərə alınaraq bildirilib ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericilikdə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda vergi 0 faiz, 8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. İşəgötürən tərəfindən isə işçinin sığorta haqqına cəlb edilən aylıq gəlirinin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən isə 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır.

Həmçinin, sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqısının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanaraq ödənilməldir. İşçinin əməkhaqqısının 8.000 manata qədər olan hissəsindən 2%, 8.000 manatdan yuxarı olan hissəsindən 0.5 faizi həcmində icbari tibbi sığorta haqqı tutulması müəyyən edilib.

Vergi ödəyiciləri aşağıdakı link vasitəsilə əməkhaqqıdan tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əməkhaqqıdan tutulan vergi və digər tutulmalar haqda ətraflı məlumat əldə edə bilərlər:
https://www.taxes.gov.az/az/page/emek-haqqindan-tutulmalarin-hesablanmasi

Əsas: Vergi Məcəlləsinin 101-ci maddəsi; “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlar.

Mənbə: vergiler.az

İşçilər aylıq haqq-hesab sənədlərini necə və haradan əldə edə bilirlər?

İşçilər aylıq haqq-hesab sənədlərini necə və haradan əldə edə bilirlər?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 173-cü maddəsinin 3-cü bəndinə əsasən, işçilərin haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əməkhaqqı verilərkən işçiyə təqdim edilir. Bəs həmin məlumatlar işçilərə hansı formada çatdırılmalıdır? İşəgötürən məlumatları göndərmək üçün ƏMAS-da mühasibə icazə verməlidir, yoxsa mühasib özü birbaşa göndərməlidir?

Suallara aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etdik. İnsan resursları üzrə mütəxəssis Kəmalə Yusifova bildirib ki, Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən, hər ay müəyyən edilmiş əməkhaqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər: “Hər dəfə əməkhaqqı verilərkən kompüter yaddaşında saxlanılan bu hesablamalar işçiyə təqdim edilir. İşəgötürən əməkhaqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir”.

K. Yusifova əlavə edib ki, işçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) Əmək Məcəlləsinin tələbi ilə aşağıdakı məlumatlar göstərilməlidir:

  1. Hesablanmış əməkhaqqının ümumi məbləği;
  2. Əməkhaqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;
  3. Əməkhaqqından tutulan məbləğlər – tutulmanın adı, növü, səbəbi və məbləği;
  4. Faktik ödənilən məbləğ;
  5. Tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.

Mütəxəssis qeyd edib ki, işçilərin haqq-hesab sənədləri onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əməkhaqqı verilərkən işçiyə təqdim edilir. İşçilərə hesablama vərəqəsinin onların tələbi ilə verilməməsi əmək qanunvericiliyinin pozuntusu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində göstərilib ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə – vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Məsələyə Dövlət Əmək Müfəttişliyi Xidməti də münasibət bildirib. Xidmətdən verilən açıqlamaya görə, hər dəfə əməkhaqqı verilərkən işçinin tələbi ilə o, kompüterin yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir.

Xidmətdən onu da açıqlayıblar ki, əmək müqaviləsi elektron sənəd formasında bağlanıldıqda bu maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təmin edilir: “ƏMAS-da “İstifadəçi səlahiyyətləri” bölməsi mövcuddur. Həmin bölmə vasitəsilə işəgötürən tərəfindən istifadəçi səlahiyyətlərinin verilməsi altbölməsi ilə səlahiyyətlərin ötürülməsi mümkündür. ƏMAS-a əlavə edilən yeni funksionallıqlar yalnız möhür səlahiyyətli işəgötürənlərin imzasına verilir. Digər şəxslərin istifadəsi işəgötürənin verdiyi icazə əsasında mümkündür”.

Mənbə: vergiler.az

İşçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları təsdiqlənib

Kapital Bank-da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank gənclərin, xüsusən də tələbələrin yeni təcrübələr qazanmasına və şəxsi inkişafına dəstək olmağa davam edir. Bu dəfə bank daxilində dörd ali məktəbin tələbələri üçün xüsusi təlimlər təşkil edilib. Gənclərin maliyyə və müştəri təcrübəsi sahələrində biliklərinin artırılması məqsədi ilə həyata keçirilən layihə ötən həftə baş tutub.

İlk olaraq Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan ekskursiyada ali məktəbin tələbələri bankın maliyyə şöbələri ilə tanış olublar. Təlim hissəsində tələbələr maliyyə uçotu, daxili mühasibatlıq, maliyyə təhlili və idarəetmə, maddi motivasiya, requlyativ hesabatlıq sahələrində tətbiq edilən ən son yeniliklərlə tanış olub, onları maraqlandıran suallara cavab alıblar.

“CX day” adlı növbəti layihə isə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri üçün təşkil edilib. Tədbir çərçivəsində bankın ekspertləri müştəri təcrübəsinin analizi və öyrənilməsi, məhsulun yaradılması və inkişafında müştəri təcrübəsinin rolu mövzusunda öz biliklərini tələbələrlə paylaşıblar. Həmçinin, bu istiqamətdə karyera qurmaq şəxsi inkişaf strategiyası da onlara təqdim edilib.

Bank gənc kadrların inkişafına yönəlmiş təşəbbüslərlə onların karyera yolunda daha da irəliləmələrinə yardım etməyi və peşəkar inkişaflarına dəstək olmağı hədəfləyir. Qeyd edək ki, layihələr davamlıdır və il sonunadək digər tələbələr də bu təcrübədən faydalana biləcəklər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

İşçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları təsdiqlənib

Kommunal xidmətlərdən ƏDV-nin hesablanması zamanı vaxtın düzgün müəyyən edilməsi

posted in: Xəbər | 0

Mövzunu vergi eksperti Azər Qənbərov şərh edir.

Məlum olduğu kimi, telekommunikasiya, internet, kommunal və digər analoji xidmətlər göstərən müəssisələr tərəfindən əhaliyə göstərilən xidmətlərin dəyəri əsasən ödəniş terminalları vasitəsilə “Yığım” şirkətləri üzərindən həyata keçirilir. Bu şirkətlərlə bağlanan müqavilələrə əsasən, ödənişlər konkret müəyyən edilmiş zaman aralığında xidməti göstərən müəssisənin hesabına ödənilir. Lakin bəzən ödənişlər gecikə bilir, bir hesabat ayından sonrakı hesabat ayına, hətta bir hesabat ilindən növbəti hesabat ilinə keçir.

Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən, ƏDV üçün hesabat dövrü təqvim ayı sayıldığından qeyd edilən hallar ƏDV-nin dövlət büdcəsinə vaxtında hesablanması zamanı vergi ödəyicisi üçün əlavə vergi risklərini yarada bilər. Bu səbəbdən, ƏDV-nin hesablanması zamanı vergi tutulan dövriyyənin vaxtının müəyyən edilməsində belə bir sual ortaya çıxır: pul vəsaitlərinin əhalidən “Yığım” şirkətlərinin hesabına ödənildiyi vaxt ƏDV-nin hesablanması vaxtı kimi müəyyən edilməlidir, yoxsa şirkətlərin hesabına daxil olan vəsaitin müəssisənin bank hesablarına köçürüldüyü vaxt ƏDV-nin hesablanması vaxtı kimi müəyyən edilməlidir?

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt hesab edilir.

Eyni zamanda, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 1.1.7-ci maddəsinə əsasən, ekvayrinq – vəsait alan ilə müqavilə bağlayaraq ödəniş alətləri ilə aparılan və vəsaitlərin vəsait alanın xeyrinə köçürülməsi ilə nəticələnən əməliyyatlar üzrə məlumatların qəbulu və emalı və ya nağd pul vəsaitinin verilməsi üzrə ödəniş xidməti təchizatçıları tərəfindən göstərilən xidmət hesab edilir. Qanunun 3.3-cü maddəsinə əsasən, ödəniş xidmətlərinin təchizatçılarına banklar, bank olmayam kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, elektron pul təşkilatları, həmçinin ödəniş təşkilatları aid edilir. Qanunun 3.1.6-cı maddəsində göstərilir ki, ödəniş xidmətlərinə, həmçinin, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti də aid edilir. Qeyd olunan Qanunun 1.1.35-1.1.38-ci və 1.1.43-cü bəndlərinə əsasən:

– ödəniş hesabı dedikdə – ödəniş əməliyyatlarının aparılması üçün bir və ya bir neçə ödəniş xidməti istifadəçisinə açılan hesab;

– ödəniş xidməti dedidkə – ödəniş xidməti təchizatçısı tərəfindən Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş (qeyd edilən hal üçün 3.1.6-cı bənd) xidmətlər;

– ödəniş xidməti istifadəçisi dedikdə – ödəyici və (və ya) vəsait alan qismində ödəniş xidmətlərindən istifadə edən şəxs;

– ödəniş xidməti təchizatçısı dedikdə – bu Qanuna uyğun olaraq, ödəniş xidməti istifadəçisinə ödəniş xidmətlərini göstərən və Qanunun 3.3-cü maddəsində nəzərdə tutulan şəxslər (ödəniş təşkilatları);

– ödəniş təşkilatı dedikdə – Qanuna uyğun olaraq, lisenziya əsasında elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası istisna olmaqla, digər ödəniş xidmətlərini məcmu halda və ya ayrı-ayrılıqda göstərən hüquqi şəxs başa düşülür.

Telekommunikasiya, internet və kommunal xidmətlər göstərən müəssisələr tərəfindən xüsusi proqram təminatı vasitəsilə “Yığım” şirkətlərinə əhalidən daxil olan pul vəsaitlərinə nəzarət olunur və əhalidə yaranmış debitor borc həmin vaxt silinərək azaldılır.

Beləliklə, yığılmış vəsaitin müəssisənin hesabına köçürülməsi bir hesabat ayından digər hesabat ayına, eləcə də bir hesabat ilindən digər hesabat ilinə keçə bilər. Lakin debitor borclar silindiyindən, həmçinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi tutulan əməliyyatın vaxtı vəsaitin digər ödəniş hesabına daxil olduğu vaxt kimi müəyyən edildiyindən, belə hallarda -nin hesablanması vaxtı vəsaitlərin “Yığım” şirkətlərinin hesabına daxil olduğu vaxt kimi müəyyən edilir.

Misal

“AA” MMC internet xidmətlərinin göstərilməsi ilə məşğuldur və hesabat ayında əhaliyə ƏDV də daxil olmaqla 236.000 manatlıq xidmət təqdim edib. Əhali tərəfindən vəsaitlərin bir hissəsi – ƏDV daxil 212.400 manat ödəniş terminalları vasitəsilə ödənilməsinə baxmayaraq, “Yığım” şirkətləri tərəfindən MMC-nin bank hesabına 177.000 vəsait ödənilib. Belə olduğu təqdirdə, vergi ödəyicisi ƏDV bəyannaməsində “Təqdim edilmişdir” sütununda 236.000 : 1.18 = 200.000 manat, “daxil olmuşdur” sütununda isə 177.000 : 1.18 = 150.000 manat deyil, 212.400 : 1.18=180.000 manat qeyd edərək büdcəyə 32.400 manat ƏDV hesablamalıdır:

180.000 x 18% = 32.400 manat.

Yuxarıdakıları nəzərə alaraq, analoji fəaliyyətlə məşğul olan müəssisələrdə ƏDV-nin hesablanması zamanı vergi tutulan dövriyyənin vaxtının düzgün müəyyən edilməməsi müəssisə üçün əlavə maliyyə sanksiyalarının hesablanması riskini yaratdığından, qeyd olunan hallar üzrə vergi risklərinin əvvəlcədən aradan qaldırılması üçün vəsaitlərin “Yığım” şirkətlərinə daxil olduğu vaxt ƏDV tutulan dövriyyənin vaxtı müəyyən edilməli və həmin ayda ƏDV məbləği dövlət büdcəsinə hesablanmalıdır.

Mənbə: vergiler.az

Fiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi?

 

1 209 210 211 212 213 214 215 2. 700
error: Content is protected !!