Azərbaycanda vergi mədəniyyəti: institusional aspektlər

posted in: Xəbər | 0

Azərbaycanın sosial-iqtisadi inkişafının müasir mərhələsində vergi mədəniyyəti mühüm əhəmiyyət kəsb edəb məsələlərdən biri sayılır. Vergi sistemində bu proses vergi inzibatçılığının daha şəffaf və xidmət yönümlü institusional modelə keçidini sürətləndirir. Vergi mədəniyyətinin institusional inkişaf modeli dövlət ilə vergi ödəyiciləri arasında etimada əsaslanan fiskal münasibətlərin formalaşmasına şərait yaradır.

Vergilər dövlət büdcəsinin formalaşmasında əsas rol oynayan fiskal mexanizmdir. Vergi sisteminin səmərəliliyi birbaşa olaraq cəmiyyətin vergi mədəniyyəti səviyyəsindən asılıdır. Yəni vətəndaşların vergilərin əhəmiyyətini dərk etməsi və qanunvericiliyə şüurlu şəkildə əməl etməsi fiskal idarəetmənin keyfiyyətini müəyyən edən əsas amillərdəndir.

Dünya praktikasında vergi mədəniyyətinin səviyyəsi institusional və sosial amillərdən asılı olaraq fərqlənir. Məsələn, Şimali Avropa ölkələri, o cümlədən İsveç və Danimarkada vergi intizamı ənənəvi olaraq yüksək səviyyədədir, vətəndaşlar vergiləri məmnuniyyətlə ödəyirlər. Çünki onlar ödədikləri vəsaitlərin ictimai rifahın təmin edilməsinə, keyfiyyətli təhsil və səhiyyə sisteminin maliyyələşdirilməsinə yönəldildiyini anlayırlar. Burada vergilər yalnız maliyyə yükü deyil, həm də resursların ədalətli bölgüsü alətidir.

Almaniyada vergi mədəniyyəti uzunmüddətli institusional inkişaf prosesində formalaşmışdır, fiskal intizam, hüquqi müəyyənlik və inzibati şəffaflıq prinsipləri yüksək qiymətləndirilir. Dövlət orqanları vətəndaşları büdcə vəsaitlərinin xərclənməsi, vergidən yayınmanın nəticələri barədə müntəzəm olaraq məlumatlandırır.

Yaponiyada vergi mədəniyyəti daha çox sosial və etik məsuliyyət amili kimi ön plana çıxır: vergilərin ödənilməməsi cəmiyyətdə qəbuledilməz davranış kimi qəbul edilir ki, bu da könüllü əməletmənin yüksək səviyyədə formalaşmasına şərait yaradır.

Azərbaycanda son illərdə vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində institusional və inzibati islahatlar həyata keçirilmiş, vergi inzibatçılığının modernləşdirilməsi məqsədilə elektron xidmətlər tətbiq edilmiş, bəyannamələrin təqdim olunması prosesi sadələşdirilmiş, vətəndaşların media və təhsil proqramları vasitəsilə aktiv şəkildə məlumatlandırılması təmin edilmişdir. Sahibkarlar vergi məsələləri üzrə elektron informasiya və məsləhət xidmətlərindən istifadə edə bilirlər.

Vergi mədəniyyətinin formalaşdırılmasının əsas institusional mexanizmləri

Vergi mədəniyyəti səviyyəsinin yüksəlməsi müxtəlif amillərdən asılıdır. Bu proses yalnız inzibati nəzarət mexanizmləri ilə deyil, eyni zamanda, sosial, hüquqi və iqtisadi alətlərin qarşılıqlı təsiri ilə formalaşır. Təhsil sistemi vergi mədəniyyətinin inkişafında mühüm rol oynayan əsas institutlardan biri sayılır. Vergi sahəsində biliklərin erkən yaşlardan formalaşdırılması, vergi öhdəliklərinə məsuliyyətli münasibətin aşılanması vergi mədəniyyətinin dayanıqlı yüksəlişini təmin edən fundamental amillərdir.

Fiskal şəffaflıq və hesabatlılıq da mühüm əhəmiyyət kəsb edir: vətəndaşlar dövlətin vəsaitlərini necə xərclədiyini bilməli, büdcə vəsaitlərinin sosial proqramların, infrastruktur layihələrinin, təhsil və səhiyyə kimi vacib sistemlərin maliyyələşdirilməsinə yönəldildiyinə əmin olmalıdırlar.

Müasir elektron (rəqəmsal) xidmətlər və prosedurların sadələşdirilməsi vergilərin ödənilməsini daha əlçatan və operativ edir, inzibati yükü azaldır və öhdəliklərin könüllü yerinə yetirilməsini stimullaşdırır.

Sosial məsuliyyətin formalaşdırılması da vacibdir: ictimai məsuliyyət və fiskal ədalət prinsiplərinin möhkəmləndirilməsi, hər bir vətəndaşın vergilərin ödənilməsini ictimai rifaha töhfə kimi dərk etməsi vergi mədəniyyətinin əsasını təşkil edir. Bu amillərin qarşılıqlı təsiri nəticəsində vergi ödəyicilərinin könüllü əməletmə davranışı formalaşır və fiskal sistemin səmərəliliyi artmış olur.

Vergi mədəniyyətinin formalaşmasında təhsil və maarifləndirmənin rolu

Sistemli maliyyə və vergi savadlılığı olmadan vergi mədəniyyətinin formalaşdırılması mümkün deyildir. Hər bir kəs hələ şagird və tələbə olarkən başa düşməlidir ki, vergilər yalnız bürokratik öhdəlik deyil, həm də dövlətin fiskal dayanıqlığının və sosial-iqtisadi inkişafının əsas maliyyə təminatıdır. Vergilər barədə bilik gənclərin maliyyə məsələlərinə şüurlu yanaşmasını formalaşdırır, dövlət gəlirləri ilə əhalinin həyat səviyyəsi arasında fiskal əlaqəni görməyə imkan verir.

Fikrimizcə, aşağıda qeyd olunan praktiki addımlar vergi mədəniyyətinin formalaşmasında xüsusi rol oynayır:

1. Orta ümumtəhsil məktəb proqramına “Maliyyə-vergi savadlılığı” oxu materialının daxil edilməsi. Burada iqtisadiyyat, maliyyə və büdcə savadlılığı, o cümlədən vergilər, onların yığılması və xərclənməsi izah oluna bilər. Büdcə simulyasiyaları və buna bənzər metodlar şagirdlərə vergilərin praktiki əhəmiyyətini göstərə bilər. Yeri gəlmişkən, qeyd edək ki, vaxtilə məktəb şagirdləri üçün “Vergilər” adlı dərs vəsaiti nəşr edilmişdir.

2. Universitetlərdə vergi sistemi, vergi inzibatçılığı, mühasibat və vergi uçotu, maliyyə planlaşdırılması və proqnozlaşdırılması, sahibkarlığın fiskal məsuliyyəti üzrə qısamüddətli təlimlər, mühazirələr və dəyirmi masalar təşkil edilə bilər.

3. Media, xüsusən də sosial şəbəkələr vasitəsilə maarifləndirmə kampaniyaları. Məqalələr, infoqrafikalar və onlayn təlimlər geniş auditoriyada vergilərin rolunu başa düşməyi təmin edə və fiskal institutlara ictimai etimadı gücləndirə bilər. Buna Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzi tərəfindən hazırda keçirilən tədbirlərin sosial şəbəkələr vasitəsilə yayımlanması nümunə kimi göstərilə bilər.

4. Layihələr, müsabiqələr, vergi orqanlarında təcrübələr, büdcənin formalaşdırılmasının simulyasiyasında gənclərin iştirakının təmin edilməsi onların biliklərini möhkəmləndirir və ölkənin gələcəyi üçün şəxsi məsuliyyət hissini formalaşdırır. Yeri gəlmişkən, qeyd edək ki, yüksək akademik göstəricilərlə fərqlənən tələbələrin vergi sahəsinə marağının artırılması, gələcəkdə dövlət vergi orqanlarında işə qəbulunun stimullaşdırılması məqsədilə DVX-nin təşkilatçılığı ilə hər il Yay Təcrübə Proqramı layihəsi həyata keçirilir.

Bir sözlə, təhsil və maarifləndirmə vergi mədəniyyətinin institusional əsasını formalaşdırır.

Vergi davranışında sosial məsuliyyət və etik dəyərlər

Vergi mədəniyyəti vətəndaşlarda dürüstlük, ictimai məsuliyyət və hüquqauyğun davranış prinsipləri olmadan mümkün deyildir.

1. Mənəvi dəyərlərin formalaşdırılması. Cəmiyyət vergidən yayınmanı sosial baxımdan qəbuledilməz, vergilərin ödənilməsini isə vətəndaşlıq məsuliyyəti kimi qəbul etməlidir. Əsas məqsəd vergilərin könüllü ödənilməsinin cəmiyyətin normasına çevrilməsindən ibarətdir.

2. Müsbət nümunələr. Media məsuliyyətli vergi ödəyicilərinin fəaliyyətini ictimai nümunə kimi, bunun ölkənin iqtisadi inkişaf və fiskal sabitliyinə müsbət təsir etdiyini təqdim edə bilər.

3. Dürüst biznesə dəstək. Vergi qanunvericiliyinə əməl edən sahibkarları stimullaşdıran dövlət proqramları biznes və dövlət arasında institusional etimadı möhkəmləndirir.

Beləliklə, sosial məsuliyyət vergi intizamını məcburi öhdəlikdən könüllü davranış normasına çevirir və cəmiyyətin mənəvi mədəniyyətinin ayrılmaz komponentinə çevrilir.

Vergi davranışının inkişafını izah edən yanaşmalardan biri dörd mərhələli model sayılır:

1. Məcburi uyğunlaşma (Enforced compliance) – Vergi ödəyiciləri tətbiq ediləcək cərimə və sanksiyalardan ehtiyat edərək vergiləri ödəyirlər;

2. Etimada əsaslanan uyğunlaşma (Trust-based compliance) – Dövlətə inam artdıqca vergi ödəyiciləri vergiləri könüllü ödəyirlər;

3. Sosial norma mərhələsi (Tax morale stage) – Vergi ödəmək cəmiyyət üçün adi və düzgün davranış kimi qəbul olunur;

4. İnstitusional konsolidasiya (Institutional consolidation) – Güclü və etibarlı sistem formalaşır, könüllü əməletmə üstünlük təşkil etməyə başlayır.

Bu modellər göstərir ki, vergi intizamı cəmiyyətin institusional yetkinliyi ilə sıx bağlıdır.

Rəqəmsallaşma və vergi mədəniyyəti

Müasir iqtisadiyyatlarda vergi mədəniyyəti yalnız normativ-hüquqi tənzimləmə mexanizmləri ilə deyil, eyni zamanda, informasiya mühiti, fiskal şəffaflıq səviyyəsi və dövlət xidmətlərinin keyfiyyəti ilə formalaşır.

Rəqəmsal mexanizmlər insan amilindən irəli gələn subyektiv müdaxilə imkanlarını minimuma endirir və vahid yanaşmanın tətbiqini təmin edir.

Rəqəmsallaşma vergi ödəyicisi ilə dövlət arasında münasibətlərin psixologiyasını dəyişir, çünki xidmət yönümlü interfeys və sürətli geribildirim dövlət idarəçiliyinin daha çevik və səmərəli olduğunu nümayiş etdirir. Bu transformasiya nəticəsində vergi ödəmək inzibati prosedurdan iqtisadi fəaliyyətin normal və sistemli elementinə çevrilir. Vergi mədəniyyətinin əsas məqsədi də məhz bu fiskal davranışın normaya çevrilməsini təmin etməkdir.

Vergi mədəniyyəti ilə rəqəmsallaşma arasındakı əlaqə uzunmüddətli fiskal strategiya baxımından strateji xarakter daşıyır. Uzunmüddətli fiskal dayanıqlılıq və büdcə sabitliyi könüllü əməletmənin səviyyəsindən asılıdır. Texnologiya bu uyğunlaşmanı inzibati nəzarət mexanizmləri ilə deyil, xidmət yönümlü idarəetmə və fiskal şəffaflıq vasitəsilə təmin edir. Bu, vergi sisteminin legitimliyini gücləndirir və dövlətin iqtisadi siyasət alətlərini daha səmərəli və məqsədyönlü edir.

Azərbaycanda vergi mədəniyyətinin formalaşması və inkişaf perspektivləri

Dünya təcrübəsi göstərir ki, vergi mədəniyyəti yalnız dövlət institutlarına etimadın yüksək olduğu, şəffaflığın təmin edildiyi və vətəndaşların iqtisadi proseslərdə fəal iştirak etdiyi cəmiyyətlərdə formalaşır. Vergi mədəniyyəti dövlət və cəmiyyət arasında qarşılıqlı məsuliyyətə əsaslanan fiskal münasibətlərin formalaşmasını təmin edən mexanizm kimi çıxış edir.

Son illərdə ölkəmizdə vergi mədəniyyətinin inkişafı istiqamətində aktiv addımlar atılır. Bu proses fiskal şəffaflığın artırılması, inzibati yükün azaldılması və vergi ödəyiciləri ilə dövlət arasında etimadın möhkəmləndirilməsinə xidmət edir. Gələcəkdə əsas məqsəd inzibati nəzarətə əsaslanan vergi davranış modelindən könüllü vergi mədəniyyətinə əsaslanan fiskal davranış modelinə keçidin tam təmin edilməsindən ibarətdir.

Rəqəmsallaşma, fiskal şəffaflıq və institusional idarəetmə mexanizmlərinin inkişafı vergi mədəniyyətinin yeni mərhələyə yüksəlməsinə şərait yaradır. Müasir fiskal idarəetmə yanaşmalarında vergi mədəniyyətinin formalaşması dövlət və vətəndaş arasında qarşılıqlı etimada əsaslanan fiskal sosial müqavilənin möhkəmlənməsi ilə sıx bağlıdır. Beləliklə, müasir qlobal transformasiya şəraitində vergi mədəniyyəti dövlət və cəmiyyət arasında qarşılıqlı etimada əsaslanan institusional münasibətlər sisteminə çevrilir. Rəqəmsallaşma, fiskal şəffaflıq və xidmət yönümlü idarəetmə bu münasibətlərin inkişafını sürətləndirən əsas amillər kimi çıxış edir.

Azərbaycanın vergi sistemində həyata keçirilən islahatlar bu istiqamətdə inkişaf üçün mühüm zəmin yaratmışdır. Qarşıdakı dövrdə əsas vəzifə vergi öhdəliyinin könüllü əməletməsini daha da gücləndirmək, fiskal etik dəyərləri inkişaf etdirmək və vergi mədəniyyətini milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsinə çevirməkdən ibarətdir.

Mənbə: vergiler.az

Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?

Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?

posted in: Xəbər | 0

Son zamanlar rezident vergi ödəyiciləri tərəfindən fiziki və hüquqi şəxslərə xaricdə nəqliyyat vasitələri ilə transfer xidmətlərinin göstərilməsi artıb. Yəni rezident sahibkarlar qeyri-rezidentlərlə müqavilələr bağlayaraq hüquqi şəxslərin işçiləri, fiziki şəxsləri, vətəndaşları xaricdə bir məntəqədən digər məntəqəyə daşıyırlar. Buna görə də müəyyən məbləğdə xidmət haqları əldə edirlər. Bəs bu kimi xidmətlərdən əldə edilən gəlirlər ƏDV-yə cəlb olunurmu? Xidməti təqdim edən rezident qarşı tərəfə göndərdiyi elektron qaimə-fakturada xidməti sıfır dərəcə ilə yazmalıdırmı?

Suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Suallara cavab tapmaq üçün Vergi Məcəlləsində ƏDV-yə sıfır dərəcə ilə cəlb olunmağı nəzərdə tutan maddələrə baxmalıyıq. Bu məsələlər Məcəllənin 159-cu və 168-ci maddələri ilə tənzimlənir.

Vergi Məcəlləsinin 159.2-ci maddəsinə əsasən, bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

Deməli, Vergi Məcəlləsinin 159-cü maddəsinin tələblərinə görə, xidmətlər o zaman ƏDV-yə cəlb edilən xidmətlər sayılır ki, həmin xidmət Azərbaycan Respublikasında göstərilsin. Əgər xidmət ölkənin hüdudlarından kənarda göstərilibsə, o zaman bu, ƏDV-yə cəlb edilməyən əməliyyatlar sayılır.

Amma bir çox əməliyyatlar var ki, onlar Azərbaycan Respublikasının hüdudlarından kənarda göstərilsə də 18% ƏDV məqsədləri üçün vergitutma obyekti sayılır. Yəni qeyri-rezident tərəfindən rezident şəxsə xidmət Azərbaycan Respublikasının hüdudlarından kənarda təqdim edilməsinə baxmayaraq, bu əməliyyat ƏDV-yə cəlb edilən əməliyyat sayılır.

Bu məsələ də Vergi Məcəlləsinin 168.1.5.-ci maddəsi ilə tənzimlənilir. Əgər həmin maddədə transfer xidmətləri qeyd edilmişdirsə, onda bu xidmətlər Azərbaycan Respublikasının hüdudlarından kənarda göstərilməsinə baxmayaraq, 18% ƏDV-yə cəlb edilmiş sayılacaq. Məcəllənin 168.1.5.-ci maddəsinə baxdıqda aydın olur ki, həmin siyahıda da transfer xidməti yoxdur.

Odur ki, rezident və ya qeyri-rezidentə göstərməsindən asılı olmayaraq, transfer xidmətləri Azərbaycan Respublikasının hüdudlarından kənarda göstərdiyinə, həmçinin 168.1.5.-ci maddəsində olan siyahıda olmadığına görə, bu xidmət ƏDV-yə cəlb edilməyən əməliyyatlar sayılır.

Rezidentlər tərəfindən xaricdə transfer xidmətlər təqdim edildikdə təqdim olunan elektron qaimə-fakturada da xidmət “ƏDV-yə cəlb edilməyən əməliyyatlar” sütununda yazılacaq. Eyni zamanda, ƏDV bəyannaməsinin 328-ci sətrində qeyd olunacaq.

Mənbə: vergiler.az

Vergi borcu və onun hüquqi nəticələri

Vergi borcu və onun hüquqi nəticələri

posted in: Xəbər | 0

Vaxtında ödənilməyən vergi öhdəlikləri və bunun doğurduğu hüquqi nəticələr vergi ödəyiciləri üçün aktualdır. Vergi borcunun gecikdirilməsi bəzən sadə bir maliyyə məsələsi kimi görünsə də, əslində, bu proses mərhələli şəkildə ciddi huquqi nəticələrə səbəb ola bilər: gecikməyə görə faizlərin hesablanmasından başlayaraq, inzibati tədbirlər, məhkəmə prosesləri və bəzi hallarda ölkədən çıxışa məhdudiyyətlərə qədər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin rəis müavini Rəsul Hüseynov “İqtisadi zona” proqramının 19 aprel 2026-cı il tarixli buraxılışında Günel Bəhramqızının mövzu ilə bağlı suallarını cavablandırıb. 

– Rəsul müəllim, ilk olaraq ümumi çərçivəni müəyyənləşdirək: vergi öhdəliyi vaxtında yerinə yetirilmədikdə proses necə başlayır və vergi orqanları ilk mərhələdə hansı tədbirləri görür?

– Öncə vergi orqanları tərəfindən vergi borcunun yaranmasının qarşısının alınması məqsədilə 2 istiqamətdə məlumatlandırma işləri aparılır. Birinci fəaliyyət borc yaranmazdan əvvəl mütəmadi olaraq aparılır. Vergi ödəyicilərinə onların vergi mükəlləfiyyəti üzrə yarana biləcək öhdəlikləri və həmin öhdəliklərin yerinə yetirilməsi müddətləri barədə mütəmadi olaraq məlumatlandırma, maarifləndirmə işləri həyata keçirilir. İkinci istiqamət isə artıq borc yarandıqdan sonra xəbərdarlıq xarakterli məlumatlandırma xidmətidir ki, burada borc yarandığı tarixdən sonra növbəti iş günü borcluya həmin borcun beş gün müddətində ödənilməsi ilə bağlı elektron və yazılı formada bildiriş göndərilir. Demək olar ki, borcun alınması ilə bağlı bütün tədbirlərin görülməsi üzrə müddət axımı həmin bildirişin ödəyiciyə göndərilməsindən sonra başlayır. Beş gün müddətində vergi ödəyicisi borcunu ödəmədiyi halda artıq digər inzibati tədbirlərə başlanılır. Bildirişdə borcun beş gün müddətinə ödənilməsi tələbi ilə yanaşı, borcu ödəmədiyi təqdirdə görüləcək inzibati tədbirlər barədə məlumat verilir. Vergi orqanı bu bildirişə də məhəl qoymayan ödəyicilərlə bağlı artıq qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrdən istifadə edərək lazımi tədbirləri görür.

Daha sərt inzibati tədbirlər
borc yarandığı gündən 2 aylıq müddət keçdikdən sonra başlayır

– Vergi borcu gecikdikcə tətbiq olunan maliyyə sanksiyaları və məhdudiyyətlər də dəyişir. Proses hansı mərhələlərdən keçir?

– Yuxarıda qeyd etdiyimiz bildirişdəki beş günlük müddət ərzində borc ödənilmədikdə artıq növbəti iş günündən etibarən həmin borca görə hər ötmüş gün üçün 0,1% miqdarında faizlər hesablanmağa başlayır. Faizlər maksimum bir il müddətində hesablanır. Ondan sonra, növbəti iş günü borcun alınmasını təmin etmək məqsədilə, borclunun bank hesablarına alınmalı və ya dondurulmalı sərəncamlar göndərilir. Aktivləri barədə məlumat təqdim etməsi üçün sorğu göndərilir. Bu tədbirlər, demək olar ki, ilkin tədbirlərdir, daha sərt inzibati tədbirlər isə borc yarandığı gündən 2 aylıq müddət keçdikdən sonra başlayır. Bu, borclunun əmlakının siyahıya alınaraq hərrac və ticarət şəbəkələri vasitəsilə satışı ilə bağlı məhkəmələrə müraciət edilməsi, fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəmələrə müraciət edilməsidir. Son tədbir olaraq isə əsas vergi borcunun məbləğindən asılı olaraq cinayət xarakterli borcların alınmasının təmini tədbiri üsulu kimi artıq şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müvafiq istintaq orqanına müraciət edilir.

– Siz bir məsələni qeyd etdiniz ki, bir il müddətində borcun üzərinə faizlərin hesablanması davam edir. Bəs bir ildən sonra nə baş verir?

– Bir ildən sonra faizlərin hesablanması dayanır. Artıq borcla bağlı müəyyən sabit məbləğ yaranır və digər tədbirlər davam etdirilir.

– Borc yarandığı halda borcun hissəvi şəkildə ödənişi ilə bağlı hər hansı bir qayda, qanun varmı? Çünki ödəyiciləri ən çox maraqlandıran məsələlərdən biri də budur ki, borcu tam olaraq ödəyə bilmirəm, amma hissəvi şəkildə müəyyən mərhələlərlə, müəyyən güzəştlərlə ödəyə bilərəm. Bu mümkündürmü?

– Bəli, Vergi Məcəlləsində vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin daha gec müddətə dəyişdirilməsi ilə bağlı müddəalar var. Bu da borclu olan vergi ödəyicisinə şərait yaradır ki, yaranmış öhdəliyi daha gec müddətə istər hissə-hissə, istərsə də birdəfəyə ödəyə bilsin. Sadəcə olaraq, qanunvericilik bunu bəzi tələblərlə şərtləndirib. Öncə, bunun üçün əsas yaranmalıdır. Vergi Məcəlləsinin 85-ci maddəsində həmin əsaslar nəzərdə tutulub. Bu əsaslar təbii fəlakət, təhlükə potensiallı obyektlərdə baş verən qəzalar nəticəsində ödəyiciyə zərərin dəyməsindən, borcunu birdəfəyə ödəyəcəyi təqdirdə ödəyicinin iflasa uğramaq təhlükəsinin olmasından və ya borcu birdəfəyə ödəmə qabiliyyətinin olmamasından, habelə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ödəyici tərəfindən yerinə yetirilmiş sifarişçinin borclu olduğunu təsdiq edən arayışın təqdim edilməsindən və nəhayət, borclu vergi ödəyicisinin yalnız mövsümi xarakterli fəaliyyətlə məşğul olmasından ibarətdir. Bu hallar əsas verir ki, ödəyici öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması ilə bağlı müraciət etsin. Müraciət edərkən əlavə olunması vacib olan sənədlərin siyahısı Vergi Məcəlləsinin həmin maddəsində təsbit olunub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində sırf bu məsələ ilə bağlı qanunvericilikdə təkmilləşdirilmə, həmin mexanizmin sadələşdirilməsi ilə bağlı hazırda müvafiq layihə üzərində işlənilir.

Vergi borcunun alınması təkcə inzibati tədbirlərlə məhdudlaşmır

– Hansı hallarda vergi borcu artıq inzibati məsuliyyət yaradır və hansı məqamda məsələ artıq cinayət məsuliyyəti səviyyəsinə qədər keçir?

– Bu, çox həssas məsələdir. Dövlət Vergi Xidməti olaraq, borcluları da bu məsələdə daha diqqətli olmağa çağırırıq. Vergi borcunun alınması təkcə inzibati tədbirlərlə məhdudlaşmır. Əsas borcun məbləği, mövcud cinayət qanunvericiliyinə əsasən, 50 min manatdan yuxarı məbləğ təşkil edirsə, bu, artıq cinayət xarakterli borc hesab olunur və buna görə qanunvericilikdə cinayət məsuliyyəti nəzərdə tutulub. Borc məbləğinin həddindən və əməlin törədilmə formasından asılı olaraq, istintaqın nəticələrinə görə, ən yaxşı halda ödəyici vurulmuş ziyanın 2 mislindən 3 mislinə qədər cərimə oluna bilər. Daha ağır halda isə, şəxs beş ildən yeddi ilədək azadlıqdan məhrum etmə ilə cəzası ilə cəzalandırıla bilər.

– Biz qeyd etdik ki, borclu vergi ödəyicilərinin ölkədən çıxışına qadağa qoyulmasının tətbiq edilməsi də çox rast gəlinən hallardandır. Vergi borcunun hansı həddə çatması və ya hansı halların yaranması məhkəmə prosesinə səbəb olur? Eyni zamanda, borclu şəxslərə ölkədən çıxışa qadağa hansı şərtlərlə tətbiq edilə bilər?

– Bu, vergi orqanı tərəfindən, demək olar ki, borcun alınması ilə bağlı sıralamada ən gec görülən tədbirlərdəndir. Bu, tədbir görülməmişdən əvvəl ən çox məlumatlandırılma aparılmış və aparılan bir tədbir növüdür. Borcun yaranmasından təxminən 2 aylıq bir müddət keçdikdən sonra artıq vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanı rəhbərinin ölkədən getmə hüququnun məhdudlaşdırıla biləcəyi barədə onun mobil nömrəsinə qısa mesajlar göndərilir. Bu, ilkin məlumatlandırmadır. Buna məhəl qoymadıqda artıq vergi orqanı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi halda ikinci dəfə onu məlumatlandırır. Daha sonra, borclu məhkəmə tərəfindən də məlumatlandırılır. Çünki vergi ödəyicisinə məhkəmə iclasında iştirak barədə çağırış vərəqəsi göndərilir. Artıq məhkəmənin şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı qərarı vergi orqanına daxil olduqdan sonra ödəyici bu barədə müvafiq kanallar vasitəsilə bir daha məlumatlandırılır. Bu məhdudiyyətin aradan qaldırılması isə, qanunvericilikdə yalnız həmin məhdudiyyətin qoyulmasına əsas verən hallar aradan qalxdıqdan sonra həyata keçirilir. Bunun üçün ya borc məbləği tamamilə ödənilməli, ya da həmin məhdudiyyətin tətbiqinə əsas verən məhkəmə qərarı məhkəmənin digər qanuni qüvvəyə minmiş qərarı ilə ləğv edilməlidir. Bu hallarda məhdudiyyət dərhal aradan qaldırılır.

Vergi öhdəliklərinin vaxtında və tam şəkildə yerinə yetirilməsi
hər bir vergi ödəyicisinin qanunla müəyyən edilmiş vəzifəsidir

– Bu kimi hallarla üzləşməmək üçün vətəndaşlara, vergi ödəyicilərinə nə tövsiyə edirsiniz? Vergi öhdəliklərini necə düzgün planlaşdırmalı və hansı əsas qaydalara riayət etməlidirlər?

– Fürsətdən istifadə edərək, vergi ödəyicilərinin öhdəliklərinin vaxtında və tam şəkildə yerinə yetirilməsi ilə bağlı çağırış etmək istəyərdim. Çünki vergi öhdəliklərinin vaxtında və tam şəkildə yerinə yetirilməsi, ilk növbədə, qanunvericilikdə hər bir vergi ödəyicisinin qanunla müəyyən edilmiş vəzifəsidir. İkincisi, öhdəliyi vaxtında yerinə yetirməmək nəinki büdcə daxilolmalarına mənfi təsir edir, öncə vergi ödəyicilərinin özlərinin mənfi hüquqi nəticələrlə üzləşmələrinə gətirib çıxardır. Odur ki, maliyyə itkiləri, müvafiq inzibati məhdudiyyətlərlə üzləşməmələri, habelə, cinayət təqibinə məruz qalmamaları üçün, vergi ödəyicilərini vergi orqanlarının qanuni tələblərinə, xəbərdarlıqlarına diqqətli yanaşmağa və öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməyə çağırırıq.

Mənbə: vergiler.az

Yeni konsepsiya və məbləğlər: sərnişin sığortasında dəyişikliklər

Yeni konsepsiya və məbləğlər: sərnişin sığortasında dəyişikliklər

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankı sərnişinlərin fərdi qəza sığortası sahəsində təkmilləşdirmə aparmağı nəzərdə tutur. Hazırda bu istiqamətdə yeni konsepsiya hazırlanır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov məlumat verib. Onun sözlərinə görə, konsepsiya çərçivəsində sığorta şəhadətnamələrinin sayı qanunvericiliyin tələbindən irəli gələrək dəyişə bilər: “Sərnişinlərin icbari fərdi qəza sığortası əsasən şəhərlərarası və beynəlxalq daşımaları nəzərdə tutan bir sığorta növüdür. Burada əhatəliliyin artırılması və sığorta məbləğlərinə yenidən baxılması da bizim hədəfimizdədir. Konsepsiya hazır olduqdan sonra ictimaiyyətə bununla bağlı daha detallı açıqlamalar verəcəyik”.

Sərnişinlərin fərdi qəza sığortasında daxili daşımalar və beynəlxalq sərnişin daşımaları kimi 2 fərqli aspektin olduğunu deyən V.Qurbanov konsepsiyanın daha dolğun olması üçün beynəlxalq konvensiyalarda bu sığorta xidmətlərinin tətbiqi metodları və əldə edilmiş təcrübələrin dəyərləndirməsinə ehtiyac olduğunu vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə İcbari Sığorta Bürosu (İSB) aidiyyəti dövlət qurumları ilə bu sığorta növündə penetrasiyanın artırılması istiqamətində birgə müzakirələr apardıqlarını açıqlayıb. Sərnişinlərin icbari fərdi qəza sığortası ilə bağlı İSB-nin ayrıca yeni layihələr hazırladığı bildirilib (https://vergiler.az/news/article/38227.html). Hazırda sərnişinlərin icbari fərdi qəza sığortası üzrə şəhadətnamələrin sayı cəmi 199 ədəddir. Bu isə sərnişindaşımada istifadə edilən ümumi nəqliyyat vasitələrinin sayı ilə müqayisədə çox azdır.

Dövlət Statistika Komitəsinin hesabatlarına əsasən, 2026-cı ilin yanvar-mart aylarında 508,5 milyon sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz çoxdur. Sərnişinlərin 88,8 faizi avtomobil, 10,5 faizi metro, 0,5 faizi dəmir yolu, 0,2 faizi isə hava nəqliyyat vasitəsilə daşınıb. Avtomobil nəqliyyatı ilə daşınmış sərnişinlərin 95,7 faizi avtobus, 4,3 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Burada daxili sərnişin daşımaları da yer aldığı üçün rayonlararası və beynəlxalq sərnişindaşımalarının payını dəqiq demək mümkün deyil, ancaq kifayət qədər iri rəqəmlərin olduğu istisna edilmir. Müqayisə etdikdə isə cəmi 199 sığorta şəhadətnaməsinin alınması bu sahədə ciddi boşluqların olmasından xəbər verir.

Sığorta eksperti Emin Ağabağırov bildirib ki, qanunvericiliyə əsasən, istər quru nəqliyyatı ilə rayonlararası avtobuslarla, istərsə də dəmir yolu, hava və su nəqliyyatı vasitəsilə daşınan sərnişinlər icbari qaydada sığorta olunmalıdırlar: “Burada sığorta məbləğləri hansısa qəza zamanı sərnişinin aldığı xəsarətlərə müvafiq olaraq dəyişə bilir. Maksimum isə 5 min manat zərər ödənişi nəzərdə tutulub. Sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər məhz bu sığorta növünü əldə etməlidirlər. Artıq bununla bağlı şirkətlərə tələblər qoyulub. Bundan sonra sərnişinlərin fərdi qəza sığortası ilə bağlı sığorta şəhadətnamələrinin artacağını gözləyirik”.

İstənilən halda sığortalı daşımaların daha etibarlı olduğunu vurğulayan nəqliyyat eksperti Rauf Ağamirzəyev müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərin bu sığorta növünə təşviq edilməsini vacib sayıb: “Heç kim qəzadan sığortalanmayıb. Sığortalı olanda qəzanın nəticəsini yüngülləşdirmək, yaxud dəyən ziyanı qarşılamaq kimi üstünlük yaranır. Bunun üçün maarifləndirmə işləri aparılmalıdır. Sərnişinlərin sığortalanması daşıyıcıların da maraqlarına uyğun olmalıdır. Yükdaşıma şirkətlərində də eyni vəziyyət hökm sürür. Birgə müzakirələr və maarifləndirmə ilə vəziyyəti yaxşılaşdırmaq mümkündür”.

Yeri gəlmişkən, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqları qanunvericiliklə tənzimlənir. Hesablamalar nəqliyyatdakı oturacaqların sayına uyğun aparılır. 2011-ci ildə təsdiq edilmiş “Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqlarının məbləğinin hesablanması Qaydası”nın 1-ci bəndində bununla bağlı müvafiq rəqəmlər əksini tapıb. Sənəddə göstərilib ki, nəqliyyat vasitəsində olan bir sərnişin yeri üzrə illik sığorta haqqı məbləğləri, nəqliyyat vasitəsinin növündən asılı olaraq, aşağıdakı qaydada müəyyən edilir:

– Hava nəqliyyatı vasitələri üçün – 14 manat;

– Su nəqliyyatı vasitələri üçün – 5 manat;

– Dəmiryolu nəqliyyatı vasitələri üçün – 3 manat;

– Avtomobil nəqliyyatı vasitələri üçün – 6 manat.

Qaydanın 1.2-ci bəndinə əsasən, ümumi sığorta haqqını hesablamaq üçün nəqliyyat vasitəsindəki sərnişin yerlərinin sayı yuxarıda göstərilən müvafiq sığorta haqqına vurulur. Tutaq ki, rayonlararası sərnişin daşınması üzrə fəaliyyət göstərən avtobusda 44 oturacaq var. Avtomobil nəqliyyatı vasitələrində 1 oturacaq üçün 6 manat sığorta haqqı nəzərdə tutulub. Bu halda həmin avtobusun illik sərnişinlərin icbari fərdi qəza sığortası məbləği 264 manat olacaq:

44 x 6 = 264 manat.
150 nəfərlik təyyarə üçün bu rəqəm 2.100 manat təşkil edəcək:
150 x 14 = 2.100 manat.

Bunun müqabilində sərnişinlərə dəyən ziyana görə 1 nəfər üçün 5 min manat sığorta məbləği müəyyən edilib.

Mənbə: vergiler.az

Kriptovalyutadan əldə olunan gəlirlərin vergiyə cəlb olunma qaydası

1 26 27 28 29 30 31 32 2. 700