Qiymətləndirilmiş əmlakın pay qoyuluşu zamanı MMC-nin vergi öhdəlikləri

posted in: Xəbər | 0

Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Təcrübədə bir çox hallarda əmlakların yenidən qiymətləndirilməsi yolu ilə törəmə şirkətlərin yaradılmasının şahidi oluruq. Bu zaman aşağıdakı əməliyyatların reallaşdırılmasına yol verilir:

Vergi ödəyicisi olan Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) başqa bir hüquqi şəxsin təsisçisi olaraq yeni MMC yaradır və müəyyən əmlakı yeni yaradılmış cəmiyyətin nizamnaməsinin formalaşmasına pay kimi qoyur. Vacib məqamlardan biri odur ki, pay qoyuluşuna verilmiş əmlak qoyuluşdan əvvəl yenidən qiymətləndirilir. Bu məqamları nümunə üzrərində nəzərdən keçirək.

Misal

“AA” MMC 2023-cü ilin sentyabr ayında yeni “VV” MMC-ni 100% paya malik olmaqla dövlət qeydiyyatına alaraq formalaşdırıb. Yəni, “AA” MMC ana şirkət, “VV” MMC isə törəmə şirkətdir. “VV” MMC-nin nizamnamə kapitalı 200.000 manatdır və ana şirkət bunun özünə məxsus olan əmlak hesabına formalaşdırılmasını qərara alıb. Ana şirkətin balansında 50.000 manatlıq qalıq dəyərə malik əmlakı vardır. Həmin əmlakı yenidən qiymətləndirərək 200.000 manat dəyərində törəmə müəssisənin nizamnamə kapitalının formalaşmasına pay kimi qoyub.

Həmçinin, 2024-cü ilin iyun ayında ana şirkət “VV” MMC-də olan payını digər bir şəxsə 200.000 manata satıb. Bu halda ana şirkət olan “AA” MMC 2023-cü ilin mənfəət vergisi bəyannaməsində gəlir kimi hansı məbləği əks etdirməlidir? 2024-cü ilin mənfəət vergisi bəyannaməsində gəlir yazılmalıdırmı?

Göründüyü kimi, ana şirkətin balansında 50.000 manat olan əmlak 200.000 manat dəyərində qiymətləndirilərək törəmə şirkətin nizamnamə kapitalına qoyuluş edilib. Ana şirkət öz maliyyə və vergi uçotunda iki formada bunu qeydə ala bilər.

Birinci metod kimi, ilkin olaraq, 50.000 manatlıq əmlakı yenidən qiymətləndirib və sonradan pay qoyuluşu kimi uçota almaq olar. Yəni, əmlakın balans dəyərini 200.000 manat və yaranmış (200.000 – 50.000) 150.000 manat məbləği isə kapital ehtiyatlarında yenidənqiymətləndirilmiş kapital kimi uçota almaq lazımdır. Daha sonra 200.000 manatı törəmə müəssisələrə investisiyalar kimi uçota almalıdır.
Nəticə olaraq həm maliyyə uçotu, həm də vergi uçotu baxımından hər hansı bir gəlir yaranmamış olur. Belə ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən, gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir hesab edilir. Vergitutma məqsədləri üçün gəlirin əldəedilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Satışdankənar gəlirlər – digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə edilən gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir.

Maddədən də görünür ki, yenidənqiymətləndirmədən yaranmış fərq hər hansı malların, işlərin, xidmətlərin təqdim edilməsinə və ya satışdankənar gəlir anlayışına uyğun gəlmir. Ona görə də 150.000 manat fərq gəlir sayılmır.

İkinci uçot metodu kimi ana şirkət olan “AA” MMC heç bir yenidənqiymətləndirməni öz maliyyə və ya vergi uçotunda qeydə almır. Pay kimi qoyulmuş 50.000 manat əmlak dəyərində öz maliyyə və vergi uçotunda törəmə müəssisələrə pay qoyuluşu kimi qeydə alır. Törəmə müəssisədə pay qoyuluşu və əsas vəsait kimi 200.000 manat uçota alınacaq, sadəcə konsolidasiya vaxtı yaranmış 150.000 manat fərqi həm əsas vəsaitlərdə, həm də pay qoyuluşunda nəzərə almaq lazımdır.

Bu hallarda ikinci metoda üstünlük verilməsi tövsiyə edilir.

Nəticə olaraq: 2023-cü ildə bu əməliyyatda heç bir gəlir anlayışı olmadığına görə, “AA” MMC-də mənfəət bəyannaməsində qeyd edilməyəcək. Ancaq 2024-cü ilin mənfəət bəyannaməsində ana şirkət yuxarıdakı əməliyyatdan gəlir kimi məbləği qeyd edəcək, çünki maya dəyəri 50.000 manat olan payları 200.000 manata satıb. Beləliklə, həm birinci, həm də ikinci variantda uçota alınmasından asılı olmayaraq, “AA” MMC yaranmış 150.000 manat fərqi gəlir kimi mənfəət bəyannaməsində qeyd edəcək.

Mənbə: vergiler.az

Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin komitə iclasında təqdim edilib

512 saylı “Qısamüddətli zəmanət öhdəlikləri” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Qısamüddətli öhdəliklər

“Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər” adlı 37 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına (IAS 37) görə “Öhdəlik keçmiş hadisələrdən yaranan, ödənməsi iqtisadi səmərələri təcəssüm etdirən resursların müəssisədən xaric olması ilə nəticələnəcəyi gözlənilən müəssisənin cari borcudur.” Qiymətləndirilmiş öhdəliklər:

  • ödəniş müddəti yaxud dəyəri qeyri müəyyən olan;
  • yaxud da ödənilmə ehtimalı aşağı olan öhdəliklərdir.

Belə öhdəliklər ehtimaldan yaranır, bir qayda olaraq hesabat dövrünü əhatə edir.

Qısamüddətli öhdəliklər hesabat tarixindən sonra bir ildən az ödəmə müddətinə malik öhdəliklərdir. Bu öhdəliklər “Qısamüddətli öhdəliklər” adlı beşinci maliyyə hesabatları bölməsində əks etdirilir. V bölmənin ayrı-ayrı maddələri üzrə qısamüddətli öhdəliklərin uçotu üçün müxtəlif hesablar açılır. Belə hesablardan biri  512 №li “Qısamüddətli zəmanət öhdəlikləri” hesabıdır.

Mühasibat uçotunun hesablar planına əsasən qısamüddətli öhdəliklərə aşağıdakı maddələr üzrə açılmış hesablar da daxildir:

  • qısamüddətli faiz xərcləri yaradan öhdəliklər (məsələn, kreditlər, borclar);
  • qısamüddətli qiymətləndirilmiş öhdəliklər;
  • vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər;
  • qısanmüddətli kreditor borcları;
  • sair qısamüddətli öhdəliklər (pensiya öhdəlikləri, alınmış avanslar və s.).

Uzunmüddətli zəmanət öhdəlikləri üzrə məlumatlar hesablar planının 412 saylı hesabında uçota alınır.

512 saylı “Qısamüddətli zəmanət öhdəlikləri” hesabı

Mal, iş və ya xidmətlərin təqdim olunması zamanı mühasibat uçotu subyektlərində qısamüddətli zəmanət öhdəlikləri yarana bilər. Belə öhdəlik satış şərtlərindən asılı olaraq şirkət öz məhsullarına zəmanət verdikdə yaranır və bütün zəmanət müddəti ərzində mövcuddur.

Qısamüddətli öhdəliklərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” vasitəsilə tənzimlənir. Qaydaların 41.1 maddəsinə əsasən mühasibat uçotu subyektlərində qısamüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu üçün aşağıdakı hesablar açıla bilər:

Mühasibat uçotu subyektlərində qısamüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu üçün açılan hesabladan biri 512 saylı “Qısamüddətli zəmanət öhdəlikləri” hesabıdır.

512 №-li “Qısamüddətli zəmanət öhdəlikləri” hesabı öhdəlik hesabıdır.

Hesab üzrə tənzimləmələr

512 №li “Qısamüddətli zəmanət öhdəlikləri” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan zəmanət öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

  • Qısamüddətli zəmanət öhdəlikləri yaradıldıqda, habelə onlar uzunmüddətli kimi təsnifləşdirildikdə qeyd edilən qaydaların 41.7.-ci bəndi tətbiq olunur.
  • Belə öhdəliklər üzrə məzənnə fərqi yarandıqda müvafiq mühasibat yazılışları qaydaların 41.8.-ci bəndi əsasında nizamlanır.
  • Qısamüddətli zəmanət öhdəliklərinin yerinə yetirilməsi zamanı görülən işlər və ya göstərilən xidmətlər sözügedən qaydaların 41.9.-cu bəndi, bu zaman hesablanmış əlavə dəyər vergisi ilə bağlı uyğun mühasibat yazılışı isə həmin qaydalardakı 41.10.-cu bəndi ilə tənzimlənir.
  • Qısamüddətli zəmanət öhdəlikləri ilə əlaqədar görülən işlər və göstərilən xidmətlərin üçüncü şəxs tərəfindən ödənilməsi qaydaların 41.11.-ci bəndi lə nizamlanır.

Zəmanətlə məişət texnikasının satışı zamanı müxabirləşmə nümunəsi

Məişət texnikalarının satışı sahəsində fəaliyyət göstərən  “A” MMC satılan mallara 1 illik zəmanət verir. Zəmanətin şərtlərinə əsasən problem yaranarsa satılmış məişət texnikları 3% zəmanətlə dəyişdirilməlidir. Sözügedən şirkət noyabr ayında bir ədədinin qiyməti 650 manat olan 200 ədəd paltaryuyan maşın satışmışdır. Daha sonra aydın olmuşdur ki satılan paltaryuyanlardan 10 ədədi müştərilərin şikayətinə əsasən yenisi ilə dəyişdirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qısamüddətli zəmanət öhdəliyi yaradıldıqda (200*3%*650=3900) 711 – Kommersiya xərcləri 512 – Qısamüddətli zəmanət öhdəlikləri 3900.00
2 Zəmanət ilə paltaryuyan dəyişdirildikdə 512 – Qısamüddətli zəmanət öhdəlikləri 205 – Mallar 6500.00

Zəmanətlə satılmış məişət texnikasının qaytarılması zamanı müxabirləşmə nümunəsi

Məişət texnikalarının satışı sahəsində fəaliyyət göstərən  “A” MMC satılan mallara 1 illik zəmanət verir. Zəmanətin  şərtlərinə əsasən problem yaranarsa satılmış məişət texnikları 3% zəmanətlə qaytarılmalıdır. Məlum olmuşdur ki, sözügedən şirkət noyabr ayında bir ədədinin qiyməti 650 manat olan 200 ədəd paltaryuyan maşın satılmışdır. Daha sonra aydın olduğu üzrə satılan paltaryuyanlardan 10 ədədi müştərilərin şikayətinə əsasən qaytarılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Uzunmüddətli zəmanət öhdəliyi yaradıldıqda (200*3%*650=3900) 602 – Satılmış malların qaytarılması və ucuzlaşdırılması 512 – Qısamüddətli zəmanət öhdəlikləri 3900.00

Zəmanətlə satılmış məişət texnikasının pulu müştəriyə geri ödənildikdə

İstilik sistemlərinin təchizatı ilə məşğul olan “A” MMC bir ədədi 170 manat olan qızdırıcıların satışını həyata keçirmişdir. Daha sonra problem yarandığı üçün satılan qızdırcılardan 3 ədədi müştəri tərəfindən geri qaytarılmışdır. Qaytarılan malların pulu kassa hesabından müştəriyə geri ödənilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan qızdırıcıların pulu geri ödənildikdə 512 – Qısamüddətli zəmanət öhdəlikləri 221 – Kassa 510.00

511 saylı “İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” hesabı üzrə uçot

Riskli vergi ödəyicilərinə dair qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul edib. Qərara əsasən, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında bir sıra dəyişikliklər edilərək ad aşağıdakı redaksiyada verilib: “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin təsdiq edilməsi haqqında”.

Dəyişiklikdə bildirilir ki, sənəd Azərbaycan Respublikası Vergi Məcəlləsinin13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanıb və vergi ödəyicisinin risk meyarlarını və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir.

Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilir.

“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Qərar (530 downloads )

Mənbə: vergiler.az

Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin komitə iclasında təqdim edilib

posted in: Xəbər | 0

Noyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda növbəti il üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsi müzakirə olunub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli komitənin iclasında çıxış edib. DVX rəisi vergi sisteminin qarşısında duran çağırışlar, vergi islahatların iqtisadi təsirləri və vergi tənzimlənməsi sahəsində aparılan işlər barədə danışıb. Qeyd edib ki, vergi xidməti bu gün ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin olunması, sahibkarlığın dəstəklənməsi prosesinin fəal iştirakçısıdır.

Orxan Nəzərli son illərdə Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal yığımların həcminin artdığını bildirib. Vergi daxilolmaları ilə yanaşı, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının, tibbi sığorta haqlarının da toplanması funksiyalarının vergi orqanlarına həvalə edildiyini xatırladıb. Xidmət rəisi Azərbaycanda “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması ilə bağlı aparılan işlərin həm dövlət büdcəsinin gəlirlərinin təmin edilməsində, həm də iqtisadi dövriyyənin şəffaflaşmasında əhəmiyyətli dəyişikliklər yaratdığını vurğulayıb.

DVX rəisi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın orta müddətli dövr üçün vergi orqanları qarşısında 2 mühüm hədəf müəyyənləşdirdiyini qeyd edib. Bunlar iqtisadiyyatın şəffaflaşması, şaxələnməsi və investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı vergi siyasətinin tətbiqi, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi ilə bağlıdır. Bu baxımdan müzakirəyə təqdim olunan Vergi Məcəlləsinə dəyişikliklər layihəsi öz hədəf, nəticə və məqsədləri baxımından məhz həmin istiqamətləri əhatə edir.

Dəyişikliklər paketi barədə danışan Orxan Nəzərli vergi qanunvericiliyində investisiya cəlbediciliyinin artırılmasına istiqamətlənmiş yeni müddəaların olduğunu bildirib və ilk növbədə, dövlət – özəl sektor tərəfdaşlığı ilə həyata keçirilən layihələr üçün əhəmiyyətli və uzun müddətli vergi təşviqlərini qeyd edib. Bu təşviqlər investisiya qoyuluşlarını stimullaşdırmağa xidmət etməklə yanaşı, həm də uzunmüddətli perspektivdə dövlətin üzərinə düşən maliyyə yükünün azaldılmasına, müəyyən sahələrdə istehlakçılar üçün tariflərin aşağı salınmasına, daxili istehsalın dəstəklənməsinə yönəlib. Həmçinin ölkədə avtomobil və avtobus istehsalının stimullaşdırılması, gəmi təmiri sənayesinə sərmayələrin cəlb olunması, “yaşıl iqtisadiyyat”ın təşviqi, maliyyə bazarlarının genişləndirilməsi, tibb, mədəniyyət, film sektoru kimi sosial sahələrin inkişafı üçün təşviqlərin verilməsi nəzərdə tutulur.

DVX rəisi “kölgə iqtisadiyyatı” ilə mübarizə sahəsində aparılacaq işlərə də toxunub. Qeyd edib ki, bazarlarda fəaliyyət göstərən sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısının alınması üçün nəzarət mexanizmləri qurulacaq. Çünki bölüşdürücü vasitə rolunda çıxış edən bazarlar iqtisadi əməliyyatların rəsmiləşdirilməsi prosesinə ciddi təsir göstərir. Sahibkarların uçot sahəsində çətinliklərini aradan qaldırmaq, rəsmiləşdirmə proseslərini leqallaşdırmaq məqsədilə qanunvericilikdə müvafiq düzəlişlər təklif edilib. Bu mexanizmlər bazar mülkiyyətçiləri üzərindən vergi uçotuna nəzarətin qurulmasını nəzərdə tutur ki, bu da ölkə ərazisində obyektləşmə və kassalaşma ilə bağlı aparılan proseslərin əsası kimi uçot intizamının düzgün qurulmasına imkan verəcək.

Vergi Məcəlləsində ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması ilə bağlı dəyişikliklər də nəzərdə tutulur ki, bu da qanunverici sahədə gözləntilərlə bağlıdır. Bu, ilk növbədə transmilli şirkətlərə dair transfer qiymətqoyma ilə bağlı hesabatlılıqda sanksiyaların adekvatlığı ilə əlaqədar məsələlərdir.

DVX rəisi bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsinin qəbulu ölkəyə investisiyaların cəlb edilməsi, əlavə iş yerlərinin yaradılması, real sahibkarlıq fəaliyyəti ilə məşğul olan mikro sahibkarların fəaliyyətinin dəstəklənməsi, azgəlirli mikro sahibkarların vergi yükünün optimallaşdırılması, yerli avtomobil sənayesinin canlanması və müxtəlif sahələrdə təşviqedici vergi siyasətinin həyata keçirilməsinə gətirəcək.

Təklif olunmuş paket ölkənin investisiya mühitinin təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların dəstəklənməsinə, birbaşa xarici investisiyaların həcminin artırılmasına, o cümlədən dövlət – özəl sektor tərəfdaşlığı layihələrinin və dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən reallaşdırılan elektrik enerjisi istehsalı layihələrinin dəstəklənməsinə öz töhfəsini verəcək.

Sonra DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov komitə üzvləri üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsinin detallı təqdimatını keçirib.

Mənbə: taxes.gov.az

İş vaxtının uçotu necə aparılır

1 256 257 258 259 260 261 262 2. 683